Yəqin ki hər birimiz nə vaxtsa evdə onların izinə düşmüş, onları ovlamağa çalışmışıq. Onları xüsusilə isti yay günlərində insanı bezikdirən vızıltı səslərindən tanıyırıq. Çox balaca olsalar da, uçarkən ani manevr qabiliyyətləri çox güclüdür və bizdən dəfələrlə cəld və sürətli hərəkət edirlər. Bizdən uzaq olmaları üçün hər yolu sınaqdan keçirir, qapı-pəncərələrə pərdə çəkirik. Ən sonda da görürsən, yenə də otaqda vızıltı səsləri ilə uçmağa davam edirlər. Bəli, söhbət həm saylarının, həm də növlərinin çoxluğu ilə diqqəti çəkən milçəklərdən gedir.
Milçəklərlə insanlar arasında o qədər soyuq münasibət formalaşıb ki, hətta onları öldürmək üçün xüsusi alətdən, “milçək öldürən”dən istifadə edirik. Milçəklərin gözündə biz olduqca ləng və yavaş hərəkət edən varlıqlarıq. Bizim ən cəld hərəkətlərimiz milçəklərin 360 dərəcəli görmə qabiliyyətinə sahib gözlərində sanki yavaşladılmış bir video görüntüsü kimi görünür. Buna görə də bizim onları öldürmək üçün hər həmləmizdən rahatlıqla yan keçə bilirlər. Ətrafındakı hər bir təhlükəli hərəkəti anında görür, yenə eyni surətdə analiz edir və özlərinə buna uyğun qaçış planı hazırlayır və uçurlar. Bunların hamısı eyni anda baş verir.
Ekosistemdə hər bir canlının öz yeri var. Heç bir canlı boş yerə yaradılmayıb. Bununla yanaşı Cənab Allah (c.c) hər bir canlı və hər bir heyvanla bağlı bizim içimizdə fərqli duyğu və hisslər yerləşdirib. Kimi heyvanı görəndə qorxu hissi keçirir, bəzilərini görəndə əlimizə alıb sığallamaq, ona sevgi və şəfqət göstərmək istəyir, bəzi heyvan və ya canlıları görəndə, yaxud səsini eşidəndə isə narahat olur, bəzən də iyrənirik. Bu yazıda bir Quran ayəsində biz insanlar üçün misal çəkilən milçəkdən bəhs etmək, bu balaca canlının ayədə məsəl verilməsi haqqında danışmaq istəyirəm…
Maddi nümunələr vasitəsilə mənəvi məsələlərin izahını vermək maddi sahədən mənəvi aləmə keçidi asanlaşdırır. Bu ayədə də maddi bir varlıq olan milçəkdən misal çəkilmiş, buradan mənəvi və etiqadi bir problem olan Uca Allaha (c.c) nəyi və ya kimlərisə ortaq qoşmanın nə qədər puç və boş bir əməl olduğu vurğulanmışdır: “Ey insanlar! Bir məsəl çəkildi. Elə isə onu dinləyin! Həqiqətən, Allahı qoyub dua etdiyiniz şeylər bir yerə yığışsalar da, bir milçək belə yarada bilməzlər. Əgər milçək onlardan bir şey alıb aparsa, onu geri ala bilməzlər. İstəyən də, istənilən də (müşriklər də, bütlər də) aciz qaldı” (Həcc, 22/73).
Yuxarıdakı ayədə Cənab Allah (c.c) batil tanrılara meydan oxuyur, hamısı bir araya gəlsələr belə, Allahın (c.c) yaratdığı bir maddədən istifadə etmədən heç vaxt milçək yarada bilməyəcəklərini söyləyir. Uca Allah (c.c) müşriklərə verdiyi nümunə ilə yaradılış hadisəsinə diqqət çəkir. İbadət edilən tanrı yaratmalı, yaratma qüdrətinə malik olmalı və yaratdığı bir şey olmalıdır. İbadətə layiq varlıq yoxdan varlıq yaratmalı və ona həyat verməlidir. Uca Allah (c.c) burada yaratdıqlarının ən kiçiklərindən olan milçəyi bir misal olaraq verir. Uca Allah bu ayələrdə milçəyi yarada bilməyən və milçəyin tutduqlarını geri ala bilməyən batil tanrılara ibadət etməyin nə qədər ağılsız bir əməl olduğunu bizə göstərir.
Ayənin davamı belədir: “Onlar Allahı layiqincə qiymətləndirə bilmədilər. Şübhəsiz ki, Allah çox qüvvətli və qüdrətlidir” (Həcc, 22/74). Yəni, onlar, zəiflikləri və acizlikləri üzündən milçəyə belə güc yetirə bilməyən bütlərə Allahla birlikdə ibadət etdikləri zaman Allahın qüdrətini və əzəmətini layiqincə qiymətləndirə bilmirdilər.
Təfsir alimlərindən Qurtubi yuxarıdakı ayəni şərh edərkən belə deyir: “Uca Allah (c.c) burada insanların onları ikrah hissi və əhəmiyyətsiz bir varlıq olaraq görmələri, insanlarla müqayisədə çox zəif olmaları, həmişə çirkli, pis və namətiz yerlərə qonmaları, həmçinin həddindən artıq çox olmaları səbəbilə məhz milçəkdən misal gətirmişdir. Milçək heyvanların ən zəifi və təbiətdə ən çox rast gəlinəni olduğu halda, müşriklərin Allahdan (c.c) başqa ibadət etdikləri bütlər bu milçəklərdən bir dənəsini belə yaratmağa, bu milçəklərdən gələcək zərərdən özlərini qorumağa qadir deyillər. Milçəklərin zəifliyinə, həqir görülmələrinə baxmayaraq milçək bütlərin üzərinə sürülən qoxulu maddələrdən bir şey alıb uçanda, onu milçəkdən geri ala bilməzlər. Xeyir umaraq bütə ibadət edənlər də, xeyir umulan bütlər də nə qədər acizdir”.
Bir milçəyi yaratmaq bir fili və ya dəvəni yaratmaq qədər mümkünsüzdür. Çünki digər canlılarda olduğu kimi milçək də özündə həyat sirrini ehtiva edir. Bu baxımdan Allahdan (c.c) başqa bir varlığın milçəyi yaratmasının qeyri-mümkünlüyü ilə dəvənin və ya fili yaratmasının mümkünsüzlüyü eynidir. Quranın üslub və ifadə tərzi nümunə olaraq kiçik, zəif milçəyi seçmişdir. Çünki bir milçəyi yarada bilməməyin verdiyi zillət və əziklik insanlara dəvə və ya fili yarada bilməməyin vediyi zillət və əziklikdən daha dərin və təsirlidir.
Ayədə xəbər verilir ki, insanların Allahı (c.c) bir kənara qoyub ibadət etdikləri və Allaha (c.c) ortaq qoşduqları batil məbudlar milçək kimi sadə bir canlını yarada bilməzlər. Bütün bu məbudlar bir-birinə kömək etmək üçün bir araya gəlsələr də, nəticə əldə edə bilməyəcəklər.
İbn Abbas bunları nəql edir: “Məkkə müşrikləri bütlərini zəfəranla boyayar, bütlərinin başlarına da bal sürtərdilər. Milçəklər içəri girə bilməsinlər deyə də hər yanı bağlayardılar. Ancaq milçəklər yenə də bir yol tapıb içəri girər, bütlərə sürülən bal və zəfəran qalıqlarını yeyərdilər. Həmçinin, bütpərəst ərəblər yemək hazırlayıb bütlərin qabağına qoyardılar və tezliklə milçəklər də o yeməyə gəlib yeyərdilər. Müşriklərin ibadət etdiyi bu ilahlarının önlərindəki yeməyə qonan milçəkləri dəf edə biləcək gücləri yox idi”.
Bəhs etdiyimiz Quran ayəsində Allahdan (c.c) başqa ibadət edilən ilah və ya məbudların bir milçəyi belə yaratmaqdan aciz olduqları, bir milçəyi belə dəf edə biləcək gücə sahib olmadıqları vurğulanmaqla yanaşı, Peyğəmbər (s.ə.s) kəlamında da günahlarla dolu fani dünyanın Allah (c.c) qatında bir ağcaqanad qədər dəyərsiz olduğu xəbər verilib: “Əgər dünya Allah (c.c) qatında ağcaqanadın qanadı qədər dəyərli olsaydı, Allah heç bir kafirə ondan bir qurtum belə su içməyə icazə verməzdi” (Tirmizi, Zühd 13).
Deməli hər bir şeyə dəyər verən, hər bir şeyin əsl dəyər ölçüsünü müəyyən edən Cənab Allahdır (c.c). Allah (c.c) qorusun, heykəllərə, bütlərə, daş parçalarına sitayiş edib, onlardan nəsə mədət ummaq nə qədər puç və boş bir əməldirsə, içərisində Allahın (c.c) rizasının olmadığı hər bir əməl də bir o qədər dəyərsiz və çürük bir toxum kimidir. Bu aspektdən həyata baxanda görürük ki, içində iman olmayan bir həyat, içində Allahın (c.c) razılığı olmayan bir əməl nə qədər də ucuz və dəyərsizdir. Gəlin ucuz şeylərin dalınca düşməyək. Həyatımızı və əməllərimizi dəyərli qılaq…
Qeyd: Quranda misal çəkilən digər həşərat və heyvanlar və burada anladılmaq istənən əsas məqamlar barədə aşağıdakı yazıları oxumaq olar:
1- Nə üçün ən pis səs eşşəyin səsidir?
2- Ağcaqanadlar harada təlim keçib sertifikat alıblar?
3- Nə üçün dişi hörümçəyin evi?
4- Qarışqaların dilini anlayan peyğəmbər – Həzrət Süleyman (ə.s)
5- “Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!”
6- Bal arısına Cənab Allahın (c.c.) “vəhy etməsi” nə mənaya gəlir?