NAZİM MUSTAFAYEV

Qubadlıda sərin havada söhbət…

Qubadlıda sərin havada söhbət…

NAZİM MUSTAFAYEV

Hovuzdakı fəvvarələri havaların isinməsi ilə əlaqədar təzəcə qoşmuşdular. Ya da ola bilsin ki, uzun müddət işlək olmayan bu fəvvarələr yenicə təmirdən çıxmışdı. Park aşağı dostumla gedərkən həm su şırıltısının səsi, həm də fəvvarələrin verdiyi sərinlik diqqətimizi çəkdi. Qərara gəldik ki, ayaq saxlayıb bir az hovuzun kənarındakı oturacaqlarda oturaq. Yaşlı bir dayının yanında yer tapdıq və icazə istəyib həmin oturacaqda biz də oturduq. Su səsi, əsən küləyin sərinliyi insanı valeh edirdi. Küləyin əsdiyi istiqamətə görə fəvvarələrin göyə sovurduğu su hovuz kənarında oturanları növbə ilə isladırdı. Bu minvalla bizə də bir neçə dəfə islanma növbəsi çatdı. Əslində üzü yaya doğru havaların isinməyə başladığı bu günlərdə küləyin gətirdiyi su damlacıqlarının elə də əhəmiyyəti yox idi.
Aramızda ordan-burdan söhbət edərkən bu yaşlı dayı ilə də hal-əhval tutmağa çalışdıq. Özü də söhbətcil adama oxşayırdı. Əslində bizim onunla dialoqumuz az əvvəl onsuz da başlamışdı. Salam vermiş, oturmaq üçün nəzakətən ondan icazə istəmişdik. Çox keçmədən sanki illərdir bir-birilərini tanıyan insanlar kimi bu yaşlı dayı ilə aramızda söhbət keçdi. Daha doğrusu o bizə Qubadlı günlərindən, Qubadlıda 45 yaşına qədər qurub tikdiyi ev-eşiyindən, bağ-bağçasından danışdı. Onu nəynənsə təsəlli etmək əlimizdə deyildi. Bəzən dinləmək də məlhəm yerinə keçər deyə biz sadəcə dinlədik.
Aradan 30 il keçmişdi. Bu yaşlı dayının ömrünün yarısı Qubadlıda, digər yarısı isə deyək ki, Sumqayıtda keçmişdi. Ancaq torpağa, doğma yurd-yuvaya bağlılıq necə bir hiss və duyğudursa, sanki dünən Qubadlıdan çıxıb gəlmiş kimi bizə oradan danışırdı. Bu dayı bizə həyətində öz əlləri ilə əkdiyi hər ağacı, hər dibçəyi, oradakı iş-gücünü, həyətdəki ev heyvanlarını, qəşəng kölgəsi olan üzüm talvarını danışmaqla sanki özünün oraya aid olduğunu deyirdi. 75 yaşı vardı. 30 il əvvəl Qubadlıda eləcə qoyub ayrılmaq məcburiyyətində qaldığı hər şeyi, bütün xatirələri sanki bir ekran kimi gözünün önünə gəlmiş, oradan da baxıb bizə danışırdı.
Bu yaşlı dayıdan keçmiş günlərin xatirələrini dinləyəndə sanki bir anlıq hovuzdakı fəvvarələrin su səsini eşitməz olduq. Yaşlı dayı elə danışırdı ki, sanki Sumqayıtda parkda hovuzun kənarında deyil, Qubadlıda bu dayının 30 il əvvəl tikib-qurduğu həyətində əsən küləyin sərin havasında oturmuşuq. Deyəsən vaxt gəlmişdi. Oynamaqdan yorulan dayının nəvələri babalarının yanına gəldilər. Bu yaşlı dayı da astaca yerindən durdu. Yavaş-yavaş nəvələri ilə birgə Sumqayıtda yaşadıqları səmtə doğru getdilər…
Həyat özü bağlanmaqdan, insanın özünü nəyəsə həsr etməsindən ibarətdir desək, hər halda yanılmarıq. Körpə hər cəhətdən tamamilə anasına bağlı şəkildə böyüyür. Uşaqlıq, yetkinlik dövründə də insan hansısa oyuncağa, əşyaya, başqa-başqa sevgilərə bağlanır. Gün gəlir insan uzun illər çalışdığı işə, yaşadığı kəndə və ya şəhərə özünü bağlı hiss edir. Sonra övlada bağlılıq, yaşadığı mühitə, təbiətə bağlılıq gəlir. Demək olar ki bu bağlılıqların ardı-arası kəsilmir. Elə məqam gəlir ki, insanın əlində hər cür imkanı olsa da (xüsusən vətəndən, ölkədən kənarda olarkən) illər əvvəl daddığı bir dilim paxlavanı özləyir, ona qarşı da bir bağlılıq hissi daşıyır. Unutmayaq ki, bağlılıq olan yerdə ayrılıq da var.
Yuxarıda sadəcə bir misal verdim. Yenə Qubadlıdan olan yüzlərcə belə yaşlı dayı ilə danışmaq olar ki, onlar da eynilə bizi söhbətlərində Qubadlının sərin mehinə, dağına, dərəsinə aparacaqlar. Hətta burada yeri gələndə, söhbət sadəcə Qubadlıdan da getmir. Dünyada neçə insan varsa, bir o qədər də bağlanma hekayəsi və buna paralel bir o qədər də real və ya potensial ayrılıq acısı var.
Hətta Mövlana Cəlaləddin Rumi ney alətindən çıxan səsi qamışlıqdan qoparılan qamışın vətən həsrətilə dolu bir inilti səsinə bənzədir. Hər nə qədər bir qamış çubuğu bir çox mərhələdən keçərək, usta əllərində işlənərək bir ney aləti halına gəlsə də o yenə də o əsl vətənini, aid olduğu yeri özləyir və bu səbəbə görə “inləyir”.
Dini ədəbiyyatda “əsli vətən” və “keçici vətən” terminlərinə rast gəlirik. Bu əsasən səfərilikdə ibadətlərin yerinə yetirilməsi ilə bağlı gündəmə gələn terminlərdir. “Əsli vətən” həm də ilk gəldiyimiz, ruhən ilk var olduğumuz və bir gün yenə ora dönəcəyimiz məqamın adıdır. Sonda onu da deyək ki, bu həyat elə öz-özlüyündə səfərilikdən ibarətdir. Bu həyatda hamımız bir mənada yolçularıq. “Əsli vətən”dən gəldik, yenə o “əsli vətən”ə qayıdacağıq….
Nazim Mustafayev

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top