NAZİM MUSTAFAYEV

Arxeologiya bizə həm də nəyi anladır?

Arxeologiya bizə həm də nəyi anladır?

NAZİM MUSTAFAYEV
“Arxeoloji tapıntılara görə”, “arxeoloji məlumatların işığında”, “arxeoloji bilgilər əsasında”, “tarixi və arxeoloji sənədlərə görə” və s. bu və buna bənzər başlıqlarda onlarca, yüzlərcə arxeologiya sahəsində elmi işlər və məqalələr qələmə alınmışdır. Bu məqalə və ya elmi işlərin hər biri tarixin dərinliklərində itib batan müxtəlif mədəniyyətlərə, şəhərlərə, memarlıq əsərlərinə, bu və ya digər əşyalara aid məlumatları öyrənməmizə köməklik edir, bizə yol göstərirlər. Sözügedən bu məqalələrin hər birini tək-tək oxumağa çalışsaq ortaq bir cəhət, ortaq bir məna ilə qarşılaşacağıq. Bu yazıda həmin o ortaq cəhət və ortaq məqamdan söhbət açmağa çalışacam… Görəsən bu ortaq cəhət bizə həm də nəyi anladır?
Gəlin əvvəla arxeologiya elminə verilmiş bəzi təriflərə nəzər salaq: “Arxeologiya insanı bəşər tarixinin dərinliklərinə aparan, o dövrlərə aid müxtəlif insan əsərlərini araşdırıb işıqlandırmağa çalışan bir elm sahəsidir”. Diqqət etdinizsə, burada məhz bəşər tarixindən və bir insan əsərindən söhbət gedir. Arxeologiya elminə verilən başqa bir tərif isə belədir: “Arxeologiya sosiologiya, coğrafiya, tarix və etnologiya kimi bir çox elmdən istifadə edərək arxeoloji üsullarla üzə çıxarılan mədəniyyətləri araşdıran bir elm sahəsidir”. Burada da yenə mədəniyyətlərin araşdırılmasından, yəni insan amilindən söhbət açılır. Digər bir tərifdə isə belə deyilir: “Arxeologiya elmi qədim mədəniyyətləri insan təfəkkürünün məhsulu olan əsərlər, alət və materiallar, məişət əşyaları, sənət əsərləri və s. kimi maddi dəlillər vasitəsilə araşdırmağı qarşısına məqsəd qoyan bir elmdir”. Sonuncu tərifdə də yenə insan təfəkkürünün məhsulu olan əsərlərə vurğu var.
Düzdür arxeologiya elminin digər müxtəlif elm sahələri ilə əlaqəsi vardır. Ancaq söhbət arxeologiyadan gedəndə burada söhbətin məhz insan üzərində qurulduğunu görürük. Arxeologiya elminin köməkliyi ilə tarixən yaşamış insanların qoyub getdikləri bu və ya digər əsərlər, əşyalar, tikililər ilə bir mənada biz onların dünyasına “səyahət etməyə” çalışırıq. Yazının başında qeyd etdiyim ortaq cəhət məhz bu məqamdır. Yəni, arxeologiyanın məhz insan təfəkkürünün məhsulu olan şeylərlə məşğul olmasıdır.
Bir sözlə arxeologiya çox qədimlərə gedib çıxan, basdırılmış, atılmış, yaxud tərk edilmiş insan əməyinin məhsulu hər şeyi əhatə edir. Buraya sadədən mürəkkəbə qədər hər bir aləti, ev, məbəd, məzar, saray və nəhəng piramidaları daxil etmək olar.
Gəlin sual verək… Arxeoloqlar dinozavrları öyrənirlərmi? Bir sözlə, yox. Dinozavr sümüklərini (və ya fosillərini) öyrənən elm adamları paleontoloqlardır. Paleontologiya fosillərə əsaslanaraq yerdəki həyatın tarixini öyrənir. Buraya dinozavrlar, digər qədim heyvanlar, bitkilər və hətta bakteriyalar daxildir. Fiziki qalıqları həm qazmaq, həm də öyrənmək baxımından paleontoloqlarla arxeoloqlar arasında ortaq cəhətlər olsa da, əsas fərq arxeoloqların insan keçmişini öyrənmələridir. Əgər dinozavr sümükləri insanlar tərəfindən hansısa şəkildə istifadə olunubsa, insan tarixini anlamaq istəyən arxeoloqlar üçün elmin bu sahəsi də faydalı ola bilər.
Arxeoloji qazıntılar zamanı sadə bir iynə tapsaq, bunun bir ağıl və zəka sahibi insana dəlalət etdiyini söyləyərik. Çünki ən bəsit bir iynə belə onu düzəldib ərsəyə gətirən zəka sahibi insandan, onun əməyindən və bu iynəni düzəltmə məqsədindən xəbər verir. Arxeoloji qazıntılarda yeri gələndə tam funksiyasını, nə üçün və harada istifadə edildiyini anlaya bilmədiyimiz bir alətlə də qarşılaşa bilərik. Bu zaman da yarı hissəsi günümüzə qədər gəlib çatmış həmin o qədim tarixə sahib məişət əşyası bizi yenə şüurlu bir varlığa, onu məqsədli bir formada ərsəyə gətirən insana aparacaq, tarixin dərinliklərindəki o insanla bizi “görüşdürəcəkdir”. Həmçinin tonlarca ağırlıqda milyonlarca daşın təsadüfən bir araya gələrək piramidaları əmələ gətirə bilməyəcəyinə qane olur, əsərdən müəssirə keçid edərək burada bir mədəniyyətin var olduğunu deyirik.
Əsərdən müəssirə getmə, yaxud sənətə baxıb sənətkarın varlığını anlama metodundan biz insanlar həm arxeologiya sahəsində, həm də həyatın bu və ya digər sahələrində ağılın iş prinsipi kimi istifadə edirik. Yəni belə bir metod insana bəllidir. Bu həm də doğrunu və həqiqəti əldə etmək üçün insana verilmiş əqli və məntiqi bir yoldur. Üzərində azacıq belə olsa şüurlu bir varlığa dəlalət edən bir işarə, bir əmarə olan hər hansı bir əşya, bir iynə belə tapdıqda həmən əsərdən müəssirə keçid edir, dərhal sənətdən sənətkara aparan yolla o iynəni düzəldən ağlı, onun düşüncə dünyasını, bunu edərkən qarşısına qoyduğu məqdəsi və s. öyrənməyə çalışıq.
Hərçənd əsərdən müəssirə, sənətdən sənətkara keçid etmə bacarığı insana məhz əsl Sənətkara (c.c.) qovuşmaq, Onu (c.c.) bilmək, Onu (c.c.) tapmaq üçün verilmişdir. Ancaq kimi zaman bu məqam bilərək və ya bilməyərək unudulur və ya gözardı edilir. Bir iynənin, bir kitabənin, bir qala divarının izinə düşərək böyük bir mədəniyyəti kəşf edib ortaya çıxarırıq. Bəs görəsən, hər bir bitki, ətrafımızda gördüyümüz hər bir canlı, hətta bütün kainat öz-özlüyündə bir sənət əsəri deyilmi?! Belə olan halda üfüqi (horizontal) formada əsərdən müəssirə doğru etdiyimiz keçidləri gəlin bir də şaquli (vertikal) formada edək.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top