NAZİM MUSTAFAYEV

“Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!”

“Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!”

NAZİM MUSTAFAYEV

Bir İslam alimi belə demişdir: “Dini həyatı folklor halına gətirmək, düşünmək və təfəkkür kimi zəngin və dəyərli bir xəzinəni ülfət halına gətirmək ən böyük təhlükələrdən biridir”.
Ülfət insanın bir şeyə qarşı vərdiş qazanması, sağında, solunda, önündə və ya arxasında gördüyü çox orijinal və ecazkar şeylərə biganə və laqeyd qalmasıdır. İnsan bir məsələ ilə bağlı əvvəlcə həyəcanlansa da, ülfət mərəzinə yaxalandıqdan sonra lazım olan baxış dərinliyini itirir, zaman keçdikcə bu həyəcanından əsər əlamər qalmır, nəticədə ən ciddi məsələlər belə onun gözündə maraqsız və mənasız hala gəlir. Bu mənada ülfəti bəşər övladının başına gələn böyük bir bəla adlandırmaq da olar. Bu vəziyyətə düşən insan ətrafda baş verən hadisələrə, kainat kitabındakı gözəlliklərə qarşı mənəvi korluq yaşayar.
Əslində bu yazının mövzusu öz-özlüyündə ülfətlə bağlı deyil. Yazı başlığındakı “Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!” (Ğaşiyə, 88/17) ayəsini oxuyanda ağılıma istər-istəməz bu ülfət məsələsi gəldi. Bəli, insan oğlu ülfətə düşəndə, gözünün önünə qəflət pərdəsi enəndə hər şey ona adiləşir. Haqqında danışacağımız bu və digər ayələr məhz insanı ülfətə düşməkdən, qəflət yaşamaqdan qoruyan, insanı düşünmə və təfəkkürə sövq edən ayələrdir. Burada düşünmək və təfəkkür etmək deyərkən, bu varlıq aləmindəki hər şeyi, bütün əşya və varlıqları Allah (c.c) adına, Onun (c.c) isim və sifətlərinə ayna olmaq yönü ilə təfəkkür etməkdən söhbət getdiyi söyləmək istəyirəm…
Bəzən aşağıda haqqında danışacağımız dəvə və ya digər heyvanlar haqqında səhifələrcə bilgi və məlumat oxuyursan, bunların müxtəlif xüsusiyyətləri haqqında yazılmış elmi məqalələrə nəzər yetirirsən, ancaq heç birində bir dənə olsa Allah (c.c) kəlməsinə rast gəlmirsən. Bu da bağdan danışıb, bağın meyvələrindən istifadə edib bağbanı heç yada salmamaq kimi bir mənaya gəlir. Sanki bu canlıların, bu varlıqların hər birinə saymaqla qurtarmayan bu xüsusiyyətləri onlara “təbiət ana” verib! Bu nə deməkdirsə? Ya da ki sanki bütün canlılar öz-özlüyündə külli-ixtiyar sahibidirlər və hər bir xüsusiyyətlərini məhz özləri “düşünərək”, “fikirləşərək” hələ dünyaya gəlmədən əvvəl yaşayacaqları mühitə uyğun olaraq əldə edib və özləri ilə bu dünyaya gətiriblər!
Hərçənd, fil cüssə olaraq dəvədən daha böyükdür və onun yaradılmasında da insanı düşünmə və təfəkkürə sövq edəcək məqamlar var. Ancaq Quran ayələrinin nazil olduğu dövrdə fil ilk müsəlmanların həyatından, gözlərindən uzaq idi. Bir sözlə, ərəblər həm fili tanımır, həm də dəvə ilə müqayisədə fildən kifayət qədər fayda götürmürdülər. Fillər minik olaraq dəvələr qədər istifadəli deyil, əti yeyilməz və südü içilməzdi. Dəvə isə vəhyin nazil olduğu Məkkə və Mədinə kimi şəhərlərdə, ümumiyyətlə ərəbistan yarımadasında bir ərəbin əsas mal varlığı, həyatlarının bir parçası idi. Bu baxımdan Cənab Allah (c.c) məhz insanların gözündə ülfət halına gələn, bəlkə də adiləşən dəvənin yaradılışına nəzər yetirməyə çağırır: “Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!” (Ğaşiyə, 88/17).
Həmçinin dəvə yerinə misal üçün ayədə bu gün belə bizim bilmədiyimiz hansısa dəniz canlısı da misal verilə bilərdi. Əlbəttə hər bir canlıda müxtəlif yaradılış hikmətləri, insanda heyranlıq doğuran xariqələr, qeyri-adi xüsusiyyətlər var. Ancaq insanların həyatından uzaq və insanların xəbərsiz olduğu bir misalın verilməsi o qədər də faydalı olmazdı. Ayədə isə məhz insanların da çox yaxşı bildiyi bir canlıdan, bir dəvədən misal çəkilmişdir: “Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!” (Ğaşiyə, 88/17).
Bu ayədə başqa heyvanın deyil, məhz dəvənin adının zikr edilməsi xüsusən vəhyin ilk endiyi dövrün insanına ən yaxın heyvan olduğuna görədir. Cənab Allah (c.c) səhra şəraitində yaşayan insanların xidmətinə dəvəni verərək onlara qüdrətinin və sənətinin üstünlüyünü göstərmişdir.
Ərəblərin malları arasında ən qiymətlisi dəvə idi. Dəvə önünə atılan hər şey yeyir, əvəzində isə süd verirdi. Böyük cüssəli olmasına baxmayaraq ağır yükləri daşımaqda sahibinə qarşı itaətkar idi. Onu balaca bir uşaq belə cilovundan tutub istədiyi yerə apara bilirdi. Bu xüsusiyyətlərinə görə dəvə digər heyvanlardan üstün sayılırdı. Bundan əlavə, digər heyvanlar bəzək və ya minmək üçün, yük daşımaq, südündən və ya ətindən faydalanmaq üçün bəslənilir. Ancaq dəvədə bunların hamısı bir yerdədir. Bir tərəfdən sağılır və ondan çoxlu süd əldə edilir, digər tərəfdən ağır yüklər yüklənərək uzun yollar qət edilir, günlərlə susuzluğa dözür, həmçinin heyvanı kəsəndə ondan böyük miqdarda ət əldə edilirdi.
Çətin səhra şəraitində bu və ya digər heyvanın yaşamasının nə qədər çətin olduğunu anlamaq olar. Ancaq dəvə belində iki yüz kiloqram çəki ilə bu çətin coğrafiyada günlərlə heç nə yemədən, içmədən rahatlıqla səyahət edə bilir. Ağız və dodaq quruluşu iti tikanları belə yeyə biləcək bir quruluşdadır. Dəvənin gözlərində iki qat kirpik olması dəvəni şiddətli qum fırtınalarından qoruyur. Dəvənin burnunda olan quruluş sayəsində havadakı nəmi bədənə daxil etmədən saxlaya bilir. Səhrada qum fırtınalarına qarşı burun dəliklərini bağlaya bilir. Ayaqları səhranın istisindən təsirlənmədən və quma batmadan irəliləməyə imkan verir. Dəvənin bu və digər xüsusiyyətlərini bir araya gətirəndə görürük ki, başqa heyvanlar başqa coğrafi mühitlərə uyğun yaradıldığı kimi dəvə də səhra mühitinə uyğun bioloji quruluşda yaradılmışdır.
Dəvədən böyük faydalar əldə edilsə də, saxlanması üçün az məsrəf tələb olunur. Onu bəsləmək asandır və saxlanması üçün cüzi əmək sərf etmək kifayət edir. Dəvə əhliləşmiş heyvanlar arasında aclığa, susuzluğa, ağır çalışma şəraitinə ən dözümlü heyvandır.
Bundan əlavə, dəvəyə aşağı çökmüş halda olanda minmək və yük yükləmək olur və bu halda ikən heyvan ayağa qalxa bilirdi. Digər heyvanlarda bu xüsusiyyət yox idi. Dəvə səhradakı hər bitkini yeyirdi. Ancaq digər heyvanlar hər bitkini yemirdilər. Bir sözlə dəvə bir ərəbin əli-ayağı, və səhra gəmisi idi. Düzdür İslamın gəldiyi ilk dövrlərdə ilk müsəlmanların və ya ümumiyyətlərin ərəblərin hər birinin dəvəyə sahib olduğunu, dəvə sürülərinə malik olduqlarını demək olmazdı. Bu minvalla dəvə həm də çox qiymətli bir heyvan idi.
Sahibi yanında olmadan səhrada yem axtaran dəvə 15-16 km məsafə qət etdikdən sonra saxlanıldığı yerə qayıtmaqda çətinlik çəkmir. Səhrada yaşayan bədəvinin həyatını dəvəsiz təsəvvür etmək mümkün deyil. Dəvə bir ərəbin həyatında o qədər önəmə sahibdir ki, hər cəhətdən həyat və məişətin bir parçası olan dəvənin ölməsi ərəblər üçün böyük faciə idi. Dilimizdə də çox şeydən məhrum qalmış bir adama “dəvəsi ölmüş ərəb” ifadəsi işlədilir.
Bütün məxluqat Allahın (c.c) vaqlığına dəlil olması baxımından bərabərdirlər. Quran ayələrində bu məxluqatdan sadəcə dəvə, arı, ağcaqanad və s. kimi bir neçəsinin adı çəkilsə də bunların timsalında bütün məxluqatın da eyni dərəcədə Allahın (c.c) varlığına bir dəlil olduqlarını deyə bilərik. Məxluqatın növü və ümum sayı həddindən artıq çox olduğu üçün bunların hamısının tək-tək Allahın (c.c) varlığına dəlil olaraq Quranda yer alması mümkün deyildi. Bu səbəblə biz, Quranın verdiyi baxış bucağı ilə hər bir canlının yaradılış keyfiyyətinə, yaradılışdakı hikmətlərə, bunun da fövqündə Uca Yaradanın (c.c) yaratma sənətinə bu canlılar vasitəsilə baxa bilərik…

Qeyd: Quranda misal çəkilən digər həşərat və heyvanlar və burada anladılmaq istənən əsas məqamlar barədə aşağıdakı yazıları oxumaq olar:
1- Ağcaqanadlar harada təlim keçib sertifikat alıblar?
2- Nə üçün ən pis səs eşşəyin səsidir?
3- Quranda milçəyin misal çəkilməsinin səbəbi nədir?
4- Nə üçün dişi hörümçəyin evi?
5- Qarışqaların dilini anlayan peyğəmbər – Həzrət Süleyman (ə.s)
6- Bal arısına Cənab Allahın (c.c.) “vəhy etməsi” nə mənaya gəlir?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top