NAZİM MUSTAFAYEV

“Dörd-beş şirkətim var, taksidə işləyirəm”

“Dörd-beş şirkətim var, taksidə işləyirəm”

NAZİM MUSTAFAYEV

Məlum məsələdir ki, bir qisim insanlar benzin pulunu çıxarmaq üçün səhər evdən işə gedərkən, ya da işdən evə qayıdarkən yoldan eyni istiqamətə gedən başqa sərnişinlər də götürürlər. Artıq həm sürücülər, həm də sərnişinlər bilirlər ki, hansı istiqamətə gedən taksilər və ya “yol maşınları” hansı yerdə dayanırlar. Bir də “yol maşınları”ndan başqa ümumiyyətlə işi taksi fəaliyyəti olan insanlar da var.
Keçənlərdə bir taksiyə minmişdim. Yol boyu ordan-burdan söhbət açılanda mən də soruşası oldum ki, “yol maşını”san, yoxsa ümumiyyətlə taksi fəaliyyəti ilə məşğul olursan? Sürücünün cavabı belə oldu: “Dörd-beş şirkətim var, taksidə işləyirəm”. Bu sözlər açığı məni bir az düşündürdü. Sanki ortada bir az paradoks var idi. Nə bilim, adamın dörd-beş şirkəti ola, ancaq günün bu istisində, şəhərin bu tıxacında taksidə işləyə. Dörd-beş şirkəti olan taksidə işləyə bilərmi? Əlbəttə işləyə bilər. Ya da işləyər-işləməz öz işidir. Ancaq sürücünün cavabı nəsə əskik idi, tam deyildi, ya da mən yanlış anlamışdım. Əlavə olaraq soruşdum ki, “Bu şirkətlərdə nə ilə məşğul olursunuz, hansı sahə üzrə fəaliyyət göstərirsiniz?” Adamın ikinci cavabı belə idi: “Nə ki, şirkətlər var hamısına yazılmışam da. Bütün taksi şirkətlərinə yazılmışam. Hamısı ilə işləyirəm, hər gün 14-15 saat ruldayam”. Məgər sürücü qeydiyyatdan keçdiyi taksi şirkətlərinin sayını deyirmiş.
Dəfələrlə xəbərlərdə oxumuşuq, ya da elə şəhərdə görmüşük... Üzərində hansısa fərqli taksi şirkətlərinin loqosu olan iki maşın toqquşub, qəza törədib. Nə üçün məhz taksi fəaliyyəti ilə məşğul olan iki maşın toqquşub? Ya da hansısa taksi sifarişi edəndə gələn sürücünün çox yorğun, bəzən çox gərgin, hətta çox əsəbi olduğunu görürük. Nə üçün taksi sürücüləri çox yorğun olurlar? Ya da taksi sürücülərinin bu qədər qəza törətmələrində gündəlik 14-15 saatlıq iş rejimlərinin təsiri varmı?
Sükan arxasında hər gün 14-15 saat maşın idarə edən şəxsin bu vəziyyəti həm özü, həm o maşına minən sərnişinlər, həm də lap elə o səkidə gedən insanlar üçün təhlükə deyilmi? Əgər bu vəziyyət hər cəhətdən təhlükədirsə, bəs nə üçün taksi sürücülərinin fəaliyyəti gündəlik 8-9 saatla məhdudlaşdırılmır? Bu, texniki olaraq mümkündürmü? Bəli, mümkündür. İstənilən taksi şirkəti hər bir sürücü üçün 8-9 saatlıq vaxt limiti müəyyən edə bilər. Ya da bu və ya digər yollarla sürücülərin bu vaxt (iş saatı) məsələsi tənzimlənə bilər. Praktiki olaraq isə heç bir taksi şirkəti sürücülərin, sərnişinlərin, hətta piyadaların təhlükəsizliyini düşünərək bu məsələyə əl atmır. Ümumiyyətlə, bu məsələ onların marağında deyil.
Gündəlik 14-15 saat taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin, özünün, idarə etdiyi avtomobilinin ehtiyaclarını qarşılaya bilməyən bir sürücü eyni taksi fəaliyyəti ilə bu dəfə gündəlik 8-9 saat məşğul olmaqla bu ehtiyaclarını qarşılaya biləcəkmi? Əlbəttə, xeyr.
Belə bir təhlükənin varlığını görür və bilirik. Ancaq məsələnin həlli nə taksi sürücülərində, nə də taksi şirkətlərindədir. Bəlkə bir az qəribə səslənə bilər. Hətta: “Bu da haradan çıxdı?” deyə bilərsiniz. Zənnimcə, problemin kökünü parkları, küçələri təmizləyən bir kommunal işçisinin aylıq maaşının 350-400 azn olmasında, akademiyada işləyən bir alimin, bir müəllimin, bir tibb işçisinin aylıq 600-700 azn maaş almasında, pensiyaların orta hesabla ən yaxşı halda 300-400 azn olmasında axtarmalıyıq. Çünki əsas xalq budur. Taksiləri dolandıran məhz bu xalqdır. Xalqın əli qıt olduqdan sonra ən yaxın gedişi 6-7 azn olan taksiyə insanlar necə minəcəklər? Bu qiymətlər taksilərin haqqıdırmı? Bəli, haqqıdır. Onlar ancaq bu qiymətlərlə özlərini dolandıra bilərlər. Belə olan halda, 8-9 saat işləməklə ehtiyaclarını qarşılayan taksi sürücüsü sabahkı, o biri günkü vaxtından oğurlayaraq gündəlik 14-15 saat sükan arxasında işləməz. Ancaq yenə dediyim kimi (fizikadakı birləşmiş qablar qanununda olduğu kimi) gərək xalqın səviyyəsi, alıcılıq qabiliyyəti yuxarı olsun ki, bundan da təbii olaraq taksi sürücüləri də, digər sahələr də bəhrələnsin. Sözün özü, gərək xalqın gəliri, aldığı maaşı, günü-güzəranı yaxşı olsun ki, o da layiq olduğu qiyməti taksilərə versin. Axı, layiq olduğu məbləği hələ özü almır!
Misal üçün təkcə bir məkanı ələ alaq. 20 Yanvar dairəsi deyilən yerdən Xırdalan, Masazır və Sumqayıt istiqamətinə sərnişin daşıyan haradasa bir taksi ordusu formalaşıb. 20 Yanvardan aşağıya, 3-cü mikrorayon dairəsinə düşək, orada da onlarla, yüzlərlə taksi gün ərzində müxtəlif rayonlara sərnişin yığır. Bu qədər taksi ordusunun ortaya çıxmasında hansı amillər rol oynayır? Burada tətikləyici qüvvə, əsas səbəb nədir? (Bu ayrıca bir mövzu olaraq işlənə bilər). Hər halda çoxları bunun cavabını rahatlıqla verə bilər: işsizlik, iş yerlərinin olmaması.
Hə, bu arada yazının haradasa sonuna gəldim. Ancaq ictimai nəqliyyatdan heç söhbət açmadım. O gün axşam saat 22:00-dan etibarən tam bir saat gedəcəyimiz istiqamətə 199, 7A, 7B və 67 nömrəli avtobusları gözlədik. Bunlardan hər hansı biri bizi mənzil başına çatdıra bilərdi. Ancaq heç biri gəlib çıxmadı. Axırda digər gözləyənlər kimi yorulub taksi çağırdıq. 0.40 qəpiklik yola orada gözləyənlərin hər biri təxminən 3-4 manat verərək ayrı-ayrılıqda mənzil başına çatdılar.
 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top