Quran ayələrində sosial çürümə və mənəvi yozlaşmadan bəhs edilir. Çürümə, pozulub xarab olma yalnız ərzaqlarda, meyvə-tərəvəzdə baş vermir. Bu prorses cəmiyyətdə, sosial quruluşlarda da baş verir.
Quranda “mələ” adı verilən bu kəslər həyatın yalnız bu dünyadan ibarət olduğunu düşünən, doğruluq, ədalət kimi məfhumları ruhuna hopdura bilməmiş kəslərdir. Bu insanlar özləri kimi bir bəşər olan peyğəmbərə tabe olmağı başa düşə bilmirdilər. Halbuki xalq kütləsindən özlərinə itaət etmələrini, bütün işlərində onlara tabe olmalarını istəyirdilər.
Nuh peyğəmbərin (a.s.) qövmündəki əyan-əşraf xalq kütləsinə belə deyirdi: “Bu (Nuh) sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?) Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. (Muminun, 23/33-34). Bu sözlər Həzrət Nuha iman etmiş kəslər üçün təhdid xarakteri daşıyırdı.
Allahın elçiləri ən çox bu zümrə ilə mübarizə aparmışdır.
Həzrət Nuhun (a.s.) qövmündəki bu aristokrat təbəqə haqq peyğəmbərə belə deyirdi: “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!” (Əraf, 7/60). Əgər Həzrət Nuhun (a.s.) gətirdiyi haqq və ədalət o cəmiyyətdə bərqərar olsaydı, o zümrənin gəlir mənbələri kəsiləcək, əvvəlki həyat tərzlərini davam etdirə bilməyəcəkdilər. Bu səbəblə onlar belə deyirdilər. Eyni bu tendesiyanın Həzrət Peyğəmbərimiz (s.ə.s.) və Məkkə müşrikləri arasında yaşandığını görürük.
Bir cəmiyyətdə hər kəs haqq yoldan uzaqlaşanda o cəmiyyətdə dəyər ölçüləri də dəyişir.
Həzrət Hud peyğəmbərin qövmündəki “mələ” qrupu da Ona belə deyirdi: “(Ey Hud!) Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” (Əraf, 7/66). Bəli. Cəmiyyətdə səfehlər, yalançılar çoxalanda kimin səfeh kimin ağıllı, kimin yalançı, kimin doğru danışdığı bir-birinə qarışır.
Həzrət Musanın (ə.s.) dövründəki Misirin əyan-əşrafı yeri gələndə Firona söz keçirə bilən bir qrup idi. Həzrət Musanı xalq arasındakı yüzlərcə sehrbazdan biri kimi tanıtmağa cəhd edən də bu zümrə idi. İllər əvvəl Misirdə Həzrət Musanın ölüm fərmanını verən, bu səbəblə Həzrət Musanın Misirdən ayrılaraq Mədyənə hicrət etməsinə səbəb olan da məhz bunlar idi (Qəsas, 28/20).
“Mələ” qrupunun vəzifəsi liderin nüfuzunu zəiflədəcək hər bir addıma qarşı çarələr tapmaq, məsləhət və təkliflərlə gəlmək idi.
Həzrət Musanın (ə.s.) möcüzələri qarşısında çaşıb qalan Firona bu “mələ” qrupu məsləhət və təkliflər verir, öz vəzifələrinin öhdəsindən layiqilə gəlməyə çalışırdılar! Həzrət Musa və qardaşını sarayda gözlətmək, bütün şəhərlərə çaparlar göndərərək sehrbazları saraya dəvət etmək fikrini bu “mələ” qrupu vermişdi. Firon da bu məsləhəti dinləmiş, Misirdəki bütün serhbazları toplayaraq onlardan kömək istəmişdi (Əraf, 7/111-112).
Həm Firon, həm də ətrafındakı “mələ” qrupu Həzrət Musanın sehrbaz deyil, Allah tərəfindən göndərilmiş peyğəmbər olduğunu bilirdilər. Ancaq Həzrət Musanın gətirdiyi buyruqlara iman etməyin gətirəcəyi məsuliyyətdən qaçmağı lazım bilirdilər! Firon və “mələ” qrupunun Həzrət Musaya bir tərəfdən sehrbaz deməsi, bir tərəfdən də “krallığımı ələ keçirmək istəyir” deməsi onun təzad içərisində olduğunu göstərir. Onlar qəti olaraq bilirdilər ki, o günə qədər heç bir sehrbaz sehrin gücü ilə bir ölkə və ya məmləkəti ələ keçirməyib. Sehrbazların işi xalqın gözünü boyamaq, mükafat ala bilmək üçün Fironun ayağını öpməkdən ibarət idi.
Görəsən, nə üçün xalqın içərisindəki bu əyan-əşraf, “mələ” qrupu peyğəmbərləri tanımaqda, onlara iman etməkdə bu qədər çətinlik çəkirdilər? Nə üçün bu yoxuşu aşa bilmirdilər?
Ümumiyyətlə bütün Peyğəmbərlərin tərəfdarları yoxsul xalq arasından çıxmışdır. Yoxsul xalqın təbii halını lüks həyat, özünü bəyənmək, başqalarına üstdən aşağı baxmaq kimi hallar pozmamışdır. Şəxsi mənfəətlər, göz qamaşdıran dəbdəbəli həyat onların ilahi çağrıya müsbət cavab verməyinə mane deyildi. Uca Allaha (c.c.) iman etdikləri təqdirdə itirəcəkləri heç bir sosial mövqeləri yox idi.
Əyan-əşraf təbəqəsi peyğəmbərlərin xalq üzərində müsbət təsir meydana gətirəcəyini çox yaxşı başa düşürdü. Bu təsiri qırmaq üçün “tədbir” görürdülər. Mədyən şəhərinin əyan-əşrafı da xalqı bu cür təhdid edirdi: “ (Ey əhali!) Əgər Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!” (Əraf, 7/90). Onlar sanki belə deyirdilər: “Şüeybin bizə gətirdiyi doğruluq, gözəl əxlaq, yaxşılıq kimi xüsusiyyətləri ticarətdə, alqı-satqıda əsas meyar kimi qəbul etsək məhv olarıq”.
Onlara görə insanlara zülm etmədən, insanların haqqını yemədən, pul qazanmaq yüksəlmək, inkişaf etmək mümkün deyil! Bəli… Yalan, əxlaqsızlıq, aldatmaq və hiylə kimi yollara əl atmadan iş görməyi, ticarətlə məşğul olmağı qeyri-mümkün hesab edən cəmiyyətlər mənən çürümüş, iflas etmiş cəmiyyətlərdir.
Nəticə olaraq deyək ki, bütün peyğəmbərlərin dövründə bu “mələ” qrupu olmuşdur. İslamın zühur etdiyi Məkkə dövründə bu “mələ” qrupunu Qureyş qəbiləsinin əyan-əşrafı təmsil edirdi. Demək olar ki, bu zümrənin şübhələri eyni şübhələr, ittihamlar da eyni ittihamlardır. Ancaq heç bir “mələ” qrupu bu mübarizədə qalib gəlməmişdir. Baharın gəlişinə, günəşin doğuşuna əngəl olmaq mümkün deyildi.
NAZİM MUSTAFAYEV
“Əyan-əşraf” və onların etdikləri