Bu yazıda Quranın bir surəsinin ümumi məzmununa nəzər salmaq, bizə hansı həqiqətləri xəbər verdiyindən söhbət açmaq istəyirəm.
Quranı başa düşmədən orijinalından oxumaq insana böyük hüzur və rahatlıq verir. Başa düşülmədən oxunan Quranın, nəzmi, musiqisi və ahəngi belə insanı valeh edir. Bu zaman ortaya bir sıra suallar çıxır... Görəsən, Quranı başa düşərək oxumaq insana hansı həqiqətləri bəxş edər? Bizi nələrdən agah edər? İnsana nələri xatırladar?
Quranın hər surəsinin hər dövrdəki insanlara söylədiyi mesajları, mənaları vardır. Hər dövrün insanı Quranın hər bir ayəsinin özünə nazil olduğunu düşünərək oxuya bilər. Bizdən istənən də məhz elə budur. Gəlin biz də ayələrə bu nəzərlə baxaq...
Müsəlmanlar üçün Məkkədən ayrılmaq və hicrət etmək artıq nəbəvi bir əmr olmuşdu. Məkkədəki axırıncı illər idi. Məkkənin idarəçiləri Allah Rəsulunu (s.ə.s.) öldürmək, həbs ya da sürgün etmək üçün hər cür planlar qurmuşdular. Məkkə artıq müsəlmanları öz bağrında saxlaya bilmirdi. Bu ərəfədə Allah Rəsuluna (s.ə.s.) Yusif surəsi nazil oldu. Surənin ümumi məzmunu məkkəlilərə belə mesaj verirdi: “Əgər Yusif peyğəmbərə qardaşlarının etdiyi kimi, siz də Hz. Muhammədi öldürmək, sürgün və ya həbs etmək istəsəz, sonunuz onlarınkı kimi olacaq”.
Təbii ki, bu surədə müsəlmanlara da mesajlar var idi: “Sizə nə qədər zülm etsələr, öldürmək istəsələr də, onlar ən sonda gəlib sizdən üzr istəyəcək. Bağışlanmalarını istəyəcəklər. Sizə əfv və mülayimlik yaraşar”.
Yusif surəsinin ehtiva etdiyi mənaya nəzər yetirəndə görürük ki, bu surədə gələcək on ildə müsəlmanlarla Məkkə müşrikləri arasında nələrin baş verəcəyi əvvəlcədən xəbər verilib.
Yusif surəsi, əzilən, hicrət etməyə məcbur buraxılan, yeri gələndə işgəncə ilə öldürülən dövrün müsəlmanlarına böyük ümid və mənəvi güc verirdi. Əvvəl-axır Məkkə müşriklərinin məğlub olacağı, etdiklərindən peşmanlıq çəkəcəkləri bildirilirdi.
Belə də olmuşdu. Qardaşları etdikləri əməllərə görə Yusif (ə.s.) peyğəmbərin hüzurunda boyun büküb peşman olmuşdular. Məkkəlilər də Allah Rəsulunun (s.ə.s.) önündə boyun bükəcəkdilər. Məkkənin fəthi günü etdiklərindən peşman olacaqdılar.
Quran belə buyurur: “Yusifin və qardaşlarının əhvalatında (bu haqda maraqlananlar) soruşanlar üçün neçə-neçə ibrətlər vardır”. (Yusif, 12/7)
Yusif surəsində keçən hadisələrin oxşarı cərəyan etməyə başlayırdı. Məkkəlilər Yusif (ə.s.) peyğəmbərin qardaşlarının əməlini edirdilər. İllərlə Əmin insan deyə çağırdıqları Peyğəmbərimizi (s.ə.s.) öldürməyə cəhd etmişdilər.
Qardaşları Yusif (ə.s.) peyğəmbəri quyuya atanda yaxşıca tədbir gördüklərini düşünmüşdülər. Əslində isə, onlar Yusif (ə.s.) peyğəmbəri Misirdə idarəçi olacaq ilahi planın yolunu döşəyirdilər.
Allah Rəsulu (s.ə.s.) da Yusif (ə.s.) peyğəmbərin Misirə gedərək orada güc qazandığı kimi, Məkkədən Mədinəyə hicrət etmişdi. Orada İslam geniş şəkildə yayılmışdı.
Qardaşları Yusif (ə.s.) peyğəmbərə illər sonra: “Bizə köməklik et. Allah əl tutub yardım edənləri mükafatlandırar!” (Yusuf, 12/88) demişdilər. Yusif (ə.s.) peyğəmbər də belə cavab vermişdi: “Bu gün etdiklərinizə görə sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir!” (Yusif, 12/92).
Eyni hadisə Məkkənin fəthindən sonra Allah Rəsulu (s.ə.s.) ilə onun hüzurunda çarəsiz gözləyən Məkkə müşrikləri arasında cərəyan edəcəkdi.
O gün Allah Rəsulunun (s.ə.s.) əlində intiqam almaq üçün hər cür imkan və güc var idi. Ancaq bu baş vermədi. “Sizə nə edəcəyimi düşünürsünüz? ‒ deyə soruşdu. Onlar da: “Sən kərim və cavan mərd bir qardaşsan, xeyirxah və alicənab insansan,” ‒ dedilər. Allah Rəsulu da belə dedi: “Yusifin (ə.s.) qardaşlarına dediyi sözün eynisi deyirəm. Bu gün siz, hücum ediləcək gündə deyilsiniz. Gedin, hamınız azadsınız”.
Əsl fəth də bu sözlərdən sonra yaşandı. Artıq bütün qəlblər İslama isinmişdi. Budur peyğəmbərlər yolu… Şəfqət və mərhəmət yolu…
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.