NAZİM MUSTAFAYEV

Ruhumuzdakı inəyi kəsmək -2-

Ruhumuzdakı inəyi kəsmək -2-

NAZİM MUSTAFAYEV

Həzrət Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” deyəndə onlar: “Bizi məsxərəyəmi qoyursan?” demişdilər. (Bəqərə, 2/67). Əslində Həzrət Musa onların qəlbində xərçəng halına gəlmiş şirk əqidəsinə toxunmuşdu. Ona görə belə reaksiya verirdilər. Həzrət Musanın: “Cahillərdən olmaqdan Allaha sığınıram” (Bəqərə, 2/67) deməsi İsrail oğullarına məsələnin ciddiyyətini anlamalarına kömək eləmişdi.

Burada sadəcə bir inək kəsmək təklif edilmişdi. Bu sözdən nə anlaşılırsa onu yerinə yetirəcəkdilər. Bunun üçün heyvanda əlavə xüsusiyyət axtarmaları gərəkmirdi. Əmri dərhal yerinə yetirsəydilər məqsəd hasil olacaqdı. Ancaq onların: “Bu inək nə cür olmalıdır?”, “Onun rəngi necədir?”, “İnəyin əsl mahiyyəti nədir?” (Bəqərə, 2/68-70) kimi suallar verməsi əleyhlərinə işləyirdi.

Nəhayət verilən suallardan sonra inəkdə bu özəlliklərin olması istənildi... Kəsiləcək inək heç kəsə ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inək olmalıdır (Bəqərə, 2/71). İnəkdə axtarılan bu xüsusiyyətləri aşağıdakı şəkildə izah etmək olar...

Boyunduruq vurulmayan inək ayədə “lə zəlul” olaraq ifadə edilir. Yəni zəlil hala salınmamış deməkdir. Burada inəyin yeri şumlamaq üçün boyunduruğa vurulması əslində xalqı təmsil edir. Yəni kəsəcəyiniz inək boyunduruq götürməyən bir heyvan olduğu kimi siz də boyunduruq altına girməyən insanlar olun. Başqaları tərəfindən kölə kimi işlədilərək zəlil hala gətirilən fərd və cəmiyyətlər sağlam şəxsiyyətə sahib ola bilməzlər. Zillət və əzilmişlik psixologiyası içərisində yaşayan insanlar, həyatında heç bir zaman əmr verə bilməz, nə isə ortaya qoya bilməzlər. Bu cür insanlarla mücadilə etməyə də dəyməz. Onlar onsuzda boyunduruq altında çalışmağa hazırdırlar.

Digər bir xüsusiyyət inəyin əkin suvarmamış olmasıdır. Cənab Allah (c.c) onlara əkin suvarmada işlədilən inəyi kəsməyə icazə verməmişdi. Başqalarının əkdiyi əkini böyütmək üçün su daşıdılan inək istifadə edilmiş sayılır. Ayədə keçən “hərs” sözü əkin mənasına gəldiyi kimi mədəniyyət mənasına da gəlir. Burada mədəniyyət mənasını ələ alaraq belə demək də mümkündür: Başqalarının meydana gətirdiyi mədəniyyəti inkişaf etdirib yaşadan insanlar heç vaxt bir mədəniyyət meydana gətirə və müsqətil ola bilməzlər. İsrail oğulları da daim misirlilərin mədəniyyətinə xidmət etdilər. Əkinə su daşıyan inək kimi çalışdılar. İndi isə öz mədəniyyətlərini meydana gətirmə vaxtı gəlmişdi.

İnək ləkəsiz və sapsarı olmalı idi. Cənab Allah inəyin tək rəngli olmasını istəmişdi. Eyibsiz-qüsursuz və ləkəsiz inək insan şəxsiyyətini təmsil edir. Sağlam şəxsiyyətli və müstəqil olan insanlar ilə sözündə, əhdində durmayan dönük insanlar eyni ola bilməz. Buqaləmun kimi rəng dəyişdirən insanlar sağlam şəxsiyyətə sahib deyillər. Mənən ölmüş bir cəmiyyətin ayağa qalxması üçün onların sağlam təbiətli insanlar olmaları gərəkir.

Kəsilmək istənən inəyin boyunduruq vurulmamış, əkin sulamamış qüsursuz və ləkəsiz olması gərəkdiyi kimi kölə ruhlu bir cəmiyyəti canlandırıb ayağa qaldıracaq insanların da, zəlil olmamış, şəxsiyyət pozuqluğu yaşamayan insanlar olmaları lazımdır. Ancaq bu insanlarla gülcü bir cəmiyyət meydana gətirmək olar.

Onlar ən sonda inəyi kəsmişdilər. Ancaq Quranın ifadəsi ilə: “Az qalmışdı ki, bu işi yerinə yetirməsinlər” (Bəqərə, 2/71). Bu ayə ilə əslində onlar qınanırdı. Keyfiyyətli işlərin ortaya çıxması üçün insanlara fərdi təşəbbüs imkanları vermək vazkeçilməz qanundur. Fərdi təşəbbüsü olmayan insanlar həmişə üst məqamlarından işləri haqqında təfərrüatlı bilgi tələb edərlər. İstədikləri hər izaha görə fərqində olmadan öz fərdi təşəbbüs sahələrini daraltmış olurlar.

Cənab Allah (c.c) bir inək kəsmələrini əmr edərkən onun necəliyini İsrail oğullarının öz qərarına buraxmışdı. Buna baxmayaraq inəyin xüsusiyyətlərini israrla soruşmaları işlərini çətinləşdirmişdi.

Nəticə olaraq deyək ki bir həkim xəstə orqana toxunanda xəstənin ah çəkməsi kimi Cənab Allahın (c.c) bu əmri də onların xəstə qəlblərinə toxunmuş və ah çəkmələrinə səbəb olmuşdu. Əsl istənən bir inəyin kəsilməsi deyil, qəlblərə yerləşən şirk düşüncəsinin məhv edilməsi idi. İlahi əmrin bu cür reaksiya ilə qarşılanması o əmrin nə qədər təsirli və yerində olduğunu göstərirdi.

Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top