NAZİM MUSTAFAYEV

Şüuraltındakı biz

Şüuraltındakı biz

NAZİM MUSTAFAYEV

Uşaqlığımızda şüuraltına həkk olunan və ömür boyu bizimlə qoşa addımlayan bilgi və məlumatlar tədricən xarakterimizin bir parçası halına gəlir, bütün duyğularımızla qaynayıb qarışır.

Bu yaxınlarda ali təhsilli bir dostumdan bu sözləri eşitdim: "Uşaqlığımda atam mənimlə necə davranırdısa, hiss edirəm ki, mən də oğlumla eyni cür rəftar edirəm". "Ali təhsilli" ifadəsini ona görə vurğuladım ki, insan nə qədər elm öyrənir öyrənsin, uşaqlığından ona miras qalan şüuraltı bilgilərindən ömür boyu xilas ola bilmir. Bir sözlə, insanlar fərqində olmasalar da, şüuraltında formalaşan dünyagörüşü ilə yaşayırlar.

Bir insan "Sən kimsən?" sualına "Mən şüuraltımın söz, davranış və hərəkətə çevrilmiş halıyam" cavabını versə, yalan danışmış olmaz. Araşdırmalara görə, yetkin bir insanın bütün söz, davranış və düşüncələrinin 5 faizi şüurunun, 95 faizi isə şüuraltının payına düşür.

Hər bir insanın "şüuraltı qidalanma dövrü" var. Bu dövr bəzi pedaqoqlara görə 0-5, bəzilərinə görə də 0-7 yaş arasını əhatə edir. Şüuraltı qidalanma dövrünü səmərli keçirən insanlar həyatın enişli, yoxuşlu döngələrində bəzən büdrəsələr də, balaca bir xəbərdarlıq ilə şüuraltındakı bilik və təcrübələrini hərəkətə gətirir və xətasız, bəlasız yollarına davam edirlər.

Valideynlər, məktəb və mühit uşaqların şüuraltı qidalanmasını düzgün təmin etmirsə, bu boşluğu zərərli bilik, düşüncə, vərdiş və davranışlar doldurur. Həmçinin yetkin insanların keçirdiyi mənəvi böhranların, depressiyaların təməlində şüuraltı qidalanma dövründəki bir sıra boşluqların böyük rolu var.

İnsanın immun sistemi bədənə daxil olan zərərli mikrobları tanıyaraq onlarla mübarizə apardığı kimi, düzgün qidalanmış şüuraltı da insanı nəfsani arzuların qulu-köləsi olmaqdan, günah və haram bataqlığına girməkdən qoruyur.

Bütün pedaqoqlar, psixoloqlar və İslam alimləri həmfikirdirlər ki, bir uşağın ana və atasından aldığı təlqinlər, boya-başa çatdığı mühitdən görüb-götürdükləri gələcək həyatının təməllərini atır. Bir İslam alimi də belə deyir: "Rəhmətlik anamdan aldığım təlqinlər və mənəvi dərslər şüuraltımda sanki kök atıb. Həyatım boyunca öyrəndiyim elmlər bu şüuraltının üzərində yüksəlmişdir. Balaca yaşda ikən fitrətimə və ruhuma rəhmətlik anamın aşıladığı dərs və təlqinlər indi - səksən yaşımda gördüyüm böyük həqiqətlərin nüvəsi və çəyirdəkləri olub."

İslam alimlərinin həyatına nəzər salanda onların valideynlərinin halal yaşadıqlarını, başqa sözlə, övladlarının şüuraltına dürüstlüyü, halallığı, saflığı öz əməlləri ilə nəqş elədiyini görürük. Belə ki, kimisinin atası mal-qaranı öz otlaqlarına apararkən başqalarının tarlasından ot yeməsin deyə ağızlarına parça bağlayırmış. Kimisinin anası ona dəstəmazsız süd əmizdirməmişdir. Kimisinin babası heç bir gecəni təhəccüdsüz keçirməmişdir.

İslam alimlərini yetirən elm və təhsildən çox məhz bu cür ailə mühitidir. Yəni təhsildən öncə şüurlatına həkk edilən əxlaqi fəzilətlərdir.

Şüuraltı qidalanma o qədər əhəmiyyətli bir məsələdir ki, Uca Allah son peyğəmbəri Həzrət Muhammədi heç bir insanın təsirinə məruz qalmaması üçün anadan və atadan yetim böyüməsini murad etmişdir. Peyğəmbərimiz (s.a.v) də belə buyurub: "Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi də gözəl etdi" (Süyuti, I, 14-15).

İnsanın bütün şüuraltını, beynini ancaq bu dünya üçün məşğul etməsi, mal-mülkdən başqa heç nə düşünməməsi əsla doğru deyildir. Çünki şüuraltında ölümdən sonrakı əbədi axirət aləmi üçün heç bir məlumat toplamayıbsa, qəbirdə hər kəsin qarşılaşacağı "Rəbbin kimdir?" sualına qətiyyən düzgün cavab verə bilməz. Duyğu və düşüncə heybəsində əlini hara atsa, nəfsani arzuların, mal-mülk hərisliyinin, şan-şöhrət arzusunun qırıntılarına rast gələr. Və bu qırıntılar ona fayda verməz.

Necə qəribədir, elə deyilmi? Bəzən bu dünyada belə, şüuraltında heç bir məlumat olmadığı üçün "Rəbbin kimdir?", "Peyğəmbərin kimdir?", "Dinin nədir?" sualına cavab verə bilməyən insanlar, görəsən, sabah Münkər və Nəkirin eyni suallarına necə cavab verəcəklər?!

Bir sözlə, bu məsələ o qədər əhəmiyyətlidir ki, insanın şüuraltı təcrübəsi, həm onun bütün həyatına işıq salır, həm ölümü əsnasında, həm də qəbirdə mələklərin suallarına cavab verərkən "öz sözünü" deyir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top