Haqsızlıq var ki, qapalı qapılar arxasında baş verir, üçü bilsə də, beşinin xəbəri olmur, haqsızlıq da var ki, xalqın gözü qarşısında, özü də hər gün təkrarlanır, bir addım atmalı, söz deməli olanlar da ağzına su alıb susduqca məsələdən xəbəri olan vicdan sahibləri yana-yana qalırlar.
Başa çatmaqda olan 2021-ci ildə telekanallarda, radiolarda ən çox oxunan mahnı hansıdır desələr, hər kəs “Qarabağ” deyər. Biz tarixi zəfər qazandıqdan sonra bu mahnı sanki yeni bir həyat qazandı.
Biz bu mahnını ilk dəfə təxminən əlli il əvvəl Arif Babayevin ifasında eşitmişik, sevmişik. “Qarabağ” bu müddətdə neçə-neçə müğənninin repertuarında yer alıb. Son vaxtlarda hətta aranjeman edib yeni versiyada ortaya çıxarıblar. Amma heç düşünürsünüzmü ki, bu mahnının həm sözünü, həm də musiqisini yazan Bəhram Nəsibov bu ölkədə necə haqsızlıqlar yaşayıb? Arif Babayev özü etiraf edir ki, “Qarabağ” mahnısından bir evin, bir maşının pulunu qazanıb, amma mahnının müəllifi kimi Bəhramın adını belə çəkməyiblər. Bəhramın “Deyin hardadır” mahnısını “Şahnaz təsnifi” adı ilə oxuyaraq bir anda böyük şöhrət və sevgi qazanan Niyaməddin Musayev də “Bəhram mahnını elə yazmışdı, amma mən dəyişib belə oxuyandan sonra məşhurlaşdı” deyəndə nə məqsəd güddüyünü anlaya bilmədim.
Bəhram erkən yaradıcılığında bir-birindən gözəl mahnılar bəstələyib, əksərinin də sözünü özü yazıb. Onun çox sevilən mahnılarının adlarını, o mahnıları oxuyan müğənnilərimizin adını çəksəm, çox uzun siyahı alınar. Təkcə onu deyim ki, dövrünün bütün məşhur müğənniləri Bəhramın mahnılarını oxuyublar.
Bəhramın mahnıları Türkiyədə dövrünün ən populyar sənətçilərinin kasetlərində “anonim” kimi yer alıb, ölkəsində ali musiqi təhsili olmadığı üçün adını çəkməyiblər, ya təsnif, ya da xalq mahnısı adı altında oxuyublar, amma Bəhramla eyni vaxtda yaşayan və ali musiqi təhsili olmayan, prokuror Ələkbər Tağıyevin bütün mahnıları öz adı ilə təqdim olunub. Hər kəs bir az düşünsün və özünü Bəhramın yerinə qoysun: Əsərlərin sevilə-sevilə oxunsun, amma adına qadağa qoyulsun, nə var-nə var beş il kiminsə sinfində solfecio dərsi oxumamısan. Bəhramın üç yüzdən çox mahnısı olduğu deyilir, inanıram ki, o vaxtkı Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı, digər əlaqədar orqanlar bir azca vicdanlı davranıb Bəhrama tətbiq edilən bu zülmün qarşısını alsaydılar, onun mahnılarının sayı daha çox olardı, Bəhram daha çox, daha duyğulu, daha gözəl mahnılar ortaya qoyardı. Amma eləməyiblər, ikiüzlü olublar, Ələkbər Tağıyevə gələndə “buyur-buyur”, Bəhrama gələndə “musiqi təhsili yoxmuş.” Yaxın dostlarının, tanıyanların söhbətindən başa düşürsən ki, Bəhram istedadlı olduğu qədər də həyalı, səmimi, fədakar insan olub, dərdini də orda-burda danışmağı sevməyib, içində çəkib. Ona görə də, gücünü, enerjisini sənətə deyil, üzərinə gələn bu haqsızlığı içinə sindirməyə, üyüdüb həzm etməyə sərf edib.
Dövrünün ali təhsilli, bütün fəxri adları, orden-medalları mənimsəmiş bəstəçilərinin çoxunun adı kimi müsiqiləri də unudulub, amma Bəhramın mahnıları hələ də efirlərdədir. İddia eləmirəm ki, Bəhram dövrünün ən gözəl bəstəkarı olub, amma o gözəl bəstəkarların hamısı layiq olduqları qiyməti alıblar, dediyim odur ki, o cameədə kimsə Bəhramın yaşadığı haqsızlığı yaşamayıb.
Bu zülm qarşısında insan çatlamasın, neyləsin? Bəlkə də, kimlərsə bu haqsızlıq qarşısında intihar edərdi, amma Bəhram birtəhər və bir yerə qədər dözə bildi. Bu münasibətin adı mənəvi terrordur, Bəhram terror qurbanıdır.
Bu ölkədə insanı öldürür, üstündən bir müddət keçəndən sonra bəraət verirlər. Bəhramı da əl birliyi ilə öldürdük. Mədəniyyət Nazirliyi öldürdü, Bəstəkarlar İttifaqı öldürdü, Aztv öldürdü, mahnılarını oxuyub pul da, şöhrət də qazanan, amma bir dəfə də yumruğunu masaya vurub “Bu adamın haqqını verin” deməyə cəsarəti, ya da ədalət hissi çatmayan Arif Babayev, Niyaməddin Musayev, Süleyman Abdullayev.., öldürdü. Barı indi, öləndən sonra haqqını verin. Eşidirsinizmi, Bəhramın haqqını verin, nə qədər ki, nəfəsiniz gedib-gəlir, bu addımı atın. Əgər hansı biriniz bu məsələni qaldırsa, asanlıqla həll olar və bu da sizə həm hörmət, həm də rahatlıq verər.
Sizə səslənirəm, ay Mədəniyyət naziri, ay Bəstəkarlar İttifaqının sədri! Bu haqszlıq nə zamana qədər davam edəcək? Hazırladığınız yeni fəxri adlar siyahısına Bəhramın da adı əlavə olunsa, nə olar? Yaşadığı evin, ya Bəstəkarlar İttifaqının, ya hansısa binanın divarına Bəhramın barelyefi vurulsa, onun xatirə gecəsi keçirilsə, zamanında söylənməmiş sözlər gec də olsa dilə gətirilsə, hər birimizin vicdanı bir az da olsa, rahatlamazmı?
Rusların bir sözü var: “Heç olmamaqdansa, gec olması yaxşıdır.” Bəhrama qarşı olan haqsızlığın etirafı və gec də olsa, onun haqqının tanınması sizin oturduğunuz məqama hörmətinizdir, çünki sələflərinizin xətasını aradan qaldırmış, ədaləti bərpa etmiş olursunuz. Allah-Taala könlünüzü ədalət hissindən məhrum eləməsin!