ƏLİ ÇƏRKƏZOĞLU

O gün bu gündür...

O gün bu gündür...

ƏLİ ÇƏRKƏZOĞLU
Bu gün düz bir ildir, tarixə İkinci Qarabağ müharibəsi kimi düşən ölüm-qalım savaşımız bir il əvvəl bugünkü gün başladı. Yenə havada barıt tüstüsü, qan qoxusu vardı. Yenə həyəcan, göz yaşları, ölüm xəbərləri... Amma nə qədər ağır olsa da qaçılmaz idi bu savaş. Bu bizim şərəf tariximiz, zəfər yolumuzun başlanğıcı idi.
1994-cü ildə imzalanmış atəşkəs razılaşması, ATƏT-in Minsk qrupunun işsiz-gücsüz nümayəndələrinin mənasız gəliş-gedişləri, səmərəsiz görüşləri erməniləri o qədər rahatlatmış, arxayın salmışdı ki, bizi təbdən çıxarmaq üçün hər yola əl atırdılar. Şuşada kef məclisləri qurur, Cəbrayıla yol çəkəcəklərini bəyan edir, "Qarabağ Ermənistandır" deyir, hər gün atəşkəsi pozurdular. Özlərini inandırmışdılar ki, Azərbaycan bir daha onlarla savaşa girə bilməz və beləcə tarixi torpaqlarını uzaqdan seyr edərək vəziyyətlə barışacaq. Müharibədən bir neçə ay əvvəl, iyun ayında general Polad Həşimovun və bir neçə yüksək rütbəli zabitimizin düşmənin raket hücumu ilə şəhid edilməsi Azərbaycanı ayağa qaldırdı və yumruq kimi birləşdirdi. Hər şəhərimizdə, hər kəndimizdə savaş ruhu vardı, qoca-cavan hər kəs savaş istəyir, Prezidentə üz tutaraq bu rəzalətə son qoymağı, kütləvi səfərbərlik elan edib ölüm-qalım müharibəsinə başlamağı tələb edirdilər. Haqqını ala bilməyənə kimsə haqq-hüquq verməz, özünə hörmət eləməyənə başqaları da hörmət eləməz. Etiraf edək ki, biz dünyanın harasına getsək, o hörmətsizliyi, töhməti hiss eləyirdik. Ermənilər də hər gün atəşkəsi pozur, BMT-nin dörd qətnaməsi, ATƏT nümayəndələrinin görüşləri və atəşkəs razılaşması ilə "məzələnirdilər." Nəhayət o gün gəldi, ermənilərin növbəti təxribatı əvvəlkilərə bənzəməyən bir cavabla qarşılandı. İş işdən keçəndən sonra ermənilər anlamağa başladılar ki, indi də Azərbaycan ordusu onlarla "məzələnməyə" başlayıb. Prezidentimiz erməni baş nazirlə, əsgərimiz silahını atıb qaçan ermənilərlə, SİHA-larımız onların tankları ilə "məzələnirdilər". Bir gün də olsun geri çəkilmək xəbərimiz gəlmədi. Biz "məzələndikcə" ermənilərin çığırtısı dünyanı başına götürürdü. Erməni naləsindən cana doyan Kreml bütün qapı-bacalarını, telefon-teleqraflarını qapatmışdı ki, Paşınyanın "dədə gəl"i Putinin baş-beynini aparmasın. Başı pandemiya probleminə qarışan Makron da bir qədər atılıb-düşüb səsini kəsdi. Azərbaycan ordusu da 30 ilin yanğısı ilə düşməni qabağına qatıb "məzələnir", tarix boyunca həsrət qaldığımız zəfəri bizə kəndbəkənd, şəhərbəşəhər yaşadırdı. Üzümüzün qarası yuyulur, belimizin əyrisi dikəlir, itirdiklərimizi geri aldıqca daha da böyüyür, güclənir, əzmli, qətiyyətli olurduq. Elə bil min illərdi bu günü gözləmişdik. Bu yeni bir tarix, yeni eranın başlanğıcı, ilk günü idi. Üz-üzə savaşdan qaçan kaftar düşmən Azərbaycan əsgərinə ən çox minamyotlardan və snayperlərdən atəş açırdı. Statistika göstərdi ki, əsgərlərimiz ən çox bu silahlardan atılan atəşlə şəhid olublar. Haqqa inanmış, Haqq yolunda savaşdığına əmin olmuş əsgərlərimiz şəhadəti şərəf bilir, elə bu inamla da irəli, ancaq irəli gedərək, düşməni vahiməyə salırdılar. Bu yeni bir tarix, bu yeni bir savaş, bu yeni bir əsgər idi. Düşmən belə bir ordu ilə qarşılaşacağını olmayan ağlına belə gətirə bilməzdi, ona görə də silah-sursatını ataraq, ən yüksək mövqelərini buraxıb qaçırdı. Artıq müharibənin qeyri-bərabər güclər arasında getdiyi bütün dünyaya məlum idi. Paşınyan isə öz əsgərinin axıdılan qanından həzz alırmış kimi müharibəni uzatmaq istəyirdi, hələ də "dayı"larından ümidini kəsməmişdi. Xalqımız hər gün Prezident İlham Əliyevin televiziya ilə çıxışını, şəhər və kəndlərimizin işğaldan azad olunması müjdəsini sevinclə, coşqu ilə gözləyirdi. Prezident İlham Əliyevin və köməkçisi Hikmət Hacıyevin keçirdiyi mətbuat konfransları, dünyanın aparıcı media nümayəndələrinə verdikləri tutarlı və əsaslı cavablar ölkəmizə olan rəğbəti daha da artırırdı. Xüsusilə də fransız jurnalistin "nə qədər raketiniz var?" sualına Prezidentimizin təbəssümlə "nə qədər lazımsa, o qədər" cavabı əslində Ali Baş komandanın da, ordunun da qətiyyətini dünyaya göstərdi. Biz haqlı idik, haqqımızı sökə-sökə aldıq, dünya da bizim haqqımızı, qətiyyətimizi, gücümüzü qəbul etməli oldu. 44 davam edən bu müharibə Azərbaycanın parlaq zəfəri, erməni ordusunun darmadağın edilməsi ilə nəticələndi. Rusiyanın müdaxiləsi ilə noyabrın 10-da üçtərəfli razılaşma imzalandı, Ermənistan öz məğlubiyyətini qəbul elədi. Beləcə tariximizə yeni bir zəfər, yeni bir bayram yazıldı. Bu qələbənin işığında təqvimimizdə matəm havası ilə yaşadığımız neçə-neçə qara günün mahiyyəti, rəngi dəyişdi. Bu zəfər, bu bayram 2783 igidimizin canı bahasına əldə edildi. Bu gün onların şəxsində bu vətən üçün canından keçmiş bütün insanlarımızın anım günüdür. Bu gün bizim üçün möhtəşəm bir tarıxın ilk günüdür. O tarixə qədər bir neçə yazımda 15 sentyabrın tariximizin ən böyük zəfəri olduğunu vurğulamışdım. İndi isə daha mühtəşəm bir zəfər havası içindəyik. 18 sentyabr - Müstəqillik günümüz 1918-ci il 28 mayın davamı olduğu kimi, 10 noyabr 2020-ci il zəfərimiz də 15 sentyabr 1918-ci il Bakının erməni-rus işğalından azad edilməsinin davamıdır. 
Amma aldanmayaq, arxayınlaşmayaq, unutmayaq ki, bu məsələyə hələ son nöqtə qoyulmayıb. Arxayınlaşmaq tənəzzül deməkdir. Bu qədər ağır məğlubiyyətdən sonra ermənilərin Paşınyanı yenidən özlərinə rəhbər seçməsi bir çox təhlükədən xəbər verir. Bir ilə yaxın zaman keçməsinə baxmayaraq, erməni baş nazir hələ də altına imza atdığı öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bu razılaşmada arbitr rolu oynayan Rusiya isə məsələni yubadır, qarşı tərəfdən boynuna götürdüyü öhdəliyi yerinə yetirməyi tələb etmir. Əslində biz bu siyasətlə çoxdan tanışıq və bu vəziyyətdə ən doğru seçim qətiyyət və gücdür. Biz qarşı tərəfi mücbur etməli, bir an da olsun haqqımızdan vaz keçməməli, gücümüzə güc qatmalıyıq. Ordumuzun gücünü günbəgün artırmaq, xalqımızın qanını soran şərəfsiz məmurlardan yaxa qurtarmaq, ədalətin hakim olduğu bir cəmiyyət qurmaq qarşımızda duran ən mühüm vəzifələrdir. 
Gün bizim günümüz, zəfər bizim zəfərimizdir. Bizim 28 il yaşadığımız o acı həyatın betərini indi düşmənlərimiz yaşayır. Bu zəfərin əldə olunması, xalqımızın bu qüruru, bu coşqunu yaşaması üçün canından keçmiş bütün şəhidlərimizi rəhmətlə anır, hamısına Allah-Taaladan böyük nemətlər diləyirik. Qazilərimizə təşəkkür edir, hər birini bağrımıza basır, "Allah sizlərə yar olsun!" deyirik. Allah-Taala xalqımıza ancaq doğru yolda yürüməyi və sonunda zəfərə qovuşmağı nəsib eləsin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top