ƏLİ ÇƏRKƏZOĞLU

Bir azca hüseyni olsaq...

Bir azca hüseyni olsaq...

ƏLİ ÇƏRKƏZOĞLU
Son günlər sosial şəbəkələrdə Kərbəla hadisələrini nəzərdə tutan "öz şəhidlərinə 1 il yas tutmayan xalq hansısa ərəbə 1400 il yas tutur" kimi insanın ən həssas duyğularına toxunan, qəlbini qıran rəylər paylaşılır. O qədər həssas, o qədər ciddi məsələdir ki, nə qədər əsəbi, təəssübkeş olsan da cavab verəndə gərək ədəb çərçivəsini aşmayasan ki, dediyin söz təsirli, inandırıcı olsun. 
Şəhidlərin müqayisə olunmağı kimin ağlına gəlib görəsən və niyə elə düşünür ki, xalqımız öz şəhidlərinin matəmini tutmur? Mən bu sualı verənə tövsiyə edərdim ki, Masallı rayonunun Yeni Viləş kəndinə getsin və bu fikrini Nurlan və İntiqam kimi iki balasını şəhid vermiş Ziba anaya söyləsin. Əminəm ki, o ananın cavabı bu sualı düşünən hər kəs üçün yetərli olacaq.
Bizim üçün bütün şəhidlər əzizdir, dəyərlidir, Vətən müharibəsi şəhidləri də, Birinci Qarabağ savaşının şəhidləri də, 100 il əvvəl erməni cəlladları ilə savaşan şəhidlərimiz də, Gəncəni rus işğalından qorumaq üçün canından keçən soydaşlarımız da, ondan əvvəlkilər də, Kərbəla şəhidləri də...
Təbii ki, Kərbəla şəhidlərinin, İmam Hüseynin İslam tarixində müstəsna yeri var və qiyamətə qədər də sevgi ilə, dualarla, göz yaşları ilə yad ediləcəklər.
İmam Hüseyn (ə.s) Allah Rəsulunun (s.ə.s) dizinin üstündə böyümüş, Onun əxlaqını mənimsəmiş müstəsna şəxsiyyətdir, həm də Peyğəmbər əmanətidir. Rəsulullahın (s.ə.s) "Əhli-Beytım sizə əmanətdir" tövsiyəsini sadəcə sünnət, yəni yaşantı kimi anlayanlar o həyat standartını, necə yatıb-qalxdığını, necə yeyib-içdiyini, hansı şəraitdə necə davrandığını yenə Onun ən yaxınlarından, yəni ailə üzvlərindən öyrənməli deyillərmi? Bu mənada İmam Hüseyn Peyğəmbər məktəbinin ən qabaqcıl şagirdi, Onun təhsili ilə yetişmiş tələbəsi deyilmi və biz bir həqiqətə vaqif olmaq istəyəndə üz tutduğumuz ünvanlardan biri olmalı deyilmi?
Hansı tarixi qaldırırsan-qaldır, lap bəşərin təməlinə gedək, hər yerdə xeyirlə şərin savaşı var və əslində bəşər tarixinə stimul verən güc də elə bu savaşdır. İmam Hüseyn xeyirin, haqqın, doğruluğun təmsilçisidir və mübarək İslamın gəlişinin ilk əsrində, Məkkədən Mədinəyə hicrətlə başlayan yeni tarixin 61-ci ilində zülmə qarşı savaşmağın örnəyini göstərdi, zülmə boyun əyməməyi öyrətdi, "haqlı ol, ölsən də, qalibsən" həqiqətini dünyaya elan etdi, təkcə öz canını deyil, övladlarını belə bu amal uğrunda fəda etməyin dərsini keçdi hər kəsə... Nə qədər istəyirsən say, bu fədakarlıq, bu üstünlük sözə sığmayacaq qədər böyükdür. Kərbəla çölü o gün Peyğəmbər övladlarının qanı ilə sulandı. Peyğəmbər deyirik, heç düşünürsünüzmü, bəşərin önündə yeni üfüqlər açmış, Allah-Taalanın (c.c) "Həbibim", yəni "Sevimlim" deyə müraciət etdiyi uca bir Zatdan, Onun övladlarından bəhs edirik. Elə düşünürük ki, qarşı tərəfin, yezidliyin nə qədər alçaq, şərəfsız olduğunu söyləməyə lüzum yoxdur. 
Fərqli məzhəblərin qarşılıqlı anlaşma içərisində yaşandığı bir ölkənin övladlarıyıq. Əhli-sünnə ailə tanıyıram ki, ata Əli, ana Fatma, övladlar da Həsən, Hüseyn. Bir sünni kəndi bilirəm ki, hər il Kərbəla hadisəsi tamaşa kimi canlandırılır, insanlar gördüklərinin təsiri ilə hönkür-hönkür göz yaşı tökürlər. 
İslam səmimiyyət dinidir, "yaşamadığını söyləmə, yalanın hər növündən uzaq dur!" buyurur. Əgər içində Əhli-Beyt eşqi varsa və hər il o eşqlə gözündən yaşlar axırsa, bu sənin gözəlliyindir, üstünlüyündür. Sevimli Peyğəmbərimiz (s.ə.s) buyurur ki, axirətdə hər kəs öz sevdiklərinin yanında olacaq. İnsan sevdiyinə bənzəmək, onun kimi olmaq, rəğbətini, sevgisini qazanmaq, xoşuna gəlmək istəyər. İmam Hüseyn yolunun yolçusu, hüseyni olmaq istəyən də gərək ondan öyrəndiklərini öz həyatına daşısın.
İmam Hüseyn "Bir əlimə günəşi, bir əlimə ayı da qoysalar, Mən bu davadan vaz keçmərəm" - buyuran sevimli Peyğəmbərimizin (s.ə.s) nəvəsi, xəlifə ikən yamaqlı paltar geyən, təvazönün misilsiz örnəyi, elmin qapısı ünvanına layiq görülmüş Həzrət Əlinin oğludur və eynən Babası, Atası kimi ədalətin bir damlasını bütün dünya nemətlərindən uca tutdu.
İmam Hüseyn hakimiyyət davası eləmədi, haqq davası elədi, əmanətin layiq olana verilməsini istədi. Sən hüseyni olsan, bu gün, ya sabah qarşında bir yezidcik görəcəksən və o yezidcik sənin imtahanın olacaq.
Mənfəəti üçün ömrü boyu hər yetənə yaltaqlanan, haqqı da, nahaqqı da gördüyü halda haqsızın yanında yer alan birisinin aşurada başını-gözünü yarması ucuz artistlikdən başqa bir şey deyil. Belələri dini də, düşüncəni də gözdən salanlardır. 
Hüseyni olmaq zalım bir idarəçinin qarşısına çıxmaq, onu bu yoldan çəkindirmək üçün əlindən gələni əsirgəməməkdir.
Hüseyni olmaq yaşını-başını, ömrünün harada, necə tamamlanacağını düşünmədən hər zaman haqlı yaşamaqdır, haqq uğrunda savaşmaqdır.
Hüseyni olmaq birlik istəməkdir, haqqın ətrafında birləşməkdir.
Hüseyni olmaq fədakarlıqdır, harda əzilən, zülmə məruz qalan, ehtiyac içində boğulan birini gördünmü, heç tərəddüd etmədən yardıma qoşmaqdır.
Hüseyni olmaq o qədər uca dəyərdir ki, "sünni", "şiə" kimi qavramlar onun yanında son dərəcə anlamsız, mənasız qalır.
Hüseyni olmaq hər cür milli, irqi çərçivələri aşmaq, bəşəri dəyərlərə sahib olmaq, "yaradılanı yaradandan ötrü sevmək"dir.
Kərbəla vaqeəsini istismar etmək, bu hadisəni müsəlmanların birliyinə deyil, ayrı-seçkiliyə yönəltmək, yezidlikdir, Həsənə, Hüseynə qarşı düşmənçilikdir.  
Ədalətlə idarə olunmayan, düzgün seçki keçirməyən, vəzifələrin layiqliq prinsipi ilə deyil, başqa meyarlarla bölündüyü bir toplum, cəmiyyət, ölkə İmam Hüseyn həqiqətindən qafildir, onların idarəçiləri də məqamından, rütbəsindən asılı olmayaraq yezidcikdir, İmam Hüseyn düşmənidir. 
Bu gün qarşısındakı yezidciyə mədhiyyələr qoşan, 1400 il əvvəlki yezidə söyməklə cənnəti qazandığını düşünən cahildir, qanmazdır...
Hər kəs fərqli düşünə bilər, mənim üçün ağlaya bilmək nemətdir, amma yıxılaraq, əzilərək, var-dövlətini itirərək, döyülərək, söyülərək ağlamağı demirəm, düşünərək, özünü sevdiyinin yerinə qoyaraq, təsəvvür edərək, göz önünə gətirərək, özünün, sevdiklərinin, insanların aqibətini xəyal edərək ağlamağı deyirəm. Əgər "ya Hüseyn" deyə ağlamağımız bizə bir şey qazandırmırsa, bizi bir az da olsa təmizləmirsə, doğru yola yönəltmirsə, ürəyimizə mərhəmət hissi, zülmə qarşı duruş cəsarəti vermirsə, əmin olun ki, İmam Hüseynin o göz yaşlarına ehtiyacı yoxdur. İmam Hüseyni sevən, onu düşünən, bu düşüncə ilə göz yaşı tökən birisi haqqında artıq-əskik danışmaq da tərbiyəsizlikdir. 
Bəzən də bugünkü halımızı düşünəndə mənə elə gəlir ki, biz İmam Hüseyni düşünəndə "vay Hüseyn" əvəzinə "vay canım" deyib öz aqibətimizə ağlasaq, daha doğru olar. Hər kəs ölümü dadacaq, can əmanətini Əsl Sahibə təslim edəcək. İmam Hüseyn bütün imtahanlardan ən üstün nailiyyətlərlə çıxıb can əmanətini təslim etdi və bu dünya qürbətindən həqiqi vətənə döndü. O, Allahı, axirəti düşünərək, haqq savaşında canını təslim etmiş bütün şəhidlərimizin rəhbəri, sevimlisidir. Onun, Atasının, Babasının yanında yer ala bilmək ən böyük şərəfdir və inşaallah bütün şəhidlərimiz o böyük zövqə, həzzə qovuşmuşlar.
Hüseyni olmaq - birlik olmaqdır, mütəvazi olmaqdır, xeyirxah olmaqdır, fədakar olmaqdır, zülmə qarşı barışmaz olmaqdır, ədaləti hər şeyin üstündə bilməkdir, ölüm gözümüzün içinə baxsa da qarşımızdakı zalıma həddini bildirməkdir, əyilməməkdir... Hüseyni ruha yüksəlmiş fərdlərdən oluşan bir toplumda, cəmiyyətdə zülmə yer olmaz, kimsə kimsənin haqqını tapdalaya bilməz.
Qurani-Kərimdə bildiyini həyatına tətbiq eləməyən, yəni doğru bildiyi kimi yaşamayanlar belinə kitab yüklənmiş eşşəyə bənzədilir. Başqalarını bilmirəm, bu bənzətmədə mən bir az da özümü görürəm. Çox şey bilirik, əmələ gələndə isə əlli yerdən əlli bəhanə gətirir, gerçəklərlə üzləşməmək üçün min oyundan çıxırıq. Amma kimsənin qaça bilməyəcəyi, niyyətlərin danışacağı, əl-ayağın üzə duracağı bir gün var hər birimizin qarşısında. Hüseyni olmaq aldığın hər nəfəsdə, atdığın hər addımda o günü düşünərək yaşamaqdır. Çox ehtiyacımız var buna, hər birimizin çox ehtiyacı var. 
Allah-Taala könlümüzü Öz Nuru ilə aydınlatsın, sevdiklərini bizə sevdirsin, gözlərimizdən bərəkət damlalarını əskik etməsin! Hərəmiz bir az hüseyni olsaq... Başqa bir söz demirəm, gerisini özünüz təsəvvür edin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top