ƏLİ ÇƏRKƏZOĞLU

Bir "Bulaq" gözündən qurudu

Bir "Bulaq" gözündən qurudu

ƏLİ ÇƏRKƏZOĞLU

Hər ölüm xəbəri insana kədər gətirmir, bir az "ah-vay" eləyib yaddaşa həvalə edirsən gedir, amma elə ölümlər də var var ki, elə bil adamın ətindən ət qoparır. Dünən səhər işə başlayanda qarşıma çıxan ilk xəbər Əhməd Oğuzun ölüm xəbəri oldu. Fikrimdə tutduğum yazı ağlımdan barmaqlarıma qədər yetişmədi, elə yarı yoldaca darmadağın olub getdi. Əhməd mənim üçün bu xalqın ən təmiz, ən üstün təbəqəsində yer almağa layiq insan idi. Son dərəcə təvazökar idi, heç zaman özünü göstərmədi, "mən də varam" demədi. Çox istedadlı idi, şeiri, sözü hər tərəfindən görə bilirdi. Onunla bir sırada durmağa layiq olmayanlar ədəbiyyatın "başbilənləri" oldular, Əhmədsə başını aşağı salıb işiylə məşğul oldu. İllərdən bəri Azərbaycan radiosunda yayımlanan "Bulaq" verilişini yazırdı. Bu verilişin piri, babası Mövlud Süleymanlı "Əhmədə özüm qədər güvənirəm" demiş və proqramı onun öhdəsinə buraxıb getmişdi. Əhməd də xalqın olan-qalanını toplayıb xalqın özünə çatdırırdı. Bir vaxtlar tanınmış səhnə ustaları Məhluqə Sadıqovanın və Səməndər Rzayevin səsi ilə sevilən, geniş dinləyici auditoriyası toplayan "Bulaq" Əhmədin dolğun, maraqlı yazıları ilə yeni bir həyata qovuşmuşdu. Əhmədin "bulağ"ı gözündən qurudu, təbii ki, bundan sonra da o "bulaq" axacaq, dinlənəcək, seviləcək, yeni-yeni müəlliflər bu işi öz bildikləri kimi, bəlkə bir az da yaxşı, ya zəif yerinə yetirəcəklər, amma o üslub Əhmədin üslubu, o dil Əhmədin dili olmayacaq. 
Nə qədər sakit, mütəvazi görünsə də haqqı nahaqqa verən deyildi. Bir vaxt Az tv-nin başındakı və adı müxtəlif cinayət hadisələrində hallanan gərəksiz birisi əməkdaşlardan birini işdən qovurdu və onu qaralamaq üçün iftira dolu bir mətnin altına imza kampaniyası aparırdı. Heç gözləmədiyimiz çoxları işini itirməmək üçün o mətnin altına imza atdılar, amma Əhməd o qara siyahıya qatılmadı. Həmin ərəfədə bir məclisdə görüşdük, dedi ki, qovur-qovsun, ordan aldığım o pulu başqa yerlərdən də qazana bilərəm. İmzalamadı, amma heç işdən də qovulmadı, çünki onun gördüyü iş hər kəsin bacaracağı şeylər deyildi. Hər dəfə vətənpərvərlikdən söz düşəndə mənim ağlıma iki keyfiyyət gəlir: dürüst olmaq və işini doğru-düzgün yerinə yetirmək. Həkimimiz yaxşı olsa, xəstələrimiz xaricə getməz; müəllimimiz yaxşı olsa, ən yaxşı mütəxəssislər bizim universitetlərimizdə yetişər; məmurumuz yaxşı olsa, insanımız qürbət ellərdə yad qapılarında çörək axtarmaz. Həqiqətən də, bu vətəni, bu xalqı sevmək öz işini ən gözəl şəkildə yerinə yetirmək və başqalarının haqqına riayət etməklə olur.  Əhməddə bu keyfiyyətlərin hər ikisi var idi. Xarakter etibarı ilə tox adam idi, heç nəyin hərisi deyildi. Mübahisəni, israrı da sevməzdi, sözünü deyib çəkilər, seçimi qarşı tərəfə buraxardı. 
Onunla tanışlığım 1989-cu ildə Yazıçılar Birliyinin nəzdində açılan Bədii Tərcümə Mərkəzində oldu. O dövrdə respublikada kifayət qədər məşhur olan türkoloq alim Aydın Məmmədov bu Mərkəzə rəhbərlik edirdi və nə qədər istedadlı, söz bilən gənc tanıyırdısa, hamısını oraya toplayırdı. Bir neçə il iş yoldaşı olduq, aramızda hər zaman səmimiyyət, xoş münasibət oldu, onunla bağlı xoş olmayan heç bir xatirəm yoxdur. O dövrdə respublika qaynayırdı, parlament seçkilərində regional xarakterli məşhurlar o Mərkəzə ayaq açdılar, özlərinə vəkil, təbliğatçı tapdılar, amma Əhməd hamısından uzaq durdu. İstəsəydi, hamısından öndə dayanar, ilk şansı da hamıdan əvvəl qapardı, amma istəmədi, eləmədi, çünki soxulmaq, sırtılmaq, mənfəət üçün canfəşanlıq eləmək ona çox-çox uzaq şeylər idi. Tanımayana kənardan soyuq adam təsiri bağışlaya bilərdi, amma tanıyandan sonra onun nə qədər zəngin, kaloritli və mütəvazi olduğuna heyran qalırdın. Söhbətləri o qədər dolğun, canlı idi ki, onun danışdığını sən gözlərinlə görürmüş kimi olurdun. Əli çatmadığı və həsrətindən yanıb yaxıldığı kəndlərindən yaddaşında qalan xatirələri danışanda elə bil bir daha o anları yaşayırdı.
Danışırdı ki: Uşaq idim, bir qonşudan heç xoşum gəlmirdi. Bir qış gecəsində dostum gəlib dedi ki, gedək onların itini daşlayaq, çıxsın çölə, sətəlcəm olub ölsün.  
Danışırdı ki: Kəndimizdə iki uşaq dalaşır, biri o birinə deyir ki, əə, sən gör qarşında kim var e, bizə Müxənnətoğlu deyərlər. 
Sonra da şaqqanaq çəkib deyərdi ki, yazıq bilmir axı müxənnət nə deməkdir.
Uzun müddət Əhmədi kiməsə oxşadırdım, amma tapa bilmirdim ki, kimə, bir dəfə ağlıma gəldi və dedim ki, sən İzzət Altınmeşəyə çox oxşayırsan. Bilmədim, ciddi, ya zarafatla dedi ki, qohumuq. Əhməd Azərbaycan boyda adam idi, o tərəf - bu tərəf, o rayon - bu rayon məsələsi onunçün son dərəcə bayağı, mənasız söhbət idi. Adam kimi adam idi və kimə ürəyi yatırdısa onunla da dostluq edirdi. Xarakterli adam idi, qeybəti sevməzdi, kimsə bir az da dərinə gədərdisə, canı sıxılar və narazılığını açıqca söylərdi. 
Mənə görə, Əhməd bu dili ən gözəl bilən üç-beş nəfərin biri idi. Yazdıqlarını üzə çıxarmağa tələsməz, bir çoxlarının həsəd edə biləcəyi yazıları, şeirləri öz içindəki senzuradan keçirmədən eləcə itirib-batırardı. Üfüqü geniş adam idi və qarşısındakı hər şeyə çox yüksək prizmadan baxa bilirdi. Kömək istəyən, ağız açan hər kəsə qarşı həssas idi, bircə öz canının, öz sağlığının qeydinə qalmırdı. Mən qəzavü-qədərə inanan adamam, amma hər şeyin taleyin üstünə atılmasını da heç qəbul eləyə bilmirəm, çünki biz qəzavü-qədəri düşünməklə deyil, boynumuza düşən vəzifələri yerinə yetirməklə mükəlləfik. Bir an sonra nə olacaq, o bizi bağlamaz, bizi bağlayan bu an bizim nə etməli, hansı qərarı qəbul etməli olduğumuzdur. Bu nöqtədə bir az incikliyim var Əhməddən, çünki bu səbəblə də beləcə tez ayrıldı, balalarını da boynubükük qoyub getdi. 
Doğma bildiyin, xətrini istədiyin adam lap dünyanən o başında da olsa, həftələrlə, aylarla danışmasan belə onun varlığını bilmək, düşünmək insana könül toxluğu verir. Və indi bu şəhərdə, bu ölkədə, bu dünyada Əhməd Oğuzun yoxluğunu düşünmək içimdə böyük bir boşluq açır. Görünür insan bu cür dəyər verdiklərinin itkisini yaşaya-yaşaya ölüm gerçəyi ilə uzlaşır, torpağın soyuq üzünə isnişir, hər yaranan kimi bir gün özünün də öləcəyini ağlına, şüuruna yedirir. 
Təbii, səmimi adamlar bəlkə də çox məşhur olmurlar, amma tanıyanları tərəfindən çox sevilirlər, bu cür adamların itkisi də adamı bərk yandırır. Ola bilsin ki, məni yandıran Əhmədin ölümündən daha çox, onun çox şeyə imkanı olduğu halda o imkanı, gücü çatan şeyləri eləmədən getməyidir. Yəni ölüm yolçuluğuna nə zaman çıxmaq deyil, necə çıxmaq, hansı tədarüklə çıxmaq önəmlidir. 
Qədər - alın yazısı, qəza - o yazının yaşanması, gerçəyə dönməsidir. Yaşanmadan qədərin nə olduğu kimsəyə bəlli olmaz. Əhmədin yazısı bura qədər imiş, dünyanın bu döngəsində doğmalarının, sevənlərinin canına bir yanğı salıb getməliymiş. 
Əhməd Oğuzun ailəsinə, övladlarına başsağlığı verir, ruhuna Allah-Taaladan rəhmət diləyirəm.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top