ƏLİ ÇƏRKƏZOĞLU

Tərtəmiz bir təqvim

Tərtəmiz bir təqvim

ƏLİ ÇƏRKƏZOĞLU
İnsan həyatında heç bir şey təsirsiz, izsiz ötüşmür. Uzun illər öncə baş vermiş və sənə əhəmiyyətsiz kimi görünən hansısa hadisə yaddaşında dönüb-dolaşıb düşüncələrini məşğul edir. 
Başa çatmaqda olan avqust ayı hər zaman həyəcan, gərginlik mərhələsi kimi keçib həyatımdan, hələ də onun mahiyyətini, ovqatını dəyişə bilmirəm. Uşaqlıq illərində bu ay mənim üçün daha çox sevmədiyim bir işlə, ot yığmaqla keçib. İlin on iki ayı qapımızda buynuzundan bağlı inəyimizin mələrtisini kəsmək üçün gün doğmadan qonşu uşaqlarla ota gedirdik. Ya üzümlükdən, ya pambıq sahəsinin yan-yörəsindən yığdığımız otu eşşəyə yükləyib evə gətirirdik. Evin böyük uşağı olduğum üçün inək mələyən kimi hamı mənim üzümə baxırdı, mən də xəcalət təri tökürdüm. Ona görə də o xəcaləti yaşamamaq, bəzən də döyülməmək üçün boyuma biçilmiş o vəzifəni yerinə yetirməli idim. O inəyin mələrtisini kəsmək üçün bəzən elə olurdu ki, gündə iki dəfə, səhər tezdən və axşam üstü özümə söyə-söyə ota gedirdim. Günorta hamı kölgəliyə çəkiləndə də əvvəlcə yarımçıq qalmış yuxumu yatıb doyar, sonra da kanalda çimməyə gedərdim.
Bu ayın ən böyük həyəcanı isə o illərdə ali məktəblərə qəbul imtahanları ilə əlaqəli idi. İddiam o dövr üçün çox yekə görünsə də əl çəkmirdim və iki il uğursuz avqust imtahanlarından sonra günlərlə üzüqoylu qalmışdım. İmtahana qədərki, imtahan dövründəki həyəcan, uğursuz sonluqdan sonrakı üzüntü sözlə ifadə ediləcək deyildi. "Bilik ən böyük meyardır" devizi altında rüşvət, xəyanət yarışı gedirdi. Ciddi, ya zarafatla deyirdilər ki, qəbul imtahanlarında yığılan pulları saymaq mümkün olmadığı üçün metr-metr bölürlər. Təsəvvür edin ki, bu imtahanlar mənim üçün o qədər ağır, həyəcanlı idi ki, iki il Rusiyada əsgəri xidmətdə də o həyəcandan qurtara bilmirdim, ardımca göndərilmiş kitabları vərəqləyirdim ki, öyrəndiklərim yadımdan çıxmasın. 
Daha sonrakı mərhələdə isə avqust bir fəlakət, didərginlik, məhrumiyyət ayına çevrildi mənim üçün. Məlumdur ki, avqustun 23-ü Füzulinin və Cəbrayılın işğalı günüdür. 1993-cü ildə baş verən o dəhşətli hadisələrdən sonra biz öz yaxınlarımızla ya toyda, ya yasda, ya da avqustun 23-də dərdləşmək, ağlaşmaq üçün bir araya gəlirdik. Bu mərhələ nə az, nə çox 27 il davam elədi. Neçə-neçə yaxınımız, doğmamız eləcə üz-üzə, göz-gözə baxışa-baxışa, ümidsizlik içində köçdü dünyadan. İllər ötdükcə ümidlərimiz də sozalırdı və etiraf edim ki, mənim üçün bir daha o yerlərə dönmək arzusu əlçatmaz kimi görünürdü. Amma Allah-Taala bəzən heç qulunun gözləmədiyi yerdən qapılar açır. Ərzurumlu İbrahim Həqqi dədə nə gözəl deyib!:

Naçar qalacaq yerdə,
Dərman edər ol dərdə,
Nagah açar ol pərdə,
Mövla görəlim neylər,
Neylərsə gözəl eylər.


27 sentyabr 2020-ci il tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu və həmin gün başlayan müharibə 10 noyabrda bizim zəfərimizlə tamamlandı. Xülya kimi görünən arzular, ümidlər gerçəkləşdi, itirdiyimiz torpaqlarımızla yanaşı qürurumuzu, şərəfimizi də geri ala bildik. Bu zəfər 28 ilin deyil, 200 ilin zəfəridir. İki əsrdən artıq addım-addım üstümüzə gələn və hər gəlişində də bir şeylər qoparan arxalı köpək ilk dəfə qarşımızda tar-mar oldu. Doğrudur, müxtəlif səbəblər üzündən hər şeyi sonuna qədər əldə edə bilmədik, amma inanıram ki, bundan sonra bir ölkə, dövlət olaraq hər şeyi doğru-düzgün yerinə yetirə bilsək, yarımçıq qalan işlərimiz qansız-qadasız da həll oluna bilər. 
Səhv eləmirəmsə bu bənzətməni ötən yazılarımdan birində də işlətmişdim: "Şərikli çörək" filminin sonunda belə bir epizod var: Müharibə başa çatıb, hər kəs sevinc içindədir, artıq yeni həyat başlayır və yanğınsöndürənlər  divara iri hərflərlə yazılmış "Hər şey cəbhə üçün" şüarını yuyurlar. Doğrudur, bizim üçün hələ hər şey qurtarmayıb, amma bir il əvvələ qədər təqvimimizdəki qara ləkələr 10 noyabrın sevinci ilə yuyulub getdi. Bir neçə il əvvəl sosial şəbəkələrdə, mətbuatda tez-tez hansısa müğənninin hansısa rayonumuzun işğalı günüdə haradasa konsert verdiyi, məclis apardığı haqda bir xəbər yayılırdı, sonra da camaat tökülürdü onun üstünə, vur ki vurasan. "Erməni"yə qədər kimin ağzına nə gəldisə yapışdırırdı o müğənninin alnına. Hamısı keçdi, təqvimdə qara boyanmış bütün o günlərin rəngi dəyişdi, amma illər uzunu yaşanmış o gərginliyin, o həyəcanın izləri hələ də canımızdan çıxmayıb. Hacamat haqqında bir yazıda oxumuşdum ki, bir neçə dəfə eyni yerdən qan aldırırsansa, artıq bədən buna öyrəşir və bütün çirki məhz həmin yerə yığır. Doğrudan da insan hələ tam öyrənilməmiş sahədir. Bəlkə də bu avqust mənim üçün həyatımın ən xoş, ən rahat ayı olmalı idi, çünki zəfərdən sonrakı ilk avqustu yaşayırdım, ancaq etiraf edim ki, o ağrının, o həyəcanın hələ də canımdan çıxmadığını gördüm. Amma ümid edirəm ki, inşallah çıxacaq. Xəstəlik bir gündə keçmədiyi, yara bir anda sağalmadığı kimi, illər boyunca içimizdə kök salmış sıxıntıların, acıların bir anda silinib gedəcəyini gözləmək də əbəsdir. İnsan yaddaşı, psixologiyası "xruşşovka" divarı deyil ki, ora yazılmış hər şeyi bir anda su ilə yuya biləsən. Çox şeyin zamana ehtiyacı var. İnşallah bundan sonra zaman bizim xeyrimizə işləyəcək, amma yetər ki, boynumuza düşən işləri adam kimi yerinə yetirə bilək. 
Orta məktəb kitablarının, dəftərlərin iç səhifəsini açıb baxıram. "Unutma" başlığı altında təqvimimizin qara günləri sıralanıb gedir. 20 Yanvarla başlayan bu qara siyahı demək olar ki, hər aya öz izini salıb. O təqvimdə 20 Yanvar daha dərin qatlara enən mətləblərə uzanır, qalanları isə hamısı erməni düşmənlərimizin imzasını daşıyır. Bütün o qara günlərin içində qürur duyduğum tək əlamətdar gün 15 Sentyabr, Bakının rus-erməni işğalçılarından azad olunması idi. Təsəvvür edirsinizmi, 123 il əvvəl düşmənlərimiz Bakı ilə bağlı xülyalar qurmuşdular. Bu mənada 10 Noyabr zəfəri elə 15 Sentyabrın davamıdır, ümid və dua eləyək ki, Allah bu gedişin ardını görməyi də bizlərə nəsib eləsin.
Ağappaq, tərtəmiz bir təqvimimiz var. Bütün qara ləkələr silinib gedib. Amma unutmaq olmaz ki, bu ağların yerində bir zaman nə qədər qara ləkələr olub. Tez-tez təkrarlanan, amma hər zaman öz aktuallığını saxlayan bir həqiqəti xatırlatmaq istəyirəm: Unudulan tarix təkrar yaşanır. İstəmirəm ki, xalqımız bir daha o qara günləri yaşasın. Düşmənimiz son dərəcə riyakar, yaltaq, kəmfürsətdir. Əmin olun ki, ermənilər nə zaman bizim qədər güclü olduqlarına inansalar, həmən bir bəhanə ilə savaşa başlayacaqlar. Ona görə də hər zaman güclü olmalıyıq. Unutmayaq ki, dövlətin gücü təkcə silahında deyil, həm də ədalətindədir. Bizim silahımız da, ədalətimiz də düşməndən üstün olmalıdır ki, qarşı tərəf qabağımızda at oynada bilməsin. Arxayınçılıq fəlakətdir, biz heç zaman arxayın olmamalı, hər an sözün hər mənasında gücümüzə güc qatmalıyıq. Elə etməliyik ki, bu tərtəmiz təqvimimizə bir daha qara ləkələr düşməsin.  

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top