Ömrünü-gününü xoşbəxt yaşayıb dünyanın faniliyinə baş vurmayanlar üçün hər cür kədər ağır dərddi. Belələri ən adi çətinliklə üzləşəndə belə dünyanı söyüb-yamanlayır, sızıltıları, ah-nalələri dünyanı başına götürür, deyirsən ki, görən nə olub. Elə insanlar da var ki, sanki dərdlə qoşa doğulur, həyat hər zaman onu sınaqlarla üz-üzə qoyur, uşaqlığı da, gəncliyi də çarpışmalarda keçir. Amma onlar kədəri şərbət kimi içir, dərdi Yaradanın ərmağanı kimi qəbul ediblər. Belələri çox zaman öz dərdlərini unudur, vətənin, elin-obanın dərdlərini çəkir.
O, buna bənzər ömür yaşadı. Həyatda qisməti daha çox ağrı-acı, sıxıntı oldu. Bu ağrıları ürəyində çəkdi, çoxları onun göynərtilərini duymadı. Ancaq o, bu qismətinə görə bu dünyadan şikayətçi olmadı:
Heç vaxt əzabıma əzab vermədi,
Məni qısqanmadı dəhşətə dünya.
Bircə günümü də, bir öynəmi də
Tamarzı qoymadı möhnətə dünya.
Onun yeddi bəndlik "Dünya" şeirinin hər misrası ürəkdə, bəlkə də, illərlə cilalanıb. Bir baxın:
Zülmümü taxtından heç endirmədi,
Dərdimin gözünü nəmləndirmədi.
Sağ olsun, qəmimi qəmləndirmədi
Mindirdi qəmimi hörmətə dünya.
Şeirin son bəndini oxuduqdan sonra bu ömrün qismətinə acımaya bilmirsən:
Şahmaram, qüdrətim şahmar olmadı,
Müşküllər qarşımda naçar olmadı.
Zillətim zillətə düçar olmadı,
Tac qoydu içimdə zillətə dünya!
Şahmar Əkbərzadənin şeirlərinin çoxu onun ömür payının poeziyaya dönmüş əksidir. Bu misralardan ("Həsrət qoxlayıram çiçək yerinə" şeirindən) süzülən ağrı, həsrət xalqın ürəyindən su içib:
Axıb Arazlandı qızıl qanımız,
Zorla qürbətləndi xanimanımız.
Yada ətir saçdı gülüstanımız
Mən həsrət qoxladım çiçək yerinə.
Güvəndiyi dağlara qar yağması, pir bildiyinin odu öz qabağına çəkməsi, pünhan sirrini söylədiyinin o sirri düşmənə faş eləməsi, sərvəti yadları yağ-balla dolandıran yurdun övladlarının isə yavanlığının daim göz yaşları olması kimi dərdlər Şahmar Əkbərzadəni heç vaxt rahat buraxmırdı. Üzü dönmüş dünyada adamların adamlığını itirməsi, kələklə gələnin küləklə getməməsi, çaqqalın qurda dönüb, tülkünün şirləşməsi, namərdlərin birləşib, mərdlərin əyişməsi, qısaca desək, insanların yaşayıb insanlığın ölməsi (Bəxtiyar Vahabzadə) də onun şeirlərində böyük ağrı ilə ("Allah amandı") təsvir olunur. O, Cavad Heyətə yazdığı "Salam de!" şeirində də qeyd edir ki, "yer üzündə həsrət, möhnət sarıdan, bizdən varlı yaratmayıb yaradan!". Bu şeir onun cənub həsrəti ilə bağlıdı. Bu həsrət, o dövrün əksər yazarları kimi, Şahmar poeziyasının yaralı qolu idi.
Bütün bunlar onun ürək ağrılarına çevrilmişdi. Elə ürək ağrılarından da dünyasına qovuşmuş şair-publisist Şahmar Əkbərzadə çiçək yerinə həsrət qoxulayan xalqın vicdanlı oğluydu. Buna görə də onun istər publisistik yazılarında, istərsə də şeirlərində "vətən daşı" olmaq istəyi yaşayır. Onun poeziyası haqqında türk dünyasının görkəmli qələm sahibləri - Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov, Oljas Süleymenov və başqalarının ürək sözləri bu fikrin təsdiqidir... Türk dünyasının tanınmış yazarlarından olan İrfan Ünvər Nəsrəddinoğlu Şahmar Əkbərzadə yaradıcılığına belə qiymətləndirib: "Onun yaradıcılığını dəyərləndirənlərin başında ustadımız Bəxtiyar Vahabzadə dayanır. Ədəbiyyata gəlişi də ilk dəfə onun xeyir-duası ilə olub. Ünlü Azərbaycan şairləri Nəbi Xəzrinin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Məmməd Aslanın və başqalarının Şahmar yaradıcılığına verdiyi qiymət onun poeziyasının yaşarlığına tutarlı zəmanətdir.
Şahmar Əkbərzadə haqqında çox yazmaq olar, nə qədər yazılır-yazılsın, yenə azdır. O, bizim sərhədsiz ruhumuzdur".
Onun hər bir şeiri, hər bir yazısı, belə demək olarsa, günün manşeti olurdu, yaddaşlara yazılırdı. Çünki Şahmar müəllim istər şeirdə, istərsə də jurnalistikada özünəməxsus üsluba, ifadə tərzinə malik idi. İtirilmiş yurd yerlərimiz, düşmən tapdağı altında olan torpaqlarımızın həsrəti, ağrı-acısı ilə yaşayır, haray qoparırdı Şahmar Əkbərzadə:
Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı bulağının
Göz yaşları sel olubmu?
Şahmar Əkbərzadə şeirlərinin çoxu - "Nağara", "Ayırar bu dünya bizi nə vaxtsa", "Dağdağan", "Mərkəzi poçtxana", "Əlvida" və başqa şeirlər əzbərlənməyə layiq əsərlərdir. "Dağdağan" şeirinin son bəndi heç yadımdan çıxmır:
...Sərhəd kənarında cavan yaşımda
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında
Vətəni vətənə birləşdirirdi.
O, çox sadə, kövrək ürək sahibi idi. Buna görə də vətənlə, Türk dünyası ilə bağlı hər xəbərdən, olaydan təsirlənindi. Onda Şahmar müəllim "Mədəniyyət" qəzetinin baş redaktoru idi. Bizim "Tumurcuq" qəzetinin də ayaq tutan, hər sayının daha maraqla oxunan vaxtıydı. Hər yeni sayımızı oxuyub fikrini söyləyirdi. Onun təklif və iradlarını qiymətli sayırdım. Bir dəfə otağa girəndə gördüm oturub "Tumurcuq"un saylarını vərəqləyir. Dedi Kıbrısla bağlı yazdıqlarını oxumuşam, xoşuma gəlib. Sonra əlavə etdi ki, məni də payızda Kıbrısda keçiriləcək şeir şöləninə dəvət ediblər, yazıların olan qəzetləri ver, oradakı dostlarına çatdırım... Hiss etdim ki, Şahmar müəllim bu dəvətdən məmnundur. Çünki o, orada təkcə müxtəlif ölkələrdən gələn yazarlarla yox, illərlə arzusunda olduğu mübariz Kıbrıs türklərinin həyatı, qurduqları cümhüriyyətinin uğurları ilə tanış olacaq, yeni dostlar qazanacaqdı...
Həmişə olduğu kimi, o gün də işə tez gəlmişdim. "Azərbaycan" nəşriyyatının qapısından girən kimi elə bil məni ildırım vurdu. Divardakı qara haşiyəli çərçivədən Şahmar müəllim fikirli-fikirli mənə baxırdı...
O, 58 ilmi (28 dekabr1941-ci il - 30 avqust 2000-ci il) yaşadı? Yox, məncə bu sualın cavabını Şahmar Əkbərzadənin daim narahat yaşayan və həsrət qoxulayan ürəyi hamıdan yaxşı bilərdi. Ruhu şad oldun!