SƏMƏD MƏLİKZADƏ

Qızıl səs

Qızıl səs

SƏMƏD MƏLİKZADƏ
Sabah böyük sənətkar Rəşid Behbudovun (14 dekabr 1915-ci il – 9 iyun1989-cu il) anadan olduğu gündür.
Onun bənzərsiz səsi Günəşin ilıq şəfəqləri kimi, səhər mehi kimi, yay yağış kimi, ciyərimiz yananda içib rahatlıq tapdığımız bulaq suyu kimi, kövrələndə ruhumuzu ovudan ana laylası kimidir.
Gözümün nuru, canım ana!
Sən məni böyütdün, yana-yana...
Cənnət qoxulu analarımızı bunca gözəl vəsf edən mahnı varmı? Müğənni bu mahnını elə yanıqlı ifa edir ki, gözlərin dolur və cənnətin anaların ayaqları altında olduğuna bir daha inanırsan. Bu ifa analara qoyulan ən böyük abidə, sənət əsəridir.
Rəşid bəyin oxuduğu mahnılar həm də bizim şirin, kövrək arzularımızın əksidir. O səs o taylı-bu taylı Azərbaycanın ürək çırpıntılarıdır. Biz o səsə sarılıb Bakını, Gəncəni, Naxçıvanı, Dərbəndi, Tiflisi, İrəvanı, Təbrizi, Ərdəbili gəzib dolanırıq. O zaman Vətən bizə daha əzəmətli və gözəl görünür.
O, xalq və bəstəkar mahnılarını gözəl, özünəməxsus ifa edir, mahnıya möhür vururdu.
Lirik mahnıların vurğunu və mahir ifaçısı idi.
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aralıqda söz olmasın…
Bu qədim el mahnısı Rəşid Behbudovun ifasında sanki şəkillənir. O oxuduqca, mahnı dinləyicinin gözləri önündə bir videolentə çevrilir. (Hərgah, suyun baha olduğu indiki vaxtda küçələrə su səpmək bir az real görünmür. Ancaq yar gələcəksə, küçəyə nəinki su səpmək, hətta o yolu şampunla yumaq, o yerlərə gül-çiçək də səpmək olar).
Rəşid Behbudov dünyada Azərbaycanın səs elçisi idi. O, dünyanın çox az ölkəsi var ki, orada konsert verməsin. Eyni zamanda, onun repertuarında dünya xalqlarının çoxunun mahnıları vardı. Müğənni o mahnıları elə ustalıqla, canlı oxuyurdu ki, onu dönə-dönə alqışlayırdılar.
O, bir canlı əfsanə idi. Bu dünyadan gedişi də əfsanəyə, nağıla çevrildi. Amma Rəşid Behbudov hər zaman bizimlədir – ilk növbədə möhkəm vətəndaş mövqeyi, gözəl insani keyfiyyətləri və bənzərsiz səsi ilə. Nə qədər ki Azərbaycan musiqisi olacaq, Rəşidin qızıl səsi yaşayacaq və sərhədləri aşıb, dünyanı dolaşacaq.
Oxu, qoca Rəşid! Sən oxuyanda dərdlərimiz dağılır, çöhrəmiz işıqlanır, qəlbimiz sevinir. Sən oxuyanda ölmüş arzularımız yenidən canlanır. Sənin şirin səsin hava kimi ciyərlərimizə hopur, ruhumuzu ovudur...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top