SƏMƏD MƏLİKZADƏ

Payıza bir yarpaq vida sözü

Payıza bir yarpaq vida sözü

SƏMƏD MƏLİKZADƏ
Bəzən təbiət də insanlar kimi, əbədi bölgüyə məhəl qoymur. Olur ki, təqvimdə yaz gəlir, həftələr ötür, ancaq günlərin sir-sifəti açılmaq bilmir ki, bilmir. Yazın ortasında soyuq payız küləkləri əsir, bəzən də qırov, qar düşür. Tumurcuqlamış, çiçək açmış ağac və kollar oyanmalarına peşman olurlar. Belə günlərdə ürəyi bahara köklənmişlər daha çox darıxır. Bəzən də böyük çillənin ortasında, mayın axırlarında olduğu kimi, pencəkdə kürəyin tərləyir. Hətta ağaclar da vaxtsız oyanır, çiçək açır. Nə bilsinlər hələ şaxtalı, çovğunlu çağlar qabaqdadı (Bu, bir az bəzi insanların vaxtsız, vədəsiz sevdalanmasına bənzəyir – ya tələsir, ya da gecikir...). Belə dəmlərdə fikirləşirsən ki, Xudaya, yoxsa, qışla yazın yerini dəyişmisən, bəndələrinin xəbəri yoxdu?
İnsan da, hansı yaşda olur-olsun, xoş, ağrısız günündə elə bilir hələ cavandı, elə bilir ömrün payızına çox qalıb. Ona görə ötən günləri vecinə almır... Amma, ancaq və lakin unudur ki, hər şey göründüyü və düşünüldüyü kimi deyil..
Bu il təqvimdə payız girsə də, təbiətdə hələ qaynarlıq yaşanırdı. Sanki düz-dünya sarışın paltarını geyinməyə, quşlar qürbətə uçmağa tələsmirdi. Bağlarda heyva hələ sarala-sarala, nar qızara-qızara dünyaya baxırdı. İnsanlar da bu yaxınlara kimi isti paltar geyinməyi lazım bilmirdilər... Amma ürəklərdə bir payız havası vardı. O havanı arabir budaqlara vida deyən yarpaqlar, ilk payız yağışından sonra təbiətə hakim kəsilən həzinlik, nigarançılıq, yenidən göyərən otlar, dağların sinəsinə çəkilən xınalı naxışlar doğurmuşdu. Payız addım-addım, sakitcə gəlirdi. Məncə, bu duyğuların ürəyimizdə yaratdığı təzadlı ovqat əslində sözlə təsvirə gəlməz. Çünki o hisslər rənglərin qarışığından yaranmış bir şeydi. Bu çulğaşma fikir bulantısıdır. Bu qarışım, adətən, ilin yaz-yayını yola salandan sonra düşüncələrimizdə formalaşmağa başlayır. Və günlər ötdükcə bu dünyanın işığı da, yağışı da, səs-küyü də, sevinci, kədəri də o rəngin canına qarışır. Yalnız bundan sonra hiss edirik ki, təbiət ahıllaşıb, kövrəkləşib. Belə məqamlarda sanki canlı-cansız hər şey içinə çəkilir, öz daxilində gizlənməyə çalışır. Belə çağlarda insan quşlara qoşulub uzaqlara uçmaq, bulud olub yağışa dönmək, bir xoş duyğu olub tənha, kimsəsiz insanların ümidinə çevrilmək istəyir...
O gün həyətdə gəzişir, barı dərilmiş nar, heyva ağaclarına baxırdım. Hava elə ilıq və xoş idi ki, evə girmək istəmirdim. Bu dəqiqələrdə göy üzündən bir qatar qaz uçub keçdi. Səsləri çox zəif eşidilirdi. O quşları görcək elə bil xatirə kontaktına düşdüm və uşaqlığımda olmuş bir olayı xatırladım. O xatirə mənə əzizdir. Bəlkə ona görə ki, o xatirədə ata-anam hələ cavan yaşdadırlar. Bəlkə ona görə ki, o illər ömrümün qayğısız çağlarıdı, qədərimdə nələr olduğundan xəbərsizəm.
Atam yaxşı ovçu idi. Günlərin bir günü Küdrü düzündən yaralı qu quşu tutub gətirmişdi. Anam quşun yarasını ilıq su ilə yudu, sonra yaraya dərman səpib bağladı. Qu quşu bütün günü ağlayırdı. Ot, yonca verirdik yemirdi. Onun halı hamımızı üzürdü... Anam deyirdi ki, yəqin balasını gözləri önündə vurublar, ya da ailəsi üçün ağlayır, yarası sağalan kimi aparıb Küdrüyə buraxın, uçub getsin, bu, ah-nalədi...
Bu aylarda çox darıxıram. Elə bilirəm uzaqdan kimsə gələcək... Amma o adam gəlib çıxmır, nə də zəng edir. Əslində o Allah bəndəsinin kim olduğu mənim üçün məchuldu. Bəlkə heç üzünü görməmişəm, həndəvərində dolanmamışam, səsini eşitməmişəm... Adamın cibində pulu olmaz, soyuqda-qarda geyinməyə isti paltarı, rahat evi olmaz, fikir çəkər. Sonra ağlıma gəlir ki, yox, məni darıxdıran başqa şeylərdi.
Darıxanda hərdən geyinib Küdrüyə gedirəm. Cəngi gölünün yulğunluğa çevrilmiş yatağından və qarağan kollarının arasından keçib uşaqlığımın oylağına çıxıram. Son illərdə iribuynuzlu məmurlar tərəfindən sinəsinə çalın-çarpaz dağlar çəkilmiş Küdrü düzündə nə axtardığımı özüm də bilmirəm – göbələk yığan, yaşıdları ilə qaçdı-tutdu oynayan, at sürən o qarayanız oğlanımı, yoxsa qədəri qədərimə bənzər o ağ qu quşunumu...
Bu ilin payızı sakit, təmkinli, xeyirxah insana bənzəyir. Günlər elə sakit axıb gedirdi ki, adam ürəyində payıza təşəkkür etməyə bilmirdi. İndi torpağın sinəsi yaşıldı. Vaxtında səpin aparılmış ərazilərdə zəmilər xeyli boy atıb. Demək, payız öz nəfəsi ilə torpağa bərəkət havası verib.
Son həftələrdə havaların soyuması, yarpaq tökümü xeyli sürətlənib. Artıq bəzi ağacların budaqları çılpaqlaşıb. Baxdıqda adam üşüyür. Amma kədərlənməyə dəyməz. Çünki həftələr, aylar ötəcək, ağaclar yarpaq paltarını yenidən geyinəcək, çiçək açacaq. Amma ömrümüzün daha bir ili heç vaxt dönməyəcək və bundan sonra neçə payız görsək də o payızlarda builki ovqatı yaşada bilməyəcəyik.
Sağ ol, Payız! Sən süfrəmə əlavə bərəkət qatdın, yaşa dolduqca daha da incələn qəlbimə isti duyğular bəxş elədin, indiyədək ayırd edə bilmədiyim bir çox həqiqətləri aydınlatdın, həyatın nə qədər şirin olduğunu bir daha göstərdin, məni sevindirdin, kövrəltdin, qəribsətdin...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top