SƏMƏD MƏLİKZADƏ

Saqqalım ağardı, ağsaqqal ola bilmədim

Saqqalım ağardı, ağsaqqal ola bilmədim

SƏMƏD MƏLİKZADƏ
Bəlli ki, saqqalın ağlığı insanın ağsaqqal olması üçün yetərincə imtiyaz vermir. Çünki ağsaqqallıq elə bir bacarıqdır ki, bu, yaşa, savada, vəzifəyə, varlı və kasıb olmağa baxmaz. Bunun üçün ilk növbədə, gərək sən hər kəsə, hər bir məsələyə haqqın, ədalətin gözü ilə baxasan. Əməlinlə sözün bir olmalı, toplumu arxanca aparmaq bacarığın olmalıdır...
Köhnə kişilər alın təri ilə qazanılan bir tikə çörəyi, bir dadım duzu əyri yolla əldə edilən var-dövlətdən uca tutublar. Əlbəttə bu, hər kəsə qismət olmayan xoşbəxtlikdir. Ancaq, atalar demiş, halva, halva deməklə ağız şirin olmur, gərək halvanın ortaya çıxması üçün onun ununu, şəkərini qazanasan, üstəlik də yaxşı bişirməyi bacarasan... Yox, halvanın bu söhbətə o qədər də dəxli yoxdur, məqamı düşdü, dedik. Bir də gündə, günaşırı kimdi halva yeyən. Dükan, bazarda bəyəm azdı köhnə, hansı yağla bişirildiyi məlum olmayan şirniyyat, al ötür içəri, axırı nə olar, olar!
Dünya yaman dəyişib. Yaxşılar, sözübütövlər, halal qazancı haramdan üstün tutanlar çox azalıb. Bunu, demək olar ki, hər gün hiss edirik. İndi əyri yolun yolçuları düzləri aldadıb düzdə qoyurlar və bununla fəxr edənlər də olur. Bir də görürsən ki, belə dələduzlar, cələqırmışlar hansı məclisdəsə oturub düzlükdən danışır, təmiz, vicdanlı adam isə susur. Oradakı adamların əksəriyyəti də o yaramazın dediklərinə haqq qazandırır... Halbuki, bəyənmədiyimiz Sovetin vaxtında belələri cəmiyyətdə keçmişin qalığı sayılırdı, rüşvətxorlar, alverçilər, dəllallar, falabaxanlar hökumət və əhali tərəfindən gözümçıxdıya salınırdı. Onda da əyri yolla qazanc əldə edən, dövlətin malını mənimsəyən, südə su qatan, çörəyin çəkisini azaldan vardı. Daha indiki qədər harınlayanlar, rüşvətxor olub düzlükdən danışan, taxta başıynan xalqa ağıl öyrətməyə çalışan, özü əxlaqsız olub ekranda namusdan danışan bu qədər yox idi...
Deyəsən, mətləbdən bir qədər yayındıq. Amma diqqətlə fikir verilsə, o deyilənlərin dolayı yolla mövzuya dəxli var. Çünki təbiətdə hər olayın, dəyişimin, qabarma-çəkilmənin zəncirvari  olaraq biri-birinə bağlılığını qəbul ediriksə, cəmiyyətdə də buna bənzər hadisələr – inkişaf, mənəvi aşınma, adət-ənənələrin zədələnməsi prosesləri gedir. Xalqın, toplumun həyatında böyük rol oynayan ağsaqqallıq da son onilliklərdə xeyli deformasiyaya uğrayıb. Bu, əlbəttə, indi daha çox cəmiyyətin, belə demək olarsa, bazar qanunları ilə idarə olunması ilə, adət-ənənələrdə baş verən aşınmalarla bağlıdır. Respublikada Ağsaqqallar Şurası deyilən bir qurum var. Siz heç o təşkilatın ölkəmizdə baş verən taleyüklü məsələlərdə cınqırını çıxardığını eşitmisizmi?  Təbii ki, yox! Çünki o təşkilata rəhbərlik edən adamı xalq özünə ağsaqqal seçməyib. Ətrafındakıları da eləcə.
Bir vaxtlar ağsaqqallar xalqın xeyir-şərində öndə gedər, hətta bəzən qan davasının aradan qaldırılması üçün vəsilə olardı. Çünki belə şəxslərin el-obada böyük nüfuzu vardı.
Bu günlərdə kənddə yas mərasiminə getmişdim. Orada olanların çoxunu tanıyırdım. Hacılar yuxarı başda oturmuşdular və sonradan gələn hacıları da çağırıb onların yanında yer eləyirdilər. Mənimlə yanaşı kənd məktəbinin müəllimi əyləşmişdi. Hər ikimiz sakit oturub məclisin gedişini izləyirdik. Arada müəllim mənə tərəf əyilib dedi ki, bu kəndin oxumuşları, ziyalısı bizik. Amma bizi sayıb, yuxarı başa dəvət eləmədilər. Halbuki, dünənədək dələduzluq edən, sonradan pullanıb həccə gedənləri ağsaqqal sayırlar. Özü də görürsən, yeddi eşşəkli xoca kimi nə özlərini çəkib oturublar. Bunlar camaatın hansı dərdinə çarə olublar, hansı kimsəsizə əl tutublar? Biz heç, Yaqub kişi bu kənddə hər kəsə əlindən gələn köməyi edib, o da cavanların arasında oturub...
 Müəllimin sözləri həqiqət olsa da, ona zarafatla cavab verdim:
- Müəllim, şəxsən mənim üçün bura daha rahatdı, siz də yuxarı başda oturmaq istəyirsinizsə, həccə gedin...
Molla sözünü qurtarmamış söhbət başladı. Hərə bir məsələdən danışdı. Fatihə verilən kimi durub yas sahibinə dil-ağız elədim, “son qəminiz olsun” deyib oradan uzaqlaşdım.
Evə çatanadək müəllimin sözlərini çox çək-çevir elədim. Kəndimin ilk ali təhsil almış oğlu kimi özümü, əməllərimi mühakimə etdim. İllərlə elimdən, obamdan uzaq yaşadım, kəndimin problemlərinin həllinə əməlli-başlı köməyim dəymədi...
Artıq saç-saqqalım ağarıb. Təvazökarlıqdan bir qədər uzaq olsa da, mən öz peşəmdə, işlədiyim kollektivlərdə ağsaqqal oldum, amma doğulub boya-başa çatdığım kənddə ağsaqqal ola bilmədim.
Bu, mənim etirafımdı.
Bu yazıya görə isə məni qınayıb-qınanamaq sizin işinizdi.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top