ÜRFAN MƏMMƏDLİ

Ermənistan bizə minnətdar olacaq

Ermənistan bizə minnətdar olacaq

ÜRFAN MƏMMƏDLİ
Uzun illərdir ki, ermənilər “Böyük Ermənistan” xülyası ilə yaşayır. Uzun illərdir ki, Ermənistan iqtisadi gücünü artırmaq əvəzinə bütün enerjisini ərazisini böyütmək üçün sərf edir.
30 ildən çoxdur ki, Ermənistan Qarabağı Azərbaycandan qopartmaq üçün qapı-qapı gəzir, ona-buna yalvarır. Ermənilər bütün enerjilərini sərf edərək keçmiş DQMV-nin 3,3 min kvadratkilometrlik ərazisini 13 min kvadratkilometrə “çatdırdılar”. Özləri üçün yeni xəritələr tərtib etdilər. Həmin xəritələrdə yeni sərhədlər çəkdilər.
3 il əvvəl, 44 günlük müharibə nəticəsində həmin ərazi 3 min kvadratkilometrə endi. Yenə gələcəklərini düşünmədilər. Yenə yeni xəritələrə müraciət etdilər. Yenə sərhəd cızdılar. Amma bu dəfə balaca ərazi üçün. SSRİ vaxtındakından daha balaca ərazi üçün.
Düşünmək üçün xeyli əsas yarandı, amma yenə düşünmədilər. Özlərinə “Biz nə edirik?” sualını vermədilər. Bu cür suallara arxa çevirdikcə, sürətlə yeni itkilərin üstünə getdilər, yeni suallarla qarşı-qarşıya qaldılar. Amma bu suallardan da yayınmaq yolunu tutdular.
15-20 il əvvəl Bakının təklifini qəbul etsəydilər, indi paytaxta DTX-nin zirehli maşınlarında deyil, Azərbaycan polisinin müşayət etdiyi böyük karteçlərdə gələcəkdilər. İndi təcridxana kameralarında deyil, Prezident Aparatının möhtəşəm qəbul otaqlarında ən qiymətli məmurlar kimi qəbul ediləcəkdilər.
İstəmədilər. Təklif olunmuş paydan imtina etdilər.
Qukasyanlar, Saakyanlar, Arutyunyanlar, Vartanyanlar və neçə-neçə “yanları” qurban verdilər.
Nəhayət, Qarabağı tam itirdilər.
30 illik (bəlkə də, 200 illk) “mübarizənin” bir heçin uğrunda olduğu aydınlaşdı.
Özləri “Böyük Ermənistan”dan danışdılar, amma papaqlarını qarşılarına qoyub “bu “böyük dövlət” niyə 29,8 min kvadratkilometrə sığındı” sualına cavab axtarmadılar.
Güzəransızlıqdan bütün dünyaya səpələndilər.
Lobbilər yaratdılar. Yaşadıqları ölkələrin hökumətlərinə təsir rıçaqları qurdular. Böyük enerji, böyük kapital xərclədilər.
Bu enerjini, bu kapitalı əllərində olan dövlətin çiçəklənməsinə sərf etmək heç kimin – heç bir erməninin yadına düşmədi.
***
Artıq Ermənistanın Qarabağ adlı yarası yoxdur.
Yalnız 29,8 min kv.km-lik kiçik bir ərazidə Ermənistan adlı bir dövlətləri qalıb. Gələcəkləri barədə düşünməsələr, indi də onu itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar.
Bizim Ermənistan ərazisinə iddiamız yoxdur. Özləri də ərazilərini itirmək sevdasına düşməsələr, bundan sonra dövlətlərini inkişaf etdirməyə çalışsalar, nəticəsini də görəcəklər.
Bunun siqnallarını da verirlər.
Revanşistləri pisləməyə başlayıblar.
“Torpağımız var, kadastrı yoxdur” deyirlər.
“Bu ərazidə yaxşı yaşamaq istəyirik” deyənləri var.
Ermənistanı Qarabağ yarasından biz xilas etdik.
Özlərini yaxşı aparsalar bizdən kadastr da alacaqlar.
Daha 15-20 il keçəcək, almanlar hitlerçilərə faşist dedikləri kimi, ermənilər də onları qonşularla üz-üzə qoyanları düşmən elan edəcəklər. Qarabağ bəlasından qurtardıqlarına görə öz enerjilərini, öz kapitallarını güzəranlarının yaxışılaşması, dövlətlərinin inkişafı üçün xərcləyəcəklər.
Bütün bunları gördükdən sonra Ermənistan əhalisi onların Qarabağ adlı irin verən çibanını kəsib atdığına görə Azərbaycana minnatdar olacaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top