ÜRFAN MƏMMƏDLİ

Qütblərin müharibəsi

Qütblərin müharibəsi

ÜRFAN MƏMMƏDLİ
Dünyanın böyük gücləri həmişə qütblərə bölünərək antaqonist mübarizədə olublar. Qütblərin hər biri özünü sülh göyərçini kimi görüb digərini şər qüvvə kimi qələmə verməyə çalışıb.
Əlbəttə, kiçik dövlətlər istəsələr belə, qütb yarada bilməzlər. Onlar mövcud qütblərdən birinə sığınmağa məhkumdurlar. Əks təqdirdə ayaq altında qala bilərlər.
Bəs hansı qütbə meyl etməli?
Məsələ burasındadır ki, ta qədimdən dünya xeyirlə şərin mübarizə meydanına çevrilib, amma bu qüvvələrin heç biri digərini indiyə qədər tamamilə sıradan çıxara bilməyib. Xeyir şəri həmişə zəiflədib, amma məhv etməyib. Zaman keçdikcə şər yenidən güc toplayaraq dominantlıq iddiasına düşüb. Ona görə də kiçik dövlətlər qütb seçərkən öz xislətlərinə uyğun olana meyl edirlər.
Çar Rusiyası uzun illər ərzində azsaylı xalqları zor gücünə öz nüfuzu altına almaqla şərin təmsilçisi olub. Elə bu səbəbdən də onun xələfi olan SSRİ-ni Qərb şər imperiyası adlandırırdı. Qərb bu imperiyanı məhv etmək üçün 70 il mübarizə apardı və nəhayət, istəyinə nail oldu.
SSRİ-nin dağılması ilə yaranan yeni dövlətlər xoşbəxtliyi Qərbdə axtaramağa başladılar. Rusiya özünə gələnə qədər Pribaltika ölkələri Qərb qütbünə qoşula bildilər. Keçmiş SSRİ məkanının digər dövlətləri isə tərəddütdə qaldılar. Hansı tərəfə meyl etsinlər?
Orta Asiya dövlətləri istisna olmaqla digər bütün dövlətlər xalq hakimiyyətini bərqərar etməklə keçmiş zülmlərin təsiri altında Qərbə inteqrasiya yolunu tutdular. Bunun qarşısını almaq üçün Rusiya əvvəlcə MDB və KTMT (Kollektiv Təhlükəsizlik Müqavilsi Təşkilatı) kimi qurumlar yaratmaqla vaxt qazanmaq yolunu tutdu, iqtisadiyyatını bir qədər dirçəltdikdən sonra isə sələflərinin sınanmış “ayır-buyur”, “parçala-hökm sür” siyasətini işə saldı. Ukraynanı, Moldovanı, Gürcüstanı, Azərbaycanı və Ermənistanı özünə tabe etmək məqsədi ilə Donetsk və Luqanskda, Dnestryanıda, Cənubi Osetiya və Abxaziyada, eləcə də Qarabağda separatizmi alovlandırdı. Rusiyanın bu planı, demək olar ki, baş tutdu və SSRİ-nin təmsil etdiyi qütbü bərpa etdi.
Qərb isə SSRİ-yə qarşı tətbiq etdiyi mübarizə metodunu Rusiyaya yönəltdi.
Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi, əslində, qütblərin müharibəsidir.
Gəlin bu müharibənin necə başladığını yadımıza salaq.
Qərb guya Ukraynanı NATO-ya qəbul edəcəyi görüntüləri verməyə başladı, bu barədə müzakirələr keçirdi, Rusiyanı qıcıqlandırmaq üçün bütün mümkün variantlara əl atdı. Hətta dövriyyəyə Rusiyanın Ukraynaya hücum edəcəyi barədə informasiyalar buraxdı. Rusiya isə bu informasiyaları qətiyyətlə təkzib edirdi. Hətta bir ara Ukrayna ilə sərhəddəki hərbi güclərini geri çəkməklə belə bir planının olmadığını nümayiş etdirdi. Qərb isə Rusiyanın Ukraynaya müdaxiləsinin gerçəkliyə çevrilməsi üçün bütün imkanlardan istifadə edirdi. Nəhayət, Rusiya “ölmək ölməkdir, xırıldamaq nə deməkdir” deyib hücuma keçdi və Qərbin tələsinə düşdü. (Hadisələr Rusiyanın bu davranışının səhv olduğunu göstərsə də, artıq onun geriyə yolu yoxdur. İndi dayanmaq məğlubiyyətin etirafı deməkdir).
Əksəriyyətimiz belə güman edirdik ki, Rusiya bir neçə günün içində məsələni həll edəcək. Amma belə olmadı. İki ildən çoxdur ki, müharibə davam edir. Nəticə isə yoxdur. Əvvəlcə Rusiya sürətlə Kiyevə yaxınlaşmağa başladı. Qərbdən kifayət qədər silah-sursat dəstəyi alan Ukrayna buna imkan vermədi. Rusiya taktikanı dəyişmək məcburiyyətində qaldı, cənub və cənub-qərbdən irəliləmək planını işə saldı, Ukrayananın bəzi şəhərlərini ələ keçirdi.
Sonra Ukraynanın əks-hücüm əməliyyatları başladı, bəzi ərazilər işğaldan azad edildi.
Son vaxtlar isə cəbhədə yenə Rusiyanın üstünlüyü müşahidə olunur. Bu da Qərbin dəstəyinin azalması ilə izah edilir. Guya Qərb tükənib, daha Ukraynaya yardım etmək iqtidarında deyil. Bununla Rusiya qələbəyə şirnikləndirilir. Belə təsəvvür yaradılır ki, guya artıq Rusiyanın qələbəsi qaçılmazdır. Əslində isə hadisələr Qərb qütbünün ssenarisinə tam uyğun gedir. Çox güman ki, bir müddət sonra üstünlüyün Ukrayna tərəfinə keçdiyini eşidəcəyik.
Təbii ki, Qərbin Rusiyanı xəritədən silmək kimi planı yoxdur. Plan rəqibi iqtisadi cəhətdən çökdürməkdir. Hər gün müharibəyə xərclənən pullar Rusiyanın iqtisadi çöküşünü yaxınlaşdırır.
Rusiyanın iqtisadi resursları o qədər çoxdur ki, 1-2 il xərcləməklə tükənən deyil. Bu resursları yalnız uzun illər davam edən müharibə tükəndirə bilər.
Unutmamaq lazımdır ki, Qərb SSRİ-ni çökdürmək üçün 70 il dözüm göstərdi, Rusiyanı çökdürmək üçün lazım olarsa, 100 il də dözməyə hazırdır.
Qərb qütbü Rusiya ilə birbaşa müharibəyə girmir. Amma bu müharibənin uzanması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Çox güman ki, bu gün Ukraynaya hərbi yardım ayırmaq istəməyən ABŞ də sabah bu mövqeyindən imtina edəcək.
Müharibənin acılarını isə Ukrayna xalqı çəkir. Bu, Qərb qütbünü zərrə qədər də narahat etmir. Məqsəd, nəyin bahasına olursa-olsun, digər qütbü çökdürməkdir.
Bu müharibədə Rusiyanın qələbəsi Ukraynanın yox, Qərb qütbünün məğlubiyyəti deməkdir. Əgər bu baş verərsə, dünya, o cümlədən Qərb qütbü, özlərinin ifadəsi ilə desək, şərin diktəsini qəbul etmiş olacaq. Sizcə, bu mümkündürmü?
Qütblərin müharibəsində Qərbin qələbəsi isə ədalətin tam təntənəsi olmasa da, bu qələbənin dünyada hələ də mövcud olan diktatura və avtoritar rejimlərə nakaut zərbəsi endirəcəyi şübhə doğurmur.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top