ÜRFAN MƏMMƏDLİ

Uşaqpulu

Uşaqpulu

ÜRFAN MƏMMƏDLİ
Son vaxtlar ən çox müzakirə olunan mövzu ölkədə uşaqpulu verilməsinin bərpası məsələsidir.
Uşaqpulu nədir, dövlət onu niyə verməlidir?
Uşaqpulu uşaqların sosial təminatlarını təmin etmək məqsədi ilə dövlətin uşaqlı ailələrə verdiyi müavinətdir.
Sosial yönümlü dövlətlər, heç bir səbəb göstərmədən yeni doğulmuş uşaqlara müəyyən yaşa çatana qədər müavinət verir. Bu, həmin ölkələrdə vətəndaşlara sosial yanaşmanın vazkeçilməz elementi sayılır.
Bir qisim dövlətlər isə bu müavinət barədə ölkədəki demoqrafik vəziyətə uyğun olaraq qərar qəbul edirlər. Yəni ölkədə demoqrafik vəziyyət mənfiyə doğrudursa, əhalinin sayında azalma müşahidə ediirsə, onda  dövlət ailələrdə doğumun sayını artırmaq məqsədi ilə təşviqedici tədbirə - uşaqpulu verməyə əl atır, atrım müsbət və qaneedicidirsə, onda uşaqların sosial müdafiəsi üçün dövlət büdcəsini çox yükləməməyə üstünlük verir.
Bizim ölkəmiz 30 ildən çox müharibə vəziyyətində olub, torpaqlarımızın bir qismi işğal altında idi. Hərbiyə kifayət qədər vəsait ayrılırdı. İndi torpaqlarımız işğaldan azad edilsə də, həmin ərazilərin bərpası ağır bir problem kimi qarşımızda durur. Digər tərəfdən, hələ bu ərazilərdə sülhün tam bərqərar olunduğunu demək olmaz. Deməli, hərbiyə böyük vəsaitlərin yatırılması davam etdirilməlidir. Bu prizmadan baxdıqda, bizim ölkədə ucdantutma bütün uşaqlara müavinət təyin olunması perspektivli görünmür.
Demoqrafik şərait prinsipindən baxdıqda da Azərbaycanda son 50 ildə yüksək artım tendensiyası müşahidə olunur. Məsələn, 1988-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon ətrafında idisə, indi 10 milyondan çoxdur. Bu göstərici əhali sayını artırmaq üçün təşviqedici tədbirlərə ehtiyac olmadığı qənaətini yaradır.
Bütün bunlara baxmayaraq Azərbaycanda uşaqpulu adlı müavinəti vermək olarmı?
Qarabağ müharibəsi dövrümüzün reallığıdır. Bura sərf olunan vəsait bizim məcburi xərclərimizdir. Onu azaltmaq olmaz.
Demoqrafik şəraiti qiymətləndirmək üçün isə əlimizdə Dövlət Statistilka Komitəsinin rəsmi məlumatları var. Bu məlumatlara şübhə eləmək üçün əsaslarımız olmasa da, ehtimallarımız var.
Məsələn, mən orta məktəbdə oxuduğum illəri xatırlayarkən içindən çıxa bilmədiyim mülahizələrin burulğanına düşürəm. Məktəbimiz haqqında tez-tez inşa yazıları yazardıq. O vaxt mənim və sinif yoldaşlarımın ən çox işlətdiyimiz cümlə bu məzmunda olurdu: Məktəbimizdə oxuyan 210 şagirdin təlim-tərbiyəsi ilə 12 müəllim məşğul olur. Yəni bizim səkkiz sinifli (səkkizillik) məktəbimizdə o vaxt 210 şagird oxuyurdu. Bu günlərdə həmin məktəbdə oldum, indi məktəbimizdə 9 sinif var (məktəb 9 illikdir). Şagird sayı ilə maraqlandım. Mənə məktəbdə 42 şagirdin oxuduğunu dedilər.
Orta təhsilimin son 2 ilini oxuduğum məktəbin indiki direktoru Sədiyar Xəlilova da zəng edib oradakı şagirdlərin sayı  haqqında məlumat aldım. Sədiyar müəllim bunları dedi: “Mən şagird olan vaxt – 1984-cü ildə məktəbimizdə 350 şagird oxuyurdu. 2006-cı ildə direktor təyin olundum və məktəbi 182 şagirdlə qəbul etdim. Hazırda isə məktəbimizdə 127 şagird təhsil alır”.
Başqa bir mülahizə: Bizim uşaqlıq illərimizdə qəzetlərdə (o vaxt bütün qəzetlər rəsmi idi) çoxuşaqlı anaların təltifi barədə elanlar çıxırdı. (5-dən çox uşağı olan ana çoxuşaqlı sayılırdı). Həmin siyahılarda kifayət qədər sayda 9-10 uşaqlı anaların adları olurdu. Təkcə bizim kənddə,o vaxtkı qəzetlərin tərzi ilə desək, 10 və daha çox uşaq doğub və təbriyə etmiş 3 nəfər qəhrəman ana var idi. İndi isə 4 uşaqlı analara nadir hallarda rast gəlmək olur.
Statistika son 50 ildə sürətlə çoxaldığımızı deyir, mən isə əks mənzərəni müşahidə edirəm.
Uşaqlar nə qədər çox olsa da o vaxt uşaqpulu adlı müvinət var idi. İndi bəzi mütəxəssislər deyirlər ki, uşaqların sayı çox olduğuna görə dövlətin bu müavinəti verməyə gücü çatmaz.
Mən isə düşünürəm ki, ölkəmizin xərcləri nə qədər böyük olsa da, gələcəyimizə sərmayə qoymağa da xeyli sərvətimiz var.
2020-ci ilin statistik məlumatlarına görə ölkəmizdə 19 yaşa qədər olan uşaqların sayı 2 milyon 962 min 558 nəfər olub. Bu qədər uşağın hər birinə 50 manat uşaq pulu vermək üçün 2024-cü ilin büdcəsini cəmi 5% artırmaq kifayət edir. Əgər bu vəsait yalnız kənddə yaşayan uşaqlara şamil edilsə, çox güman ki, büdcə artımı heç 1%-i də keçməz.
Azərbaycan neft-qaz ölkəsidir. Bu ölkənin sosial yönümlü olması üçün bütün imkanları var. Yetər ki, istək olsun.

Ürfan Məmmədli

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top