RAHİB ALPANLI

Niyə?...

Niyə?...

RAHİB ALPANLI
“Orta təhsil məktəblərində tədrisin keyfiyyətinin aşağı olması, ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərdi".
Ekspert


İnsanın dünyanı dərk etməsinin pəncərəsi bəlkə də “Niyə?” sualı ilə açılıb. Bu kiçik söz öyrənmənin əsas hərəkətverici qüvvəsi olan motivasiyanın mayasını təşkil edir. Motivasiyasız insan hara getdiyini bilməyən yolçu kimidir. Arzu insana qol-qanad verir, lakin pərvazlanmaq üçün cəsarət, özünü sınamaq, nəyə qadir olduğunu bilməsi üçün səma vermir, çünki ağlın açarı motivasiyadır, istəyinə nail olmaq qabiliyyətidir. Bir Çin atalar sözündə deyilir: - Yavaş yeriməkdən qorxma; hərəkət etməməkdən qorx.
İlk qədəmlərini ataraq yerimək istəyən uşaq yüz dəfələrlə yıxılsa da, inadından dönmür, müstəqil yeriməyi bacardığında da sevinci yerə-göyə sığmır. Bax motivasiya, ruh yüksəkliyi, inamın qələbəsi budur! Ruh yksəkliyi heç də həmişə eyni səviyyədə qalmır, bəzən onu istədiyimiz səviyyədə saxlamaqda çətinlik çəkirik. Görürsən ki, VIII sinifdə oxuyan və nüfuzlu bir ali məktəbin tələbəsi olmaq istəyən şagird fikrindən daşınır, heç oxumaq istəmir. “Filankəs oxuyub, nə olsun, iş tapa bilmir,” və buna bənzər bəhanələrlə özünə təsəlli verir. Halbuki, mükəmməl mütəxəssisə həmişə iş tapılır. Məsələ burasındadır ki, “hər oxuyandan Molla Pənah” olmur. Universiteti bitirmək, diplom almaq hələ yaxşı kadr olmağına zəmanət vermir, baxır necə oxumusan, rəqabəti gündən-günə artan həyata, bilik bazarına necə hazırlaşmısan.
Bu gün şagirdlər məktəbdə həm Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş dərsliklərdən, həm də  müxtəlif kurslar tərəfindən çap olunan saysız-hesabsız dərslik və vəsaitəlrdən istifadə etməli olurlar. Əyri oturub düz danışmaq naminə deməliyik ki, indi dərslik hazırlayıb çap etdirmək qat-qat asandır. Yadıma gəlir, universitet illərində elmi iş, kitab yazmağa çalışan müəllimlər geniş mütaliəsi olan tələbələrə müəyyən kitablar verib, müəllif, mənbə və səhifəni qeyd etməklə ayrı-ayrı mövzulara aid cümlələr yazmağı xahiş edərdilər. İndi “copy-paste” (köçür-yapışdır) üçün o qədər material var ki, gəl görəsən. Bir həqiqəti də qəbul etməliyik ki, min kitab nəşr olunsa da, “isim” kəşf olunmur ki. Sadəcə onun təqdimatı, tədris dili fərqli ola bilir.
Allah kəlamı olan dini kitabların dilindəki sadəliyə, müəyyən məsələlərin daha yaxşı başa düşülməsi üçün nümunə və dəlillərin işlədilməsinə diqqət yetirsək, həddindən artıq akademik üslubdan istifadə etməklə öyrənənləri kitabdan və elm arxasınca getməkdən uzaqlaşdırdığımızı görərik. Məktəbdə elm deyil, elmlərin əsasları öyrənilir. Proqramlar o qədər əlavə materiallarla yüklənir ki, nə şagirdlər, nə də müəllimlər öhdəsindən gələ bilir.
Məqsədimiz dinamik həyatın axarına sədd çəkmək deyil. İstedadlı müəlliflərin Təhsil Nazirliyinin tərkibində, bütün fənlər üzrə vahid dərslik tərtib edən bir qurumu yaradılsa, zənnimizcə, daha yaxşı olar. Kitab dükanlarında eyni adlı, müxtəlif nəşr nümunələri olan dərsliklərə baxanda adamın başı hərlənir.
Məsələnin mənəvi cəhəti də narahatçılıq yaradır. Məktəb, və onun ocağında bişəcək təlim yükünün xəmirini yoğuranlar, necə deyərlər, papağını qabağına qoyub fikirləşməlidir ki, niyə mənim şagirdlərim dərs bitər-bitməz (bəziləri dərsdən yayınıb), analarını itirmiş bildirçin cücələri kimi, repetitor yanına  qaçırlar? Axı, bu xalq başımızı dik tutub, doya-doya yaşadığımız müstəqilliyimiz uğrunda minlərlə şəhid verib. İtkin hesab olunanların qalıqları hələ də aşkar olunmaqdadır. Biz onların haqqını heç vaxt verə bilməyəcəyik. Can yarası üz tutub sağalsa da, torpaq, vətən yarası heç vaxt sağalmır. Mən müəllim olaraq fikirləşmirəmsə ki, qarşımda əyləşən hər bir şagird şəhid, qazi balasıdır (çünki Vətən çağırsa hamımız, hər an hazırıq və bu şərəfli yolda hər birimizin şəhid və ya qazi olmaq qisməti var), sadəcə olaraq “Diplom” dediyimiz iki səhifəlik kağızdan ibarət quru bir sənədin sahibiyəm. Bu Vətəni canı, qanı bahasına  bizlərə miras qoyanların övladlarına elə dərs deməliyik ki, əlavə məsrəfə ehtiyac olmasın, fidan balalarımız onlarla qapı deyil, iki qapı tanısınlar: məktəb və universitet.
Repetitorluqdan söz düşmüşkən, İngiltərə məktəblərindən birində çalışan müəllimə Fiona Milların ürək yanğısı ilə yazdığı bir məqalədən bəzi epizodları bölüşək. Müəllimə yazır ki, dərs dediyim məktəbdə uşaqların əksəriyyəti bütün tədris illəri boyunca, bəzən ondan sonra repetitor dərsləri alırlar. Bu, onlara oyun meydançasını unutdurmaqla yanaşı, bizim zəhmətimizi də dəyərdən salır. Repetitorluq yüksək nəticələr qazanmaqda bizə kömək etsə də, işimizə maneələr də yaradır. Repetitorlar dərs dedikləri uşaqlara ev tapşırıqlarını yazmağa kömək edirlər. Repetitor “qaşığına” arxayın şagirdlər dərsdə heç yeni məlumata da diqqət yetirmir. Müəllimə sözünə davam edir:
- ...Məni başqa cür başa düşməyin. Bilirəm ki, şagirdlərimdə əsaslı dəyişiklik yaradan gözəl müəllimlər də vardır. Lakin bu iş artıq xeyli uzağa getmişdir. Şagirdlər və valideynlərdə belə bir təəssürat yaranır ki, yalnız birə-bir dərs almaqla imtahan vermək olar. Bu, özünə inamsızlığı artırır, şagirdlərin müstəqil öyrənci olmalarının qarşısını alır, belə bir fikir yaradır ki, valideyn hesabına ödəinişli təhsil məktəbdə aldıqları pulsuz təhsildən qiymətlidir... Bəzən dərs dediyim şagirdlərə yazığım gəlir; niyə uğur qazanmaq naminə çox dəyərli uşaqlıq dövrünü onlardan getdikcə daha çox çalışmaq tələb edən bir sistemə qurban veririlər... (https://www.theguardian.com/teacher-network/)
Burada bir haşiyə də əlavə etmək istərdim: təhsil aldığı məktəbin mövcud atmosferindən ayrılıb müxtəlif müəllimlər, yeni-yeni yollar, yoldaşlarla tanışlıq gənclərin ümumi davranışına da təsirsiz qalmır. Sirr deyildir ki, repetitor yanına gedənlərin heç də hamı “aydan arı, sudan duru” deyil. Gündəlik müşahidələrimizdə çiynində məktəbli çantası, əlində siqaret tutub qruplaşan uşaqları da az görmürük. Bu acınacaqlı vəziyyət abituriyentlə bərabər ali təhsil müəssisələrinə də ayaq açır.
Digər bir məsələ, öyrəndiklərini repetitor “qaşığından” qazanan bəzi abituriyentlərin universitet havasına uyğunlaşa bilmədiklərini görürk. Onlar gələcək mütəxəssislər kimi müstəqil çalışmaq, müəllimlərin təyin etdikləri əlavə mənbə və resurslardan istifadə edərək özlərini yetişdirmək istəmir. Analarının süfrəsi kimi hər şeyin hazırını gözləyirlər.
Ali təhsil müəssisələrinə qəbulun nəticələrini şərh edən təhsil ekspertlərindən biri bu il çox az ballı abituriyentlərin ali məktəbləri qazanmasını, haqlı olaraq, orta təhsil məktəblərində tədrisin keyfiyyətinin aşağı olması ilə əlaqələndirmişdir. Mən hörmətli ekspertin dediklərinə əlavə etmək istərdim ki, bu ilin aşağı ballı qəbulu təkcə məktəbin yox, həm də repetitorluq sisteminin, əlavə hazırlıq kurslarının tənəzzülündən xəbər verir. Aydındır ki, abituriyentlər təkcə orta məktəbdə deyil, həm də yuxarıda qeyd etdiyim yerlərdə də təhsillərini “cilalayırlar”. Pedaqoji ali təhsil müəssisələrində təhsil alanlar arasında yüksək keyfiyyətli müəllim deyil, repetitor olmaq üçün oxuyanlar da az deyil. Bu da dayanacaqlar, gediş-gəlişin sıx olduğu yerlərdə repetitor rekalmarının günbəgün artmasına səbəb olur. Bəzən hələ ali təhsilini tamamlamamış tələbələrin müxtəlif kurslarda dərs dediyinin şahidi oluruq. Kurslarda tez-tez əmək haqqı mübahisələri olduğuna görə peşakar, təcrübəli müəllimlər onlarla əməkdaşlıq etmək istəmirlər. Təhsilini bitirməmiş bir cərraha ürək əməliyyatı aparmağı həvalə etmək olarmı? Hələ bu harasıdır, qeyri-ixtisas sahibləri də müəyyən fənlərdən dərs deməkdən çəkinmirlər. Müsiqi təhsili görmədən, həzin səsim olduğu üçün xanəndə hazırlamağa haqqım çatırmı? Deməli, hazırlıq kurslarına ya müvafiq qurumların nəzarəti çox zəifdir, ya da heç nəzarət yoxdur. Bu da məsuliyyətsiszlik üçün münbit şərait yaradır.
Düzdür, biz yazıb, oxuyanların başını ağrıtmasaq da, belə hallar, bundan sonra olmasın, həmişə olub. Düz yüz il bundan əvvəl, Cəlil Məmmədüuluzadə (ruhu şad olsun) yazırdı: - ...axır vaxtlar mahallarda dərs oxumaq bilmərrə moddan düşüb; çünki məktəb otaqlarının hər şeyi sazdır, ancaq divarları yoxdur... (“Molla Nəsrəddin” 9 noyabr, 1922, № 2)
Sevindirici məqam ondan ibarətdir ki, ürəkdən müəllim olmaq istəyən, yüksək motivasiyalı gənclərimiz də çoxdur. Yaxın gələcəkdə onların intellektual potensialı məktəbimizin öz fəaliyyətini yenidən qurmasına müsbət təsirini göstərəcək, təhsil prosesində tez-tez qarşımıza çıxan qaşqabaqlı “Niyə?” suallarına layiqncə cavab verəcək. Rəhmətlik S. Vurğunun “Hər bağın, hər bağçanın öz bülbülü şeydası var” mətləli məşhur qəzəlində dediyi kimi, “Leyla sənətin”in “Məcnunu” olmağı bacaran pedaqoji kadrların repetitor kimi deyil, məktəbdə, sinifdə tər töküb yetirmələri ilə qürür duyan əsl, peşəkar müəllimlərin parlaq simalarının təhsilimizdəki bütün qaranlıqları aydınladacağına inanıram.

Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi,
qabaqcıl təhsil işçisi

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top