RAHİB ALPANLI

Boyumuz niyə qısalır?

Boyumuz niyə qısalır?

RAHİB ALPANLI
“Piyada gəzmək insanın ən yaxşı dərmanıdır” (Hippokrat)
(Walking is a man’s best medicine - Hippocrates)

On-on beş yaşlarımızda sovet rejiminin sovxoz təsərrüfatı zamanı əkin-biçin, tikinti, heyvandarlıq işlərində həyat eşqi, iş-güc enerjisi ilə dolub daşan, daha çox da boy-buxunları ilə seçilən çox sayda “köhnə kişilər” görmüşük. Ömürlərinin zirvəsinə dünyanın hər üzünün şahidləri kimi yüksələn, xeyir-şərdə başda olub, hamıya lazım olan bu nurani abidələr illərin səhifələri çevrildikcə uzaqlaşıb getdilər, təkəm-seyrək yaddaşların xatirələrinə döndülər. O insanların ya özlərinin, ya da ata-babalarının adlarını daşıyan bağ, əkin sahələri var idi. Sovet mülkiyyətinə çevrilsə də, o yer adları hələ də onların adlarını daşıyırdı. Yaşlı və orta yaşlı kənd sakinləri bu gün də aralarında mərz nişanları qalmasa belə o yerlərin sahiblərini qiyabi də olsa, tanıyırlar. Gözlərimizlə gördüyümüz o bağ və əkin sahələrini “köhnə kişilər” güclü, yorulmaq bilməyən qolları, qabarlı əlləri ilə yaratmışdılar.
Onlardan biri haqqında atamdan eşitdiyim hekayəti yaxşı xatırlayıram. Ahıl ata torpaq sahəsini oğulları arasında bölüşdürmək qərarına gəlir. Oğullar arasında mübahisə yaranır. Püşk atan zaman onlardan birinə bağ deyil, meşə sahəsi düşür. Ata mübahisəni həll edə bilmir. Boy-buxunu, qolunun gücü və ürəyinin mərhəməti ilə fərqlənən Allahverdi: “Qoy meşə sahəsi mənim olsun, orada mən özüm bağ salaram”, - deyib ataya kömək edir.
Çöl-bayırda çox olduğum uşaqlıq illərimdə o bağın çox yetkin, məhsuldar vaxtlarını mən də görmüşəm. Meşələrin əhatəsində olan “Allahverdi yeri” bu gün də “yaşayır”, ancaq onu kiminsə əmlak payı kimi tanıyırlar, “Allahverdi yeri” olduğunu çox az adam bilir. Sözardı olaraq onu qeyd edim ki, atamın dediyinə görə, nəhəng olduğu üçün ona elarası “Ayı Allahverdi” deyirmişlər. 
***
Müasir insanların boy artımı və ya azalması haqqında müxtəlif maraqlı, bəzən də ciddi tədqiqatlara əsaslanan ziddiyyətli mülahizələr mövcuddur. Lakin ümumi rəy çoxluğu əksər ölkələrdə insanların boyunun nəsil-nəsil azaldığını təsdiq edir.
Nüfuzlu Imperial College London Universiteti alimlərinin milyonlarla dünya məktəbliləri və yeniyetmələri arasında boy və çəki üzrə apardığı araşdırmalara görə ən ucaboylu gənc - 183.8 sm Hollandiyada, ən qısaboylu gənc isə - 160.1 sm Şərqi Timorda yaşayır. Son dərəcə əhatəli olan bu araşdırma 193 ölkənin 65 milyon 5-19 yaşlılarını təhlil edir. Alimlər boy azalması və uşaq köklüyünün artmasında keyfiyyətli ərzaq qıtlığı və qidalanmanın əsas amil olması haqqında xəbərdarlıq edirlər. Araşdırmaya görə Çində qidalanma keyfiyyətinin yüksəlməsi nəticəsində 1985-ci illə müqayisədə 2019-cu ildə oğlanların boyu 8 sm artıb
Ötən əsrin 60-cı illərinin sonundan başlayaraq, kənd təsərrüfatının vüsət alması ilə əlaqədar olaraq regionlarımızda - pambıqçılıq, meyvəçilik, bağçılıq, heyvandarlığın inkişafı üçün böyük işlər həyata keçirilirdi. Regionumuzun ən geniş meyvəçilik sahələrindən olan kəndimizdə də bağ sahələri sürətlə genişləndirilirdi. Böyük bacı-qardaşlarım deyirdilər ki, kəndimizin “Qarğalıq” adlanan yerində şum sürülən zaman bir insan məzarı çıxıbmış. Fəhlələr qədim qalıqları öz əzaları ilə tutuşdurduqda, məzar sakininin onlara görə çox ucaboy olduğu hamını heyrətləndiribmiş. Hələ də kifayət qədər arxeoloji tədqiqatlara ehtiyacı olan qədim Alpan kəndində son zamanlara qədər ucaboylu insanlar görünürdü. O dövrün yaşlıları danışırdılar ki, Novruz bayramı günəlrində kəndimizə kəndirbazlar, güləşçilər daha tez-tez gəlirmiş.
Belə hadisələrin birinə çoban Məlik kişi də rast gəlir. Qonaq pəhləvan meydan sulayır, növbəti uğurundan arxayın-arxayın özünə rəqib səsləyir. Heç kəsin cəsarət etmədiyini görən Məlik çoban kəmərini sıxıb girir meydana. Peşəkar pəhləvan çobanı çaşdırmaq üçün o yana, bu yana sıçrayır, rəqibini fəndə salmaq üçün fürsət axtarır. Çoban heç əhvalını pozmadan ona yaxınlaşır, qamarlayıb qaldırır başının üstünə. Pəhləvanla gələnlər qışqıraraq ona: - Fənd işlət! Fəndə sal! - deyirlər. Ayaqları yerdən üzülən pəhləvan çobanın qüvvətli əlləri arasında zarıyaraq: - Fənddən keçib. Fənd yeri deyil, - deyə bilir. Məlik kişi qonağa ehtiram göstərtib ehmallıca yerə qoyub, zurna sədaları altında onunla rəqs edib ayrılır. Deyilənə görə ondan sonra həmin pəhləvan bir daha kəndimizə gəlmir.
Boy məsələsi tədqiqatçıların diqqətini həmişə cəlb edib. Nəsillərin boy artımının azalması ilə yanaşı onların getdikcə kökəlməsi də narahatlığa səbəb olur. Araşdırmalar bunun əsas səbəbini uşaqların hərəkətsizliyində görürlər. Amerika Ürək Assosiasiyasının (American Heart Association) alimləri son 46 ilin məlumatlarına baxaraq 28 ölkənin 25 milyon uşağının öz valideynləri ilə müqayisədə bir kilometr məsafəni 30 il əvvəlkindən bir dəqiqə gec qət etdiyini müəyyənləşdiriblər. Uşaqların çox yemələri, fiziki fəaliyyətsizliyi onların köklüyünü getdikcə artırır və gələcək sağlamlığı üçün təhlükə yaradır
***
Hərəkətsizlik, rahatlıq aramaq həvəsi, torpaqdan uzaqlaşmaq, təbii sağlamlıq mərkəzi olan kəndi tərk edib şəhərlərə doluşmaq müasir insanı hər mənada tənbəlləşdirib. Beş dəqiqəlik iş yerimizə də öz maşınımız və ya ictimai nəqliyyatla getməyi hansı birimiz istəmirik. Bir zamanlar nadirən rast gəlinən ürək xəstəliklərinin kənd yerlərində də sürətlə gəncləşməsi əlimizin bel, yaba, dəryaz kimi alətlərdən uzaqlaşması ilə bağlı deyilmi?
“The Guardian” qəzetinin 2023-cü ildə dünyanın müxtəlif yerlərində yaşayan, ömürləri üçrəqəmli 100 insanın həyat tərzi haqqında apardığı təhlildə əksər yüz yaşlıların fiziki və zehni fəallığının onların uzunömürlü olmalarında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Uzunömürlülərin çoxluq təşkil etdiyi regionlara “mavi zona” (blue zone) deyirlər. Yaponiyanın Okinava adası dünyanın beş “mavi zona”larından biridir. Burada hər 100.000 nəfərdən 68-i yüz il ömür sürür. Bu, ABŞ ilə müqayisədə üç dəfə çoxdur. Yüz il yaşamağın qidalanma, təmiz hava, saf su, pozitiv sosial münasibətlər kimi amilləri ilə yanaşı, fiziki fəallıq da mühüm rol oynayır. Okinavada demək olar ki, yaşı yüzü keçən bütün insanların bağı var və orada işləmək həm fiziki fəallığa, həm də günəşli yer olduğu üçün kifayət qədər D vitamini qəbuluna xidmət edir
Onlar 80 yaşı ötənəcən fiziki işlə məşğul olurlar. Okinavada 55 yaşa yetişənləri “uşaq” adlandırırlar. Doxsan yeddi yaşa çatanlar üçün xüsusi “Yenidən gənc olmaq zamanıdır” adlı mərasim təşkil edirlər (“English File Elementary” s.35). 
***
Gələcək nəsillərin daha sağlam, çevik və qıvraq insanlar kimi yetişmələri üçün ailə, məktəb və ictimaiyyət müəyyən dövlət qurumları, xüsusilə də, bələdiyyələrlə sıx əməkdaşlıq şəraitində məqsədyönlü fəaliyyət göstərməlidirlər. Bir zamanlar gözümüz ayağımızın altını seçənə qədər futbol oynadığımız, müxtəlif maraqlı yarışların keçirildiyi kənd stadionumuz indi ayaq izlərinə həsrət qalıb. Xoşbəxt gələcək naminə uşaqlarımızı hərəkət etməyə alışdırmaq hamımızın borcudur.
P.S.: Sitatların tərcüməsi müəllifə məxsusdur.

Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi,
qabaqcıl təhsil işçisi

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top