RAHİB ALPANLI

Biz harada yaşayacağıq?

Biz harada yaşayacağıq?

RAHİB ALPANLI
İnsan ömrü boyu müəyyən pozitiv və neqativ hisslərlə yaşayır. Neqativ duyğular onda mənfi əhval, bədbinlik, uzun sözün qısası, bu gün haqqında gen-bol danışılan stress yaradır. Sağlamlığımızın əsas düşməni olan bu bəlanın mənbələri istənilən qədərdir və o, individual olmaqla yanaşı həm də sosialdır. Ətraf mühit və onun məruz qaldığı, getdikcə qloballaşan, daha kəskin xarakter kəsb edən problemləri insanlarda daxili təlatüm, mücərrəd vahimə hissləri yaradır. Həyatın hər üzünü görmüş insanlarda bu, özünü çox ciddi formada göstərməsə də, yeniyetmə və gənclər stresin ən ağır təsirinə məruz qalırlar. Əbəs deyil ki, ötən il BƏƏ-də iki həftə davam edən COP28-də sənaye inqilabından bəri dünyamızın başına gələn müsibətlərin sayının getdikcə artması, onların acı nəticələrinin daha da ağır olduğu vurğulanmışdır. Bizlərə dədə-babadan miras qalmış dünya bu gündədirsə, gələcək nəsillərə necə dünya qalacaq bizlərdən?! Dünyamızın mövcud halı daha çox gənc nəsli maraqlandırır. Şəhərlər bir yana, ayrı-ayrı kəndlərin son 20-30 ildə mənfiyə doğru dəyişən halını görüb düşünəndə adamın yuxusu qaçır.
Uşaqlıq və yeniyetməlik illərində gördüyümüz o gözəlliklər hara getdi, necə oldu? Çay sahillərində, əkin, bağ sahələrində göylərə baş qaldıran qoz, qovaq, palıd və s. ağacları? Bir qismini sovet rejiminin son illərində yaşadığımız nəzarətsizlik məhv etdi, qalanı da özəlləşmə qurbanı oldu. Gündüz belə qaranlıq olan meşələr, indi az qala futbol meydançasıdır. Bir zamanlar oyun, gəzinti məkanları olan çay sahilləri, əkin-biçinə yaramayan düzlər-yamaclar indi “rey” satılıb, ildən-aydan bir üç-beş nəfərin yeyib-içdiyi istirahət məkanlarına çevrilib və bu tendensiya sürətlə davam edir. Yol kənarları, çöllər məişət tullantıları ilə gözağrıdan mənzərələrə çevrilmişdir. Ətraf mühitimizin kirlənməsi səbəblərini saymaqla bitməz. Bundan hamı danışır, hamı təbiətin hazırkı halına “yanır”, heç kəs düşünmək istəmir ki, bütün bunlara biz özümüz səbəb oluruq. Üstəlik, bu səbəbin nəticələrini hər kəs açıq-aydın görməkdədir. Nə yağışlar, nə küləklər, nə isti hava dalğaları, nə şaxtalar, nə zəlzələlər, nə də fəsillər əvvəlkidir. Bütün bunlar gənclərdə dərin narahatlıq, stress yaradır. “Yer kürəsindəki 7 milyard insan özü belə təbii sistemlərin stresidir. Növlər yox olur, ekosistemlər zədələnir. Dünyanın tropik meşələrinin yarıdan çoxu məhv olub, bəşəriyyətin okean sahillərindən 100 km məsafədə yaşayan üçdə biri daha çox sunami və qasırğalar riski altındadır”. https://explore.globalhealing.com/what-is-environmental-stress/
Avropa İttifaqının iqlim xidmətinin dediyinə görə, ötən il (2023) havanın temperaturu insanın tükənən yanacaq növlərindən istifadə etməyə başladığından əvvəlki orta normadan təxminən 1.48°C artıq isti olaraq qeydə alınıb.
Qlobal rəy sorğusu (2021) əksər gənclərin iqlim dəyişiklikləri haqqında narahatlıqlarının dərinliyini göstərir. Sorğuda iştirak edənlərin təxminən 60%-i çox və ya həddindən artıq narahat olduqlarını bildirmişdir. Suala cavab verənlərin 45%-dən çoxu iqlim haqqında düşüncələrinin onların gündəlik həyatına təsir etdiyini, dörddə üç hissəsi isə gələcəyin qorxunc olduğunu vurğulayıb. Yarıdan çoxu (56%) bəşəriyyətin məhvə məhkum olduğunu düşünür”...
İş o yerə çatıb ki, lüğətlərdə belə qorxu yaradan cümlə nümunələrinə rast gəlmək  mümkündür. Məsələn, məşhur “Oxford” lüğətində “fight” (döyüşmək, vuruşmaq) sözünü axratan gənc həmin səhifədə bu cümləni oxuyub xəyala dalmaya bilməz: Gələcək müharibələr su təchizatı uğrunda aparılacaq (Future wars will be fought over water supplies)
Bu, əslində gənclər üçün əsl gələcəyin olmaması deməkdir. Problemin nəhəngliyi adamı məyus edir, həyat eşqini söndürür.
COP28-in ən yaddaqalan məqamlarından biri də ilk dəfə olaraq “Gənc İqlim Çempionu” ideyasının rəsmiləşdirilməsidir.
“Hal-hazırda dünyada bir milyarda yaxın uşaq iqlim dəyişikliyinin yüksək riski altındadır. Artıq bütün dünyada gənclərin iqlim tədbirlərinə başçılıq etmələrinə baxmayaraq, iqlim siyasətinin hazırlanmasında onların iştirakı hələ də məhduddur.” Bu məqsədlə yaradılmış Dubay Gənclər Dialoq Forumu “gənclər və hökumətlər arasında iqlimlə bağlı birbaşa müzakirələr üçün bu günə qədər ən geniş platformadır”.
Gənclərin qlobal iqlim dəyişikliyinin yaratmış olduğu problemlərin həlli prosesində fəal iştirakına etimad göstərilməsi əbəs deyil. Gələcək daha çox gənclərə və onların övladlarına məxsusdur və gələcək üçün narahat olmaq hələ işin başlanğıcıdır.
Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin Gənclər İqlim Məsləhətçisi Fatu Cenq demişdir. “İqlimlə bağlı qərar qəbul edərkən daha çox gəncin iştirak etməsi də çox vacibdir. Aşağı karbonlu iqtisadiyyata keçid zamanı gəncləri əsas maraqlı tərəflər kimi görməliyik”.
Bu işdə fəal olmaq, nəzəri və praktik fəaliyyətə keçmək lazımdır. Ətraf mühitin çirklənməsinin sürəti ona qarşı görülən və görüləcək tədbirlərin həyata keçirilməsinin sürətindən qat-qat çoxdur. Ayrı-ayri ölkələrdə iqlim dəyişikliyi müxtəlif formalarda təzahür etsə də, səbəbi birdir - insanın lazım olduğundan artıq istehlak maraqları.
Ölkəmizin də illərin boynuna yüklənmiş, özünəməxsus ətraf mühit problemləri var. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri, COP 29-un prezidenti Muxtar Babayev “The Gaurdian” qəzetinə verdiyi müsahibəsində ölkəmizin ekoloji problemlərindən bəhs edərək demişdir: “Ölkəmiz neft istehsalının 160 ili ərzində neft-kimya təşkilatlarının on illərlə davam edən zərəri daxil bir çox ciddi ekoloji problemlərlə mübarizə aparır”.
Bir Çin atalar sözündə deyilir ki, uşaq kimi yeriməkdən deyil, yerində saymaqdan qorxmaq lazımdır. Əvəzi olmayan dünyamızın ətraf mühit dərdləri çox olduğu qədər onu xilas etmək istəyən qüvvələr və tədbirlər də çoxdur. Bu işdə hər birimiz fəal iştirak etməli, evdən başlayaraq gənclərə dəstək olmalıyıq. Yeri gəlmişkən, ətraf mühitin ən qəddar düşmənlərindən biri elə evlər, mətbəxlər, dolub-daşan süfrələr, doymayan nəfsimiz imiş.
“2024-cü ilin yanvar ayının məlumatına görə, ərzaq israfı bütün dünyada böyük bir problemə çevrilmişdir. ABŞ tullantı poliqonlarının 20%-ni ərzaq tullantısı təşkil etdiyi halda, həmin ölkədə 40 milyon insan ərzaq qıtlığından əziyyət çəkir. Ərzaq hazırlanmasına dünya üzrə müəyyən qədər içməli su istifadə olunur, təkcə ərzağın yeyilməyəcək hissəsi üçün 300 milyon barel duru yanacaq işlənir. Faktlar nə deyir?! Dünya miqyasında hər il:
- $48.3 milyard dəyərində ərzaq ya tullanır, ya da korlanır;
- 1.3 milyard ton ərzaq korlanır;
- Aldığımız ərzağın 25%-ni korlayırıq;
- 20% ərzaq stnadartlara uyğun gəlmədiyi üçün supermarketlər tərəfindən geri qaytarılır;
- 83% ərzaq tullantısı evlərə və bizneslərə məxsusdur;
- ərzaq tullantısı istixana qazlarının 6.7%-ni təşkil edir və s. (https://thebarbecuelab.com/food-waste/)
İqlim dəyişikliyinin daha bir neçə ən son qorxunc nəticə və proqnozlarına nəzər
salaq:
Zimbabvedə hökm sürən quraqlıq nəticəsində ən azı 160 fil ölmüş və isti və quraq havanın davam etmək ehtimalı olduğundan təbiət mühafizəçiləri daha çox ölüm hallarının olacağından qorxurlar... Quraqlıqlar Zimbabvedə daha əvvəl də fillərin kütləvi şəkildə tələf olmasına səbəb olmuşdu - 2019-cu ildə su çatışmazlığı səbəbindən iki ay ərzində 200-dən çox fil ölmüşdü...
İqlim böhranı ilə əlaqədar Qrenlandiyanın buz örtüyü saatda orta hesabla 30 milyon ton buz itirir. Bir araşdırmaya görə bu, əvvəllər güman olunduğundan 20% çoxdur.
(“Climate crisis” https://www.theguardian.com/environment/2024/jan/17)
Hələ bu sahənin tamamlanmayan siyahısı vəziyyətimizin nə qədər acınacaqlı olduğunu nümayiş etdirir. Ona görə də, ətraf mühiti xilas etməyə evdən başlasaq da, bu işi məktəbdə, digər təhsil müəssisələrində də davam etdirməliyik, çünki kollektiv fəaliyyət daha çox müsbət nəticə verir.
Məktəb istər həyətində, istərsə də ətrafında olan hər bir ağacın, gülün, yarpağın qayğısına qalmalı, yerləşdiyi ərazinin təmizliyinə biganə yanaşmamalı, yaz, payız fəsillərində müəyyən yaşıllaşdırma təşəbbüsləri ilə nümunə göstərməlidir.
Sinif otaqlarının, koridorların şagirdlərin fəal iştirakı ilə müxtəlif dekorativ bitkilərlə bəzədilməsi və onlara qulluq etmək gənc nəslin gələcəkdə də ətraf mühit dostları olmalarına zəmanət verir. Keçmişdə uzun müddət işlədiyim məktəblərin birində mövcud iki koridor və sinif otaqları bitkilərlə al-əlvan idi.
Şagirdlərin evdə nə qədər “yaşıl” (green - təbiətsevər, ətraf mühit dostu) olmalarını öyrənmək üçün bu mövzuda esselər yazdırıb müzakirə etmək, lazım gəldiyi halda onlara müəyyən məsləhətlər vermək faydalı olar.
Məsələn: Mənzildə neçə lampa olduğunu, onların neçəsindən istifadə olunduğunu, neçəsini söndürməyin mümkünlüyünü öyrənib “Gəlin evimizdə əbəs yerə yandırdığımız işıqları söndürək!” devizli tədbir keçirib, onun vərdişə çevrilməsinə səy göstərmək olar. Eləcə də, məişətdə sudan istifadə haqqında eyni işi görmək olar.
Payızda, xüsusilə kənd yerlərində xəzəlin toplanıb yandırılmasının qarşısını almaq üçün ondan kompost hazırlamağın əhəmiyyəti barədə şagirdləri məlumatlandırmaq əsas işlərdən biridir.
Yeniyetmə və gəncləri qənaətcil olmağa hazırlamaq da diqqət mərkəzində olmalıdır. Məktəb bufetindən aldıqları qidaların bəzən müxtəlif yerlərdə tullantı kimi görünməsi ürək ağrıdır.
Dünyanı mövcud acınacaqlı vəziyyətə əsasən insanlar salıb, onu xilası da insanlardan asılıdır. Evdən, ailədən, onun hər bir üzvündən tutmuş dünyanın hər bir sakini əlindən gələni əsirgəməməlidir. Bu gün yaşadığımız dünyanın vəziyyəti hamıya məlumdur. Gələcək nəsillərin haqlı sualına ən yaxşı cavab da bütün dünyanın bir yumruq kimi birləşib iş görməsindən asılıdır.
Yumruğun qüdrətini Azərbaycan öz halal haqqı uğrunda apardığı 44 günlük Vətən müharibəsində bütün dünyaya sübut etdi. Dünyamızın xilası mümkündür və o, xilas olunacaq, gələcək nəsillər ona qarşı daha qayğıkeş olacaqlar.
Yazımızı müsbət notlarla tamamlamaq üçün ən yeni bir xoş xəbər də əlavə emək qərarına gəldim. Avropa İttifaqı tərəfindən verilən məlumata görə 2023-cü ildə tükənən enerji vasitələrindən istifadə zamanı 8% az CO2 tullantısı olmuşdur. Bu, 1960-cı ilin səviyyəsinə bərabərdir. Bu nəticənin yarısı yaşıl enerji hesabına əldə olunmuşdur. https://www.theguardian.com/environment/2024/jan/24/eu-fossil-fuel-co2-emissions-hit-60-year-low
Belə pozitiv xəbərləri gənclərlə paylaşaraq onlarda dünyanın xilası üçün qarşıya qoyulmuş “2050-ci ilə qədər sıfır tullantı” (net-zero emissions by 2050) hədəfinə çatacağına ümid yaratmaq və bu işdə onların daha fəal iştirak etmələrinə çalışmaq orta və yaşlı nəslin diqqət mərkəzində olmalıdır.
PS: Sitatların tərcüməsi müəllifə məxsusdur.

Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı Ədəbiyyat və dillər
kafedrasının baş müəllimi,
qabaqcıl təhsil işçisi

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top