ÜLVİYYƏ QARAYEVA

Ruhunu intihar edən qadın

Ruhunu intihar edən qadın

ÜLVİYYƏ QARAYEVA
“İntihar etmək cismini bu dünyadan köçürmək deyil. Əsl intihar cismini bu dünyada saxlayıb, ruhunu  intihar etməkdir. Ruhsuz yaşamaq isə yaşamaq yox, boşuna var olmaqdır...”
Qadın Yatmadan öncə mesaj yazdı:
  • .....
Bir neçə dəqiqə sonra təkrar yazdı:
  • ......
Bir neçə dəqiqə sonra görüntülü zəng elədi. Zəng çalar-çalmaz dərhal qapadıldı:
  • Yanımda adam var....
Əlində telefon, yanında uşaqları, ürəyində bir neçə sual, beynində isə suallarının qınağı. Beyni qınayırdı qadını. Bir neçə dəqiqə sonra ürəyi də tabe oldu qınağa. “Doğrudan da iş başındadır, gecə də olsa, işləri bitmir. Mən də burda gör nə düşünürəm...” -, ürəyi onu qınayan beyninə pıçıldadı.
Uşaqlarına sarılıb yatdı qadın. Sevgisi ilə, istiliyi ilə isindi uşaqlarının nəfəsiylə.
Səhər oyanıb həyat yoldaşının mesajını oxudu: “Səni sevirəm, gözəl həyat yoldaşım, nə olursa olsun”.
Nə olursa olsun? Ürəyi yenə sancdı bir anlıq. Amma sonra yenə utandı düşüncəsindən. O gecələri yatmadan çalışır, mənsə... düşündüyümə bax...
Heç vaxt düşüncələri bu hissi yaşamamışdı qadının. Həyat yoldaşı haqqında bu düşüncələrin düşüncəsi belə ayıbdır onunçün, çünki sonsuz inanırdı həyatının yoldaşına, çünki sonsuzadək birlik üçün bir idilər...
Aylar keçdi, nəhayət, gözlədiyi günlər tez keçdi. Həyat yoldaşı geri döndü qadının. Sonsuz xoşbəxt idi. Çünki evləndikdən sonra ilk dəfə idi bu qədər ayrı qalırdı yoldaşından. Onun gəlişini övladları ilə anbaan gözlədilər. Hər yaxınlaşan günə daha da sarıldılar birlikdə.
Gəldi o gün, nəhayət... Geri döndü həyat yoldaşı... Onu gözləyən gözlər eyni qalsa da həsrəti ilə daha sevgi dolu idilər. Hazırlıqlar, bəzəklər...
Onu gözləyənlər eyni idi, gözlədikləri eyni idimi? Yox... gözləri durğun, yad baxışlı, əlləri soyuq, gülümsəməsi yad, üzü peşman, bütün hazırlıqlara kor, bəzəklərə etinasız, səsi belə özgə...
Yenə ürəyi səhv edir, düşünüb, özünü qınadı qadın....
Günlərsə heç səhv etdiyini göstərmədi. Həyat ən əmin olduğu yerdən sınadı, qadını. Həyat ən sevdiyi ilə sınadı, qadını. Ən sevdiyi ilə...
Bu sınağın hər dəqiqəsi, hər anı çox ağır oldu qadına. Bu yükü daşımağa heç gücü yox idi. Çünki bu yük onun daşıya bilməyəcəyi yük idi, buna əmin idi.
Hələ xəyanətin etirafı daha acı oldu. Bəlkə elə beyni ürəyini qınaya-qınaya yaşamağı daha yaxşı olardı. Amma bu qınaqda haqsız olmaq daha incidirdi ürəyini.
Xəyanət qadına ifadəsi mümkünsüz bir duyğu yüklədi, günəş varkən, hər zaman ayı gördü, meyxoş havanın küləyini gördü ancaq, narın yağışın leysanını, sakit dənizin isə onu qucağına çağırışını. Çox səslədi qadını dəniz. Ən qorxduğu duyğudan qurtulub ən qorxduğu dənizə sarılacaqdı. Dəniz sanki söz verirdi, səni mən dalğalarımla bağrıma möhkəm basacam deyə... Dəniz sanki ürəyinin çatlarını birləşdirəcəkdi duzlu suları ilə. Dəniz sanki, balıq qoxan dalğaları ilə əbədi sevəcəkdi, qadını. Təslim olsunmu dalğalara, çox düşündü qadın. O da açsınmı qucaq, onu səsləyən dalğalara. Çox düşündü. Getdi, gəldi, çox seyr elədi, çox danışdı dalğalarla. Amma bacara bilmədi. Cismini yox, ruhunu təslim etdi dalğalara qadın. Ruhunu öldürdü balıq qoxan dalğalarda. Bir daha da ruhunu təslim etdiyi dənizə baxmadı, qadın. Cismi ilə ruhsuz var oldu bədəni amma yaşamadı. Çünki ruhunu ona sədaqət bəxş edən dalğalara əbədi əmanət etdi, qadın...
 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top