ÜLVİYYƏ QARAYEVA

Hakim qarşısında cavabsız valideyn

Hakim qarşısında cavabsız valideyn

ÜLVİYYƏ QARAYEVA
Valideyn olmaq, “ana” və ya “ata” xitabı ilə çağırılmaq, nəvaziş göstərmək, qayğı ilə yaşamaq demək olar ki, hər insanın arzusudur. Bu arzu ilə yaşayanlar, mübarizə aparanlar, hətta bu arzu uğruna həyatda karyeralarından, yüksəlişlərindən belə keçənlər var.
Ailə mədəniyyəti, valideynlik duyğusu ta qədimlərdən  qanımıza hopub. Ailədə qız övladına ağlı kəsməyə başlayandan ailə quracağı, ana olacağı, yaxşı ailə başçısı olacağı öyrədilir. Analıq duyğusu gəlinciklərimizə bəslədiyimiz sevgidən başlayıb, analarımızın, nənələrimizin bizə ailə öyüd-nəsihətlərilə inkişaf edir. 
Lakin təəssüf ki, günümüzdə bu ali duyğudan imtina edənlər də az deyil. Aparılan araşdırmalar göstərir ki, daha çox yeni doğulan körpələrini tərk edən valideynlər çoxluq təşkil edir. Bəziləri övladını doğum evində tərk edir, bəziləri tullantı qədər dəyərsizləşdirib zibil qutularının yaxınlığına atır, bəziləri dırnaqarası nəvazişlə yedirib, içirib, bir parça kağızda “başqa çarəm yoxdur” qeydlərilə kiminsə qapısına ümid qoyur körpəsini. Elə bununla da öz qanından, canından olan körpəsinin taleyini naməlum, özlərini isə ən ülvi, ali hisslərdən olan valideynlik, analıq, atalıq hisslərindən məhrum qoyub, cani statusuna imza atırlar. Hətta cani statusu belə valideynlər üçün yumşaq səslənir.
“Kapernaum” filminə, yəqin ki, çoxumuz baxmışıq. Film valideynlərini məhkəməyə verən balaca qəhrəmanın hakimlə dioloqu ilə başlayır. Hakim Kapernaumdan valideynlərini niyə məhkəməyə verdiyini soruşanda, cavabı “Məni dünyaya gətirdikləri üçün” olur. İndi dünyada minlərlə, hətta təəssüf ki, milyonlarla hakim qarşısına çıxarıla biləcək “valideynlər” var. Maraqlıdır, belə valideynlər hakim qarşısına çıxarılarsa, görəsən cavabları nə olacaq? Hansı tutarlı səbəb onları övladlarına bağışlada bilər? Hansı səbəbləri övladların həyatın çətinliklərinə tək başına sinə gəlməklərinə, uğurlarına, uğursuzluqlarına, nailiyyətlərinə və ya bacarıqsızlıqlarına bəraət qazandıra bilər? Düşünürəm, heç bir səbəb övladını köməksiz vəziyyətdə atmağa, həyatın kor-təbii ümidinə buraxmağa  yetərli ola bilməz. Elə ona görə də hakim qarşısına çıxarılmadan əvvəl sizə veriləcək sualın cavabını ətraflı düşünün. Düşünün ki, səbəbsiz cavablarınızdan heç olmasa ürəyinizdə bir qığılcım yarana bilsin. Bəlkə o zaman buraxmağa çalışdığınız əllər, geri dönüb müqəddəs duyğuya yenidən qucaq açar...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top