Yay ayının axırları idi. İki balaca otağı olan bina evində yaşayırdıq. Gəlinciyimlə, oyuncaqlarımla oynasam da günlərim çox darıxdırıcı keçirdi. Demək olar ki, yay başlayandan babamgildə qalırdıq. Ora getmək mənim üçün toy-bayram idi. Babamın bağı, evləri o qədər böyük idi ki, hətta qardaşımla mənim otağımız da var idi.
Gəlinciyimlə oynadığım otağın eyvan qapısı da, pəncərələr də açıq idi. Həzin yay küləyi otağı bürüyür, ağacların iyi babamgil üçün məni daha da darıxdırırdı. Yeni gəlmişdik deyə yəqin ən azı bir həftə sonra gedə bilərdik. Qəfil küçədən babamın səsini eşitdim. “Ülviyyəə, qızım”. Bir anlıq elə bildim darıxdığımdan babamın səsi qulağıma gəlir. İkinci dəfə səslənəndə yerimdən dik atıldım. Tez eyvana qaçdım. Doğrudan da babam idi. Gülə-gülə məni çağırırdı. “Ülviyyə, düş aşağı gör sənə nə almışam”. Əli ilə maşını işarə edirdi.
- Qızım, geyinin gəlin, gedək bizə.
Göz qırpımında geyinib binanın həyətinə endim. Babam maşının baqajını açanda sevincimdən babamı möhkəm qucaqladım.
- Baba mənimdir? Təkcə mənim? O mənim quzumdur?
- Hə qızım səninçündür. Bu gündən onu ancaq sən yemləyəcəksən, böyüdəcəksən.
Bütün günümü quzuma həsr edirdim. Onunla qaçırdım, əylənirdim. Körpə olduğu üçün butulkada süd verirdim. Ən sevdiyim məşğuliyyətim də elə bu idi. Butulka ilə südü elə həvəslə əmirdi ki, ağzının kənarından süd damırdı. Mən də əllərimlə südünü silib, elə südlü əlimlə çənəsini, boğazının altını sığallayırdım. Quzum məni görən kimi yanıma qaçır, hətta bəzən pilləkənlərlə arxamca otağa da qalxırdı. Düzdür, həmin vaxt nənəm, evi batırar deyə çox hirslənirdi. Nənəm görməsin deyə, quzumu da götürüb ancaq yaşıl otların arasında, ağacların kölgəsində oynayırdıq. Gecələri həyətimizdə örtülü bir tikili var idi. Babam quzu üçün orda yer düzəltmişdi. Elə oradaca yatırdı. Mənsə yuxuya gedənədək, pəncərədən o tikiliyə gözümü zilləyirdim. Cürbəcür fantaziyalı xəyallar qururdum.
Hardasa bir ay beləcə keçdi. Artıq yay yerini payıza verirdi. Yağışlar da tez-tez yağmağa başlayırdı. Babam mənə dedi ki, əgər quzunun da sənin kimi böyüyüb daha sağlam, daha görünüşlü olmasını istəyirsənsə gələn yayadək onunla ayrılmalısan. Bu sözlərə hədsiz kədərlənsəm də təkcə bir sual verdim.
- Bəs, olmaz ki, elə burda qalsın? Mən ona daha yaxşı baxaram.
-Yox, qızım, sən bu il məktəbə başlayacaqsan, hər gün dərslərinə hazırlaşmalısan. Onu yemləməyə, qulluq etməyə heç birimizin vaxtı olmayacaq. Qonşu kənddəki qohumlarımızla danışmışam. Sabah gəlib özləri ilə aparacaqlar. Sənə söz verirəm, gələn yay geri gətirəcəklər. Özü də daha böyük. Arxayın ol, onlara demişəm ki, nəvəmin qurbanlığıdır. Yaxşı baxacaqlar.
Gecəni demək olar ki, yata bilmədim. Yəqin gələn yayadək məni unudacaq. Bəlkə başına nəsə gələcək. Bəlkə başqa quzularla dəyişik düşəcək. Axı, hamısı bir-birinə bənzəyir...
Səhər babam dediyi kimi qohumlarımız kənddən qonaq gəldilər. Gedəndə quzumu da apardılar. O qədər kədərli idim ki, məktəblər açılanadək çox fikirli gəzirdim. Yuxularımda belə quzumu görürdüm. Heç ayılmaq istəmirdim.
Dərslərə başlayanda başım qarışsa da quzuma qovuşmaq üçün ayları sayırdım. Bunun üçün ayları tez əzbərlədim. Hansı ayın ardınca hansı ay gəlir, hansı ay neçə gündür, hamısını əzbərləmişdim.
Bir il hamı üçün göz qırpımında keçsə də mənə görə çox gec keçdi. Hər dəfə babamla birlikdə günləri hesablayırdım. Amma babam hərdən deyirdi ki, qızım o qurbanlıq qoyundu. Özü də sənin qurbanın. Əslində, Qurbanlıq qoyunun nə olduğunu bilmirdim. Amma elə bilirdim ki, mənim qurbanlığım deyirsə, nəsə mənə aiddir deməkdir. Mənə aiddirsə, elə bu mənim bəsimdir.
Vədə yetişdi. Yuxudan nənəmin ləzzətli yeməklərinin qoxuları ilə qalxdım. İsti yay günü, həyətdə hazırlıqlar gedirdi. Babam gilənar ağacının altına böyük tas, ağacdan isə dəmir qırmaq asıb bıçaqları itiləyirdi. Məni görən kimi "qızım, qurbanlığın gəlir bu gün", - dedi.
Həyətdə böyük masa düzəlmişdi. Çox sevinirdim. Qohumlar, ən sevdiyim xalamuşaqları. Hamı bizdə idi. Uzaqdan maşın səsi eşidən kimi darvazadan boylanırdım. Nəhayət, gözlədiyim maşın gəldi. Qurbanlığım düşəndə nə mən onu, nə də o məni xatırladı. Xəyallarımdakı görüşmə bu cür deyildi. Mənim ardımca qaçan, oynayan quzumun yerinə tükləri tündləşmiş, hətta kirlənmiş böyük tənbəl bir qoyun var idi. Kürəyində qırmızı işarə də var idi. Maşının arxasından güclə düşürdülər. Gözlərim çox dolmuşdu. Dodaqlarım qeyri-ixtiyari əsirdi. Xəyallarım, gözləntilərim bir andaca puç oldu. Heç kim görməsin deyə evin arxasındakı göyəm ağacının qalın budaqlarına sıxılıb, ağladım. Arada qoyunun səsini eşidirdim. Amma o səs mənə çox yad idi.
Bir az özümə gəldikdən sonra qonaqların yanına qayıtdım və uşaqlarla oynamağa davam etdim. Bir qədər sonra babam məni yanına çağırıb barmağı ilə alnıma nəsə sürtdü.
-Qurbanın qəbul olsun gözəl qızım.
Qaçıb güzgüdə özümə baxdım. Alnımın ortası qırmızı idi. Heç nə anlamırdım. Bir qədər sonra həyəti kabab iyi bürüdü. Hər kəs süfrə arxasında idi. Süfrədə “Allah qəbul eləsin” sözləri ilə götürülürdü hər tikə. Mənsə ağzıma bir tikə də ala bilmədim. Axı, bu necə ola bilər. Axı, mən özümə dost bildiyim, birlikdə oynadığım dostumu necə yeyə bilərdim.... O günə aid xatirələrim elə o süfrədəcə bitdi.
O gündən illər keçdi. Hər dəfə Qurban sözünü eşidəndə düşünürdüm ki, sonu kəsib, bişirib və yeməklə bitəcək. Qurban nədir, nə üçündür. Bunu mənə heç kim izah etmədi. Amma mən illərlə “qurban ətidir ye” deyilən ətlərə əlimi də vurmadım.
Ülviyyə Qarayeva