ÜRFAN MƏMMƏDLİ

“Etnik təmizləmə” qarayaxması

“Etnik təmizləmə” qarayaxması

ÜRFAN MƏMMƏDLİ

Azərbaycan təxminən 30 il beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizinə nəzarət edə bilmirdi.
Məsələn, mən çox istəyirdim ki, ya şəxsi avtomobilimdə, ya da avtobusla Laçına gəzməyə gedim. Gedə bilmirdim. Mənim - Azərbaycan vətəndaşının öz ərazisində sərbəst hərəkətinə yol verilmirdi.
Mənim Laçına gedə bilməməyimin bircə səbəbi var idi: mən azərbaycanlıyam. Sakinləri azərbaycanlı olduğuna görə Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonları boşaldılmışdı, Şuşanın, Xankəndinin azərbaycanlı əhalisi evlərindən qovulmuşdu, Xocalının əhalisi azərbaycanlı olduğuna görə gülləbaran edilmişdi. Etnik təmizləmə budur.

Bu hadisələri törədənlər ermənilər idilər. Təbii ki, Qarabağda yaşayan bir ovuc erməni bunu təkbaşına bacarmazdı. Amma Ermənistanın, Rusiyanın və digər dövlətlərin himayəsi ilə buna nail olurdular. Əlbəttə, Azərbaycanın SSRİ boyunduruğundan “lüt” qopması da bu məsələdə öz rolunu oynadı.

Mənim Laçına “gedə bilməməyimə görə” ABŞ, Fransa, Rusiya və neçə-neçə beynəlxalq təşkilatlar tökülüb bura gəlirdilər. Gəlirdilər ki, bu ədalətsizliyi aradan qaldırsınlar. Amma bu ədalətsizliyin günahkarına “gözün üstündə qaşın var” demirdilər, etnik təmizləmə etdiklərini onlara heç kim başa salmaq istəmirdi.

Nəticədə, bir ovuc erməni dövlət içində dövlət qurmaq sevdasına düşdü. Bir kimsə onları başa salmadı ki, sizin dövlət olmağınız Azərbaycandan asılıdır. Onlara bir kimsə başa salmadı ki, bu məsələdə bütün dünya siz tərəfdə olsa da, Azərbaycanın razılığı olmadan siz dövlət qura biməzsiniz. Onlara bir kimsə başa salmadı ki, beynəlxalq qanunlara görə, siz üsyançısınız və dövlətin üsyanı yatırmaq səlahiyyəti var.

Nəhayət, Azərbaycan etnik təmizləmənin ləğv edilməsinin yolunu dünyaya göstərdi. Dünyanı başa saldı ki, siz bizi bir etnos kimi öz ərazilərinizdən qova bilərsiniz (hərçənd beynəlxalq qanunlar bunu insan haqlarının pozulması sayır), amma bizim öz ərazimizdə biz buna yol vermərik.

Azərbaycanın 2020-ci ilin 27 sentyabrından 10 noyabrına kimi apardığı müharibə etnik təmizləmənin ləğv edilməsi hərəkatı idi.

İndi ermənilər özləri etnik təmizləməyə məruz qaldıqları barədə dünyaya ün salıblar. Laçında Nəzarət Buraxılış Məntəqəsi (NBM) qurulmasını etnik təmizləməyə hazırlıq kimi qələmə verirlər. Onları bir kimsə başa salmır ki, NBM Ermənistan dövləti ilə Azərbaycan dövləti arasında qurulub və iki dövlət arasında belə bir məntəqənin qurulmaması özü anormal haldır.
İndi ermənilərə bir kimsə başa salmır ki, Azərbaycan etnik təmizləmə aparmaq istəsəydi, bunu 10 noyabrda edərdi.

44 günlük müharibə günlərində bir neçə dəfə atəşkəs razılaşmaları oldu. Amma onların heç biri işləmədi. 10 noyabr bəyannaməsi də həmin atəşkəs razılaşmalarından biri idi.

Azərbaycan etnik təmizləmə aparmaq istəsəydi, müharibəni daha 2-3 gün davam etdirməklə buna nail ola bilərdi. Çünki ordumuz Xankəndinin girişində idi və şəhərdə də mülki əhali yox idi. Daha bir həmlə Xankəndinin fəthinin reallaşdırılması, orada olan erməni hərbçilərin əsir alınması demək idi. Bununla da Azərbaycanda erməni qalmayacaqdı. O halda Qarabağdakı erməni hərbçiləri Bakı türmələrində, mülki ermənilər isə Azərbaycan sərhədlərinin xaricində olacaqdılar.

Azərbaycan buna getmədi. Qarabağdakı mülki erməniləri öz vətəndaşı hesab etdiyindən, Qarabağdakı silahlı birləşmələrin ərazimizdən çıxarılacağı vədini nəzərə aldığından atəşkəsə razılaşdı.
Azərbaycan ən zəif vaxtlarında belə, torpağından pay verməyəcəyini ən yüksək kürsülərdən bəyan edib. Onda bu bəyanlara inananlar az olsa da, son nəticədə Azərbaycan torpağından pay vermədi. Sizcə, indi verər?

Görünür, ermənilər və onların havadarları 10 noyabrı unudublar. Görünür, onlar Azərbaycanın hümanizmini qiymətləndirmək istəmirlər.
Amma müharibə başlasa, mütləq yenidən 10 noyabra qayıdacağıq. Onda daha atəşkəs olmayacaq. Onda ermənisiz Qarabağda Azərbaycan öz suverenliyini təmin edəcək. Qoy ermənilər bunu eşitsinlər. Hələ gec deyil...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top