Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

Oktay Şirəliyevin oğlu islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

TÜRK DÜNYASI

Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolu Asiya və Avropanı birləşdirəcək

15.10.2016 10:44

Beynəlxalq aləmdə yanacaq-energetika sahəsində hazırda əmələ gələn vəziyyət və o cümlədən neftin ucuzlaşmaqda davam etməsinə baxmayaraq Türkmənistan bölgə üçün xüsusi önəm daşıyan bir-sıra layihələrin həyata keçirilməsi üçün cəhdləri davam etdirir. Bu baxımdan prezident Qurbanqulu Berdıməhəmmədovun xüsusi təşəbbüsü ilə reallaşdırılmaqda olan Türkmənistan-Əfqanıstan- Tacikistan (TƏT) dəmirolunun inşası istiqamətində önəmli addımlar atılmaqdadır. Belə ki, noyabr ayında TƏT-in reallaşdırılmasının birinci mərhələsi çərçivəsində 85 kilometr uzunluğunda olan Atamırat-İmamnazar xətti istifadəyə veriləcək. Bundan sonra İmamnazardan sərhədin Əfqanıstanda olan hissəsindəki Akinaya 3 kilometr uzunluğunda olacaq yeni dəmiryolunun inşasına başlanılacaq. TƏT-in ilkin mərhələsinin uğurla başa çatdırılmasına təxminən bir ay qalmasına baxmayaraq, indidən o diqqəti özünə cəlb edib. Məsələn, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov deyib ki, yeni dəmiryolu beynəlxalq önəm daşıyaraq Asiya və Avropanı birləşdirəcək mühüm nəqliyyat qovşağı olacaq. Onun sözlərinə görə, bu dəmiryolu vasitəsi ilə Asiyadan Avropaya milyonlarla ton yük daşınacaq ki, bu da regionda iqtisadi baxımdan çiçəklənməyə, əlavə iş yerlərinin yaradılmasına, əhalinin maddi rifahının yüksəldilməsinə, regionda sabitliyə və təhlükəsizliyin təmin edilməsinə gətirib çıxaracaq. Qurbanqulu Berdıməhəmmədov: “Türkmənistan- Əfqanıstan-Tacikistan nəqliyyat qovşağı Asiya ilə Avropanı birləşdirəcək beynəlxalq dəmiryolu koridorunun mühüm qollarından biri olacaq. Bu layihənin reallaşdırılması həm də regiondakı geosiyasi vəziyyətin dəyişməsinə yol açaraq gələcəkdə uzunmüddətli sabitliyə və sülhə təminat verəcək. Türkmənistan yeni beynəlxalq dəmiryolu qovşağının mühüm hissəsi olacaq layihənin reallaşdırılması üçün əlindən gələni edib. Ölkəmiz götürdüyü öhdəliyə uyğun olaraq öz ərazisindəki 85 kilometrlik dəmiryolunun inşasını artıq başa çatdırmaq üzrədir. Gələn ay yeni nəqliyyat qovşağının birinci mərhələsinin uğurla başa çatdırılması ilə bağlı təntənəli mərasim keçiriləcək”,-deyib.

Yeri gəlmişkən onu da deyək ki, Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolunun inşasına 2013-cü ilin iyul ayında başlanılıb. Yeni dəmiryolunun ilk mərhələsinin inşasına başlanılması ilə əlaqədar 3 ölkə prezidentlərinin iştirakı ilə Türkmənistanın Lebap vilayətində o vaxt təntənəli mərasim keçirilmişdi. TƏT layihəsinə əsasən yeni dəmiryolu Türkmənistandan başlayaraq Əfqanıstanın Mazari-Şərif-Kunduz şəhərlərinə qədər uzanacaq və oradan da Şerxon-Bandar buraxılış məntəqəsi vasitəsi ilə Cəlaləddin Bəlxi-Xatlonla (Tacikistan) birləşəcək. Amma bu da son deyil. Belə ki, yeni dəmiryolu Xatlondan sonra Qırğızıstan vasitəsi lə Çinə daxil olacaq və bununla da bölgənin Asiya- Sakit okean ölkələri hövzəsinə çıxışı təmin ediləcək. Qeyd edək ki, Qırğızıstanı-Çinlə birləşdirən dəmiryolu mövcud olduğundan yeni dəmiryolunun inşasına ehtiyac duyulmayacaq. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Türkmənistan Dövlət Xəbərləri Agentliyi yazır ki, yeni dəmiryolu qovşağının işə salınması Əfqanıstanda da siyasi sabitliyə yol açaraq iqtisadi baxımdan milyonlarla dollar gəlir əldə etməyə imkan verəcək. Bununla bağlı Türkmənistan Dövlət Xəbərləri Agentliyi yazır: “Yeni dəmiryolunun inşasına paralel olaraq avtomobil yolları, elektrik xətləri, yanacaq-energetika kəmərləri də inşa ediləcək. Eyni zamanda dəmiryolunun istifdəyə verilməsi Əfqanıstanla sərhəddə yerləşən İmamnazar gömrük məntəqəsində neft və neft məhsullarının yüklənməsi və saxlanılması məqsədi ilə terminal inşa edilməsinə imkan verəcək”.

Nəhayət yenə də beynəlxalq dəmiryolu qovşağının mühüm hissəsi olacaq TƏT-in əhəmiyyətinə toxunan prezident Berdıməhəmmədov nazirlər kabinetində keçirilən müşavirədə deyib ki, nəzərdə tutulanların reallaşdırılması ölkənin həm iqtisadi, həm də siyasi maraqlarına cavab verir.

Əfqanıstandakı vəziyyət problemlər doğurur

Yeni dəmiryolunn inşasının birinci mərhələsinin başa çatmasına az bir vaxt qalmasına baxmayaraq Əfqanıstanda hələlik bu istiqamətdə hər hansı bir addım atılmayıb. Buna da səbəb adı çəkilən ölkədə siyasi və hərbi baxımdan gərginliyin qalmaqda davam etməsidir. Dəmiryolunun inşası nəzərdə tutulan ərazilərdə Talibanla Əfqanıstanın hökumət gücləri arasında müntəzəm olaraq döyüşlərin baş verməsi Asiya İnkişaf Bankı tərəfindən adı çəkilən ölkədə dəmiryolunun inşasına vəsait ayrılması yolunda ciddi əngələ çevrilib. Öz növbəsində Tacikistan hökuməti də öz ərazisindəki dəmiryolunun inşa edilməsi məsələsində hələ də tərəddüd edir. Buna da səbəb yeni dəmiryolunun inşası məsələsində Əfqanıstanla Tacikistan arasında ortaya çıxan fikir ayrılıqlarıdır. Tacikistan dəmiryolu naziri Şirali Qancalzadənin məsələ ilə bağlı mətbuata verdiyi açıqlamaya görə ölkəsi 3 dövləti birləşdirəcək və 160 kilometr uzunluğu olacaq dəmiryolunun inşa edilməsində maraqlıdır. Əfqanıstan hökuməti isə 500 kilometr uzunluğu olacaq dəmiryolunun inşa edilməsində israrlıdır. Bu isə iqtisadi baxımdan yeni layihənin səmərəli olacağını indidən şübhə altına alır. Son məqamda tərəflər 3 ölkəni birləşdirəcək dəmiryolunun çəkilməsi barədə ortaq məxrəcə gələ biliblər. Tacikistan tərəfindən yeni dəmiryolunun uzunluğunun 392 kilometr olacağı nəzərdə tutulub. Öz ərazisində yeni dəmiryolunun inşa edilməsinə başlanılmasa da Tacikistan hökuməti onun 2018-ci ildə istifadəyə veriləcəyini vəd edir.

Rusiya yeni dəmiryolunun inşasını istəmir?

İstənilən beynəlxalq layihələrin reallaşdırılması zamanı olduğu kimi, bu dəfə də TƏT-lə bağlı Rusiya və Çin özlərinin iqtisadi və hərbi-siyasi maraqlarının müdafiə edilməsini önə çıxarıblar. Bununla bağlı mətbuata açıqlama verən Rusiyanın sərhədyanı əməkdaşlığın strateji planlaşdırılması xidmətinin rəhbəri Aleksandr Sobyanin deyib ki, yeni dəmiryolunun TƏT-in inşası ölkəsinin maraqlarına cavab vermir. Onun sözlərinə görə, Əfqanıstan iqtisadi baxımdan Rusiya və Çindən asılıdır və bölgədə onların maraqlarına uyğun gəlməyən hər hansı layihənin reallaşdırılması mümkün deyil. Aleksandr Sobyanin: “Əfqanıstanda ABŞ hərbi qüvvələri və NATO qoşunları var. Ona görə də Moskva belə bir vəziyyətdə yeni dəmiryolunun inşa edilməsini bölgədə öz maraqlarına vurulan zərbə hesab edir”,-deyir.

Sobyanin xatırladıb ki, 10 il əvvəl amerikalılar Pənc çayı üzərindən Əfqanıstanı Tacikistanla birləşdirən körpü inşa etdilər. Ancaq bu körpü işləmədi, çinki, maraqlı güclər buna imkan vermədilər. Bu da öz növbəsində yeni körpü ilə yükdaşımalarının iqtisadi baxımdan gəlirli olmamasına gətirib çıxardı.

Sobyanin:” Türkmənistan yeni layihənin həyata keçirilməsində maraqlıdır. Ancaq Aşqabadda ubudurlar ki, məhz bu layihənin reallaşdırılması yolunda ilk addımların atılması Taliban güclərinin Türkmənistan sərhədinə yaxın ərazilər uğrunda döyüşlərə başlamasına gətiirb çıxardı. Bu isə Aşqabada edilən xəbərarlıq idi. Ancaq görünürTürkmənistanın ali dairələrində bu amili nəzərə almayıblar. Yoxsa dəmiryolunun inşası üzərində iş getməzdi”,-deyir.

Əslində Sobyaninin bu açıqlamasını Əfqanıstandakı bəzi Taliban güclərinin Rusiyanın nəzarəti altında olduğunu və Moskvanın göstərişi ilə hərəkət etdiyinə vurulan işarə kimi dəyərləndirmək olar. Yəni Moskva nəzarəti altında olan Taliban güclərinin vasitəsi ilə yeni dəmiryolunun inşasına imkan verməyəcək. Sobyanin xatırladıb ki, vaxtı ilə Qırğızıstan-Çin və Tacikistan-İran dəmiryolunun inşasına başlanıldı, ancaq sona çatdırılmadı və TƏT-i də belə tale gözləyir.

Bununla belə Sobyanin TƏT-in inşasının regional əməkdaşlığa öz töhfəsini verəcəyini və bögədə sabitliyə yol aça biləcəyini də istisna etmir.

Lakin o da aydındır ki, TƏT-in inşa edilməsinin birinci mərhələsinin başa çatması bütün hallarda irəliyə doğru atılan addımdır və bunu bölgədə uzunmüddətli sabitliin bərpasına yönündə atılan ən uğurlu addımlardan biri hesab etmək olar. Konkret olaraq bu layihənin həyata keçirilib-keçirilməməsi ilk növbədə Əfqanıstanda hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq.

Əziz Mustafa

Oxundu 328

© 2017 - NSPSOLUTIONS