Rusiya Federasiyası Federal Məclisinin VI və VII çağırış Dövlət Dumasının deputatı (2014-2021), 2021-ci ildən politoloq kimi çıxış edən Aleksandr Şerin Azərbaycanı “Kalibr” və “İskəndər” raketləri ilə hədələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə rus siyasətçi Aleksandr Şerin “Realist xəbər agentliyi”nə müsahibəsində danışıb.
“Bu gün Rusiya Federasiyasının silahlı qüvvələri rusların soyqırıma məruz qaldığı, Rusiya ilə müvafiq sülh sazişləri bağlamaq istəmədikləri, Krım da daxil olmaqla ərazilərimizi tanımaq istəmədikləri, dost olmayan bir dövlətin ərazisinin denasifikasiyası və demilitarizasiyası üçün çox mühüm missiyanı yerinə yetirir. Fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir”, - rusiyalı siyasətçi bildirib.
Şerin Tokioya və Bakıya “xəbərdarlıq” edib:
“Rusiyanın müxtəlif istiqamətlərdə və dövlət sərhədlərində ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb, çünki belə bir tapşırıq yoxdur.
Əgər kimsə bizim güclü və zəif tərəflərimizi araşdırmağa çalışırsa, o zaman yaxşı işləyən “Kalibr” və “İskəndər”lər tapacaqlar. Ona görə də bu bəyanatlar sırf bu ölkələrin gələcəkdə Rusiyaya təzyiq etmək şansı olmayan daxili seçiciləri üçün edilir”.
Xatırladaq ki, daha əvvəl Rusiya Dövlət Dumasının İqtisadi siyasət üzrə Komitəsinin sədr müavini Mixail Delyagin də Rusiya dövlət televiziyasının efirində Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirib. Bundan əlavə Delyagin rəsmi “Telegram” kanalında izləyiciləri arasında onlayn sorğu keçirib. Sorğuda izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədikləri soruşulub. Bütün bu olanlardan sonra isə deputat videomüraciət yayımlayaraq azərbaycanlılar və digər millətlərin nümayəndələrindən üzr istəyib.