Təxminən bir ay əvvəl Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi barədə tapşırıq verdi. Müvafiq qurumlar da dərhal hərəkətə keçdilər və genişləndirmə işlərinin daha çox "Xırdalan dairəsi" adlandırılan ərazidə aparılacağını açıqladılar. Səhv etmirəmsə "ilk külüng" də elə "Xırdalan dairəsi"ndə - bu gün yanıb kül olan "EuroHome" tikinti materialları bazarının bir-neçə metrliyində vuruldu.
Yolun genişləndirilməsilə "EuroHome"da baş verən yanğın arasında hansısa əlaqənin olduğunu söylmək üçün əlimdə heç bir əsas olmasa da, nədənsə bu yanğın bir neçə il bundan əvvəl baxdığım, "Hollywood" istehsalı olan maraqlı bir filmi mənə xatırlatdı. Adını unutduğum həmin filimdə bir qrup gəncin başına gələn qəribə hadisələrdən bəhs olunurdu. Filmin məzmunu bundan ibarət idi ki, həmin gənclərdən biri ətrafındakı insanların başına gələcək hadisələri əvvəlcədən hiss etdiyi halda qarşısını ala bilmir. Deyəsən mən də filmdəki həmin gənc kimi baş verəcək hadisələr, daha doğrusu yanğınları əvvəlcədən hiss etməyə başlayıram.
Hətta onu da hiss edirdim ki, növbəti yanğına hər dəfə olduğu kimi bu dəfə də "qısaqapanma" səbəb olacaq. Bəlkə də bu cür yanğınların nə zaman və harada baş verəcəyini təkcə mən əvvəlcədən hiss etmirəm. Ola bilsin ki, mənim kimi, yəni bu cür hadisələri əvvəlcədən hiss edən insanların sayı çoxdur. Çünki, bəzi yerlərdə yanğının baş verəcəyini əvvəlcədən hiss etmək xüsusi bir qabiliyyət tələb etmir. "Sədərək" və "Binə" tcarət mərkəzlərində, "8-ci kilometr bazarında" yaxud da "Dərnəgül"də yerləşən taxta bazarında baş verən yanğınları əvvəlcədən hiss etmək, əslində elə də çətin bir məsələ deyil. Məsələn, ayını, gününü dəqiq deyə bilməsəm də indidən hiss edirəm ki, gələn il adlarını qeyd etdiyim məkanların ən azından birində yenidən yanğın baş verəcək.
Xatırlayırsınızsa, bir-neçə il əvvəl "Torqovu" dediyimiz ərazinin beş addımlığında yerləşən Travmotologiya Xəstəxanasını bağlamışdılar. Ancaq, həmin vaxtı şəhərin mərkəzində - "Malakən bağı"nın qarşısında yerləşən xəstəxana binasından gələcəkdə hansı məqsədlər üçün istifadə olunacağına aydınlıq gətirilməmişdi. Belə demək mümkündürsə, "Torqovu"nun beş addımlığında yerləşən bu bina təyinatsız qalmışdı. Mən o vaxt hiss edirdim ki, təyinatsız qalan bir binada gec-tez yanğın baş verməlidir. Həqiqətən də hisslərim məni aldatmadı və beş altı ay sonra Travmotologiya Xəstəxanasında yanğın baş verdi, həm də səbəb yenə də "qısaqapanma" oldu.
Yadınızdadırsa, Respublika Sarayı ilə Füzuli meydanı arasında yerləşən ərazidə "Qış Bulvarı" salınacağı üçün sakinlərin oradan köçürülməsi lazım idi. Hökumət bu məqsəd üçün vəsait də ayırmışdı. Ərazidə yaşayan sakinlər evlərini baha satmaq istəyirdilər. Ev alanlar isə onlara istədikləri məbləği vermirdilər. Bu səbəbdən də sakinlərlə ev alanlar arasında qarşıdırma baş verirdi. Ərazidəki gərgin vəziyyətə dözməyən elektrik xətlərində isə tez-tez "qısaqapanma" olurdu.
Yazının sonunda "qısaqapanma" ilə bağlı yaxın tanışımdan eşitdiyim bir hadisəni sizinlə paylaşsamq istəyirəm: həmin tanışım Bakıdakı rayonların birinin icra hakimiyyətində işləyib. Həmin rayonda yaşayan sakinlərdən biri mənzilinin eyvanını genişləndirmək istəyib. Müvafiq qurumlara dəfələrlə müraciət etsə də tikinti üçün onlardan "razılıq" ala bilmir. Bir gün tanışım eşidir ki, həmin sakinin genişləndirmək istədiyi eyvanda "qısaqapanma" nəticəsində yanğın baş verib. Evin sahibi, bu dəfə müvafiq qurumlardan yanğının nəticələrini aradan qaldırmağı tələb edib. Tanışım deyir ki, bir müddətdən sonra "qısaqapanma" nəticəsində yanan eyvanda genişləndirmə işlərinin aparıldığını gördüm.
ALLAHVERDİ AYDIN
Yanğınlar əslində niyə baş verir?