Gələn il işğal altında olan Dağlıq Qarabağda seperatçı rejim tərəfindən “prezident seçkiləri” keçiriləcək. “Seçkilərə” hələ bir neçə ay qalmasına baxmayaraq seperatçılar arasında gərgin qarşıdurma müşahidə olunmaqdadır.
Erməni mətbuatının yazdığına görə Dağlıq Qarabağ işğalçılarının iki əsas lideri Samvel Babayan və Vitali Balasanyan arasında qarşıdurma yaşanır. Samvel Babayan Vitali Balasanyan barəsində ağır ittihamlar səsləndirib. Hətta Samvel Babayan terrorçu Monte Mekonyanın Vitali Balasanyan tərəfindən öldürüldüyünü söyləyib.
Kimdir Samvel Babayan? Samvel Babayan işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağda yaradılan “özünümüdafiə qüvvələrinin” komandiri olub. Faktiki olaraq seperatçıların hərbi lideri olub və bütün hərbi əməliyyatlara bu şəxs başçılıq edib. Seperatçı rejimin ilk “müdafiə naziri” olub. 1994-cü ildə imzalanan “Atəşkəs sazişi”ni də seperatçıların adından Samvel Babayan imzalayıb. Sonradan, 2000-ci ildə seperatçı rejimin rəhbəri Arkadi Quqasyana qarşı sui-qəsd etməkdə ittiham olunaraq həbs olunub və 4 il həbsxanada qalıb. Daha sonra Daşnaksütyun partiyasının Qarabağdakı nümayəndəsi kimi fəaliyyət göstərib. Hazırda Ermənistanın yeni rəhbərliyi ilə separatçılar arasında yaşanan gərgin münasibətlərdən istifadə edərək “hakimiyyəti” ələ keçirmək niyyətindədir. Əsas iddiaçılardan biri də Samvel Babayandır.
Ehtimal olunur ki, onun əsas rəqibi Vitali Balasanyan olacaq. Vitali Balasanyan da Samvel Babyan kimi keçmiş döyüşçüdür və işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. Əsgəran rayonunda yaradılan özünümüdafiə qüvvələrinin” komandiri olub. Seperatçı rejimin müdafiə naziri olub. 2016-cı ildə, "Aprel döyüşləri"ndə yaxından iştirak edib. Hazırda qondarma rejimim "Təhlükəsizlik Şurası"na rəhbərlik edir. Bundan əvvəlki seçkilərdə indiki "prezident" Bako Saakyanın rəqibi olub və 32,5% səs toplayıb.
Adlarını qeyd etdiyim hər iki şəxs hərbçidir. İkisi də general rütbəsi daşıyır və hərbçilər, xüsusən də keçmiş döyüşçülər arasında tərəfdarları var. Bu da onu göstərir ki, bu iki şəxs arasındakı qarşıdurma yaxın vaxtlarda daha da şiddətlənəcək. Əlbəttə burda Ermənistanın yeni rəhbərliyinin mövqeyi həlledici olacaq. Son zamanlar yaşanan hadisələr göstərir ki, Paşinyanın mövcud rejim təmsilçilərilə münasibətləri yaxşı deyil. Paşinyanın Qarabağa son səfəri zamanı onu soyuq qarşıladılar. Şuşada keçirilən tədbirlərdə separatçı rejim təmsilçiləri Paşinyandan aralı durmağa çalışırdılar. Mövcud seperatçı rejim təmsilçiləri Serj Sarkisyan və Robert Koçaryana yaxın şəxslərdir. Hətta Robert Koçaryanın həbsxanadan çıxması da qondarma rejimin başçısı Bako Saakyanın təşəbbüsü ilə baş tutdu. Bako Saakyan Robet Koçaryana zamin durduğunu bəyan etdi. Təbii ki, bütün bunlar Paşinyanı razı sala bilməz və o, Qarabağda “hakimiyyət” dəyişikliyini istəyir. Belə görünür ki, bunun üçün mövcud rejimin əlehdarlarından olan Samvel Babayanla anlaşa biləcək.
Bildiyimiz kimi, Serj Sarkisyan və Robert Koçaryanın hakimiyyətləri dövründə Dağlıq Qarabağ tamamilə Ermənistanın nəzarətində olub. Paşinyan hakimiyyətə gəldikdən sonra münasibətlərdə yeni mərhələ başladı. Hazırkı “Qarabağ hakimiyyəti” Paşinyanı qəbul etmir. Lakin, hərbi və iqtisadi baxımdan Ermənistandan asılı olduğu üçün açıq şəkildə etiraz edə bilmirlər. Paşinyanın təkidilə Qarbağdakı hərbi birliklərin rəhbərliyi dəyişdirildi. Qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan vəzifədən kənarlaşdırıldı. Hərbi hissələrdə də bir-sıra dəyişikliklər oldu. Bütün bunlar Serj Sarkisyan və Robert Koçaryanın cütlüyünün tərəfdarlarını narahat edir. Ermənistan mətbuatının yazdığına görə Paşinyanın sonuncu Şuşa səfəri zamanı jurnalistlər Vitali Balasanyandan son günlər cəbhədə baş verən atışmalar barədə soruşublar. Balasanyan isə Prezident İlham Əliyevlə Paşinyanın görüşünə işarə edərək “gedin onu “lift danışıqlarının” aparıcısı Paşinyandan soruşun”, - deyib. Yəni, qısacası hazırda Ermənistan rəhbərliyi ilə seperatçı rejim rəhbərliyinin münasibətləri olduqca gərgindir. Paşinyan Ermənistanda “Qarabağ klanı” adlandırılan Serj Sarkisyan və Robert Koçaryanın tərəfdarlarına böyük zərbə vura bilib. Hazırda onların Ermənistandakı bürokratik və iqtisadi dayaqlarını zəiflətməklə məşğuldu. “Qarabağ klanı” da son sığınacaq kimi Dağlıq Qarabağı əldən verməməyə çalışır. Amma hesab edirəm ki, buna nail ola bilməyəcəklər. Əgər onlar daha çox müqavimət göstərməyə cəhd etsələr Paşinyan iqtisadi təsir imkanlarından istifadə edəcək.
Dağlıq Qarabağ hazırda Ermənistandan və erməni diasporasından ayrılan maddi dəstək hesabına ayaqda durur. Erməni diasporasının ayırdığı pullar da Ermənistanın nəzarəti altında Qarabağa daxil olur. Paşinyan bu imkanlardan istifadə edərək Qarabağ ermənilərini öz tərəfin çəkə bilər. Qarabağda yaşayanlar, o cümlədən də rejimin başında duranlar başqa ölkələrə Ermənistan pasportu ilə çıxa bilirlər. Bu baxımdan seperatçı rejim rəhbərliyinin Paşinyana qarşı çıxmaq şansları olduqca aşağıdır.
Proseslərin bizi maraqlandıran tərəfi isə baş verənlərin Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara necə təsir edəcəyilə bağlıdır.
Paşinyan həm Ermənistanda, həm də Qarabağda mövqelərini möhkəmlətməyə çalışır. Uzun illər hakimiyyətdə olmuş və özlərinə böyük iqtisadi və bürokratik dayaqlar qazanmış “Qarabağ klanı” ilə mübarizədən qalib çıxmaq üçün Paşinyana vaxt lazımdır. Hazırda bütün gücünü daxili mübarizəyə yönəltdiyi üçün Azərbaycanla münasibətləri gərginləşdirməməyə çalışır. Cəbhədə baş verəcək gərginliyin “Qarabağ klanı”nın işinə yarayacağını çox gözəl başa düşür. Buna görə də özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Diqqət edirsinizsə Paşinyana bağlı mətbuatda mütəmadi olaraq Azərbaycanla hansısa razılığa gələ biləcəklərindən bəhs olunur. Hesab edirəm ki, Paşinyan sadəcə vaxt udmağa çalışır.
Hesab edirəm ki, "tarix" insanlar kimi ədalətsiz deyil. Fürsətləri bərabər paylayır. Sadəcə bu fürsətlərdən düzgün istifadə edənlər və etməyənlər var. Ötən əsrin 90-cı illərində Azərbaycanda hakimiyyət uğrunda mübarizə ermənilərə imkan verdi ki, Qarabağı işğal etsinlər. Bu gün gəldiyimiz nöqtə onu göstərir ki,onlar bu fürsətdən yararlana bildilər. Belə görünür ki, tarixi fürsətlər bu dəfə bizim lehimizədir. Paşinyanın Robert Koçaryanı həbsdə saxlaya bilməməsi və Dağlıq Qarbağda yaşananlar onu göstərir ki, hələ bir müddət də Ermənistanda daxili gərginlik davam edəcək. Azərbaycan yaranmış vəziyyətdən maksimum faydalanmalıdır. Danışıqlarda Ermənistan rəhbərliyi qarşısında daha sərt və aydın tələblər qoymalıdır. İmkan vermək lazım deyil ki, aparılan müzakirələr “ümumi razılığa” gəldik bəyanatları ilə başa çatsın. Qoyulan tələblərə, səslənən təkliflərə qarşı tərəfdən “dəqiq cavablar” almağa çalışmaq lazımdır. Təmas xəttində atəşkəsin hər an pozula biləcəyi ilə bağlı mesajlar açıq şəkildə ifadə edilməli, göstərilmlidir. 20 illik Koçaryan-Sarkisyan hakimiyyətinin devrilməsində “Apel döyüşləri”nin nə qədər böyük paya sahib olduğunu hər kəsdən yaxşı Paşinyan bilir. Ona görə də elə etmək lazımdır ki, müzakirələdə ortaya qoyulacaq tələblərin səsini ermənilər təmas xəttində də eşidə bilsinlər.
ALLAHVERDİ AYDIN
Qarabağ üçün tarixi fürsət