ALLAHVERDİ AYDIN

Neftə oxşar gələcək

Neftə oxşar gələcək

ALLAHVERDİ AYDIN

Dünyada təxminən 50-yə qədər neft ölkəsi var. Adları neft ölkəsi olsa da bunların təxminən 2/3-də neft ehtiyatları heç 1 milyard tona çatmır. Məsələn, Belarus, Danimarka, Ukrayna kimi ölkələrdə neft ehtiyatlarının həcmi heç 500 milyon tona da çatmır. Dünyada təbii qaz ehtiyatlarına sahib olan ölkələrin də sayı məhdudur. Təbii qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən çox olan ölkələrin sayı 20-dən çox olmaz.

Bu ölkələrin bir neçəsi istisna olmaqla böyük əksəriyyəti əsasən neft və qaz satışından gəlir əldə edirlər. Belə ki, neft-qaz ölkələri təbii sərvətlərini su kimi borularla xaricə axıdır və əvəzində milyardlar qazanırlar. Kənardan baxanda bu ölkələrdə hər şey əla görünür. Hətta neftsiz ölkələr bu ölkələrin paxıllğını da çəkirlər. Məsələn İran, Venesuela, Türkmənistan kimi neft-qaz ölkələrində benzinin ucuz olması digər dövlətlər tərəfindən qısqançlıqla qarşılanır. 2 milyard tondan çox neftimiz, 2,5 trilyon kubmetrə yaxın qazımız olduğu halda biz də digər neft-qaz ölkələrinə həsəd aparırıq.

Ancaq qazanılan milyardlar bir-çox halda həmin ölkələrdə yaşayan insanların maddi vəziyyətinə təsir etmir. Ölkələrin rifah səviyyəsi satılan neftin dəyərinə uyğun olmur. Məsələn, Nigeriya dünyanın ən böyük neft ölkəsi hesab olunur. Bu ölkənin neft ehtiyatları Azərbaycanın neft ehtiyatları ilə müqayisdə təxminən 6 dəfə çoxdur. Buna rəğmən Nigeriya dünyanın ən kasıb ölkələrindən hesab olunur. Bu ölkədə adambaşına düşən milli gəlir cəmi 3,3 min dollardır. Yoxsulluq səviyyəsi 70%-ə, işsizlik səviyyəsi isə 25%-ə çatır. Halbukı ərazisi Nigeriyadan 3 dəfə az olan Yaponiyada adambaşına düşən milli gəlir 36 min dollara bərabərdir. Hər iki ölkədə əhalinin sayı təxminən eyni olsa da Yaponiyada yoxsulluq səviyyəsi sıfıra yaxındır, işsizlik səviyyəsi isə cəmi 6,5% həddindədir. Üstəlik Yaponiya neft üçün Nigeriya kimi ölkələrə milyardlarla vəsait ödəyir.

Qonşumız İran neft-qaz ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrindən biridir. İl ərzində 70-80 milyard dollar dəyərində xam neft ixrac edir. Ancaq işsizlik səviyyəsi İranda 12%-dən yüksəkdir. Əhalisinin sayı İranla təxminən eyni olan, ərazisi isə İranla müqayisədə dəfələrlə kiçik olan başqa bir neftsiz ölkədə - Almaniyada adambaşına düşən milli gəlir 44 min dollar olduğu halda, İranda cəmi 5 min dollara bərabərdir. Təkcə Nigeriya və İranda deyil digər neft ölkələrində də oxşar vəziyyət hökm sürür. Venesuela, Livan, Rusiya, Qazaxıstan, İraq, Anqola kimi ölkələrdə yoxsulluq və işsizlik əsas problem hesab olunur. Nefti çox olan ərəb ölkələrinin bəzilərində adambaşına düşən milli gəlir yüksək olsa da həmin ölkələrdə də işsizlik və yoxsulluq səviyyəsi kifayət qədər yüksəkdir. Səudiyyə Ərəbistanı təkcə xam neftin satışından ildə 160 milyard dollar pul qazanır. Ancaq əsas iqtisadi göstəricilərinə görə Avropanın neftsiz ölkələrdən çox geri qalır. Yaxın 40-50 ildə dünyada neft-qaz ehtiyatları tükənməyə başlayacaq. Bəs görəsən, milli iqtisadiyyatları neftdən asılı olan ölkələr neft olmadığı zaman nə ilə dolanacaqlar? Neftin bol vaxtında vətəndaşına gün ağlamayan dövlətlər, neftsiz günlərdə vətəndaşları üçün nə edə bilər? Belə görünür ki, bu ölkələrin gələcəyi sahib olduqları neft qədər qaranlıqdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top