ABİD ÖMƏROĞLU

Şirkətlər insanlar, insanlar da şirkətlər kimidir...

Şirkətlər insanlar, insanlar da şirkətlər kimidir...

ABİD ÖMƏROĞLU
İşlə əlaqədar hər aykı ziyarətlərdən birində yenə inşaat sahəsində idim. Dağın ən zirvə nöqtəsindən ta aşağılara, çay məcrasına qədər hər yanda, hər tərəfdə hansısa bir texnikanın işlədiyini görmək mümkün idi. İri tonnajlı yük maşınlarının, buldozerlərin, böyük çömçələri ilə tonlarla torpağı eyni vaxtda götürə bilən ekskavatorların, qreyderlərin hər biri sanki bir harmoniya ilə özünə xas səs-küy meydana gətirir və inşaat sahəsində işləyirdilər.
Sıraya düzülərək, ard-arda və asta-asta dağ aşağı yüklə enən iri tonnajlı yük maşınları uzaqdan baxanda yuvalarına yem daşıyan qarışqaları xatırladırdı. İşin sonunda, bəlkə də, onlarla kəndin suvarma sisteminə töhfələr verəcək böyük bir su anbarının ərsəyə gələcəyini düşünəndə bütün bu səs-küyün, iki dağ arasının torpaqla doldurularaq birləşdirilməsinin, bu gərgin əməyin bir məqsədə xidmət etdiyini anlayırsan.
Biri var hansısa bir işin bitmiş halını görəsən, biri də var böyük bir layihənin hər bir mərhələsini gün-gün, həftə-həftə işin içində olub müşahidə edəsən. Bu baxımdan bu və ya digər hadisə və məsələlərə həm də işin içindən baxmağa çalışmağın insana daha çox şey qatacağını düşünürəm.
O gün sanki bir anlıq ətrafdakı insanların səslərini deyil, yalnız texnikaların, onların tırtıllarından, motorlarından çıxan səsləri eşidər oldum. O anda bu səslər sanki mənə başqa bir məqamdan və o məqamdakı “səslərdən” xəbər verirdi...
Qarşımdan keçən, yanımda dayanan, ta uzaqda dağ başında torpağı qazan bu texnikaların səs-küyü o gün mənə sanki bir anlıq başqa bir məqamı xatırlatdı, ağlımda bəzi müqayisələr aparmağa imkan verdi. Bu səs-küyün, əslində, bizə nələri anlada biləcəyini düşündüm. İcazənizlə sizə həmin o məqamdan danışmaq istəyirəm.
Onlarla, yüzlərlə texnikanın bu səs-küyü mənə bir möminin Allahı zikr etməsini, onun gecə həyatını xatırlatdı. Buradakı “gecə həyatı”ndan qəsd olunan bir möminin gecə qalxaraq, 2, 4, 6 ya da 8 rəkat təhəccüd namazı qılması, hər kəsin yatmış olduğu halda Rəbbi (c.c.) ilə baş-başa qalaraq, Ona (c.c.) yalvarması, Ona (c.c.) pənah gətirməsi, Onu (c.c.) zikr etməsi, bütün dərd-sərini Ona (c.c.) ərz etməsi, Ona (c.c.) Onun (c.c.) gözəl adları (“Əsmaul-Hüsnə”) ilə səslənərək, Ondan (c.c.) mədəd və imdad diləməsidir. Buna dini terminologiyada bir möminin gecə həyatı deyilir.
Deyəcəksiniz ki, bəs bu “gecə həyatı” məsələsi ilə o dağlardakı texnikaların səs-küyü arasında nə kimi əlaqə var? Elə mən də bu sualın cavabına gəlmək istəyirəm...
Bilirsiniz, o səs-küylü inşaat sahələrinin, geniş tikinti meydançalarının adətən, bir o qədər səssiz, səs-küydən uzaq idarə mərkəzləri, ofisləri olur. Şəhərdə bəlkə də, hər gün yanından keçsən də, həmin idarə mərkəzindən, ofisdən həmin o səs-küyü eşitməzsən. Əslində, mənən o səs-küyün hamısı elə həmin ofisdə var. Duya bilənlər, eşidə bilənlər üçün o iki dağ arasındakı bütün texnikaların səs-küyü həmin ofisdə bütün bərraqlığı ilə mövcuddur. O səs-küylü böyük tikinti meydançaları bu səssiz otaqlardan idarə olunur. Gəl gör ki, o səs-küyü şəhərdə ofisin önündən keçənlər, ya da təsadüfən oraya gələnlər eşidə bilmirlər. Girişdə insanı səssizlik və sükunət qarşılayır. Ancaq dərinlərə endikcə, əməli həyata, iş sahələrinə getdikcə başqa aləmlərin varlığına şahid olursan.
Zənnimcə, bu vəziyyəti həm də bir möminin vəziyyətinə bənzədə bilərik. Ya da biz insanlar da, əslində, bu misala bənzəməliyik. Zahirən sakit, sadə və primitiv. Ancaq daxilən çox dərin, zəngin və geniş...
Yazı başlığında insanların şirkətlərə, şirkətlərin də insanlara bənzəyə biləcəyindən söz açdım. Şəhər mərkəzindəki səs-küydən uzaq, təmiz və səliqəli şirkət ofisi insanın sosial həyatını, insanlarla münasibətini təmsil edir. Yəni, bir insan da böyük bir şirkətin şəhərdəki balaca, sadə və səssiz ofisi kimi görünə bilər. Daha doğrusu, elə bu formada da görünməlidir. Həmin şirkətin o dağ başından çay yamacına qədər olan böyük inşaat meydançası, ümumi iş fəaliyyəti isə bir möminin daxili dünyasını, daxili zənginliyini, gecələr qalxaraq, Allahı (c.c.) zikr etməsini, onun gecə həyatını təmsil etməlidir.
İnsanlar var səssiz, sədasızdır. Sən onu dindirməsən, onu kəşf etməyə çalışmasan, ondakı dərinliyi, cövhəri həqiqi mənada anlaya bilməzsən. Ta ki, o qapıdan içəri girəcəyin ana qədər. İnsan da var ki, bir qapı kimi oradan içəri ancaq bir addım ata bilərsən. Vəssalam. İçəridə heç nə yoxdur. Sadəcə olaraq, ayaq üstə dura biləcəyin kiçik bir məkan, ya da kiçik bir stul var. Bəlkə də, heç o da yoxdur. İnsan da var ki, sən o qapıdan içəri girəndən sonra, onun pəncərəsindən bütün dünyanı, bəlkə də, bütün aləmi oxuya, seyr edə bilərsən. O qapıdan bütün insanlıq içəri girsə, hərə özünə oturmağa yer tapar. O qapıdan içəri girənlər, bəlkə də, bir ömür buradakı gözəlliyi, bağ-bağçanı gəzib qurtara bilməzlər...
O gün kənddən-kəsəkdən uzaq dağ başındakı ekskavator tırtıllarının, yük maşınlarının o səs harmoniyası mənə həm də bu məqamları xatırlatdı.
Hər şeyin öz dərinliyi, özünə xas zənginliyi və gözəlliyi var. İnsanın dərinliyi, insanın zənginliyi və gözəlliyi isə onun Allahla (c.c.) olan bağıdır. Gəlin, bu bağı bir ömür boyu uca dinimiz İslamın buyruqları əsasında qoruyaq, qorumağa çalışaq. Vəssalam...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top