ANAR QARAXANÇALLI

Virusun günahkarı da vətəndaş imiş...

Virusun günahkarı da vətəndaş imiş...

ANAR QARAXANÇALLI

Əcaib bir zamandayıq. Başbilən, işbilən deyə önə çıxanlar xalqı söyürlər. Mikrafonu qapan xalqı ittiham edir. Virusun çoxalmasının səbəbi millətdi deyirlər. Bu işdə də analoqumuz yoxdu. Analoqu olan ölkələrdə idarəçilər xalqdan üzr istəyir, istefa edir. Analoqsuz Azərbaycanda isə tərsinə olur. Soruşan yoxdu ki, millət kimdi, siz kimsiniz? Siz Marsdan gəlmisiniz? Yoxsa kresloya oturanda sizə çip taxıblar? Bunlara görə, millət qullardı, onlar ağalardı. Qulun nə həddinə ağaya hesab soruşsun.
Problemləri həll eləsinlər deyə gələnlər getmək istəmirlər, oturduqları kreslodan tərpənmirlər. Zamanla qurumlar mülkiyyətə çevrilir. Nəticədə, getməmək üçün hər varianta əl atırlar. 2 ay əvvəl “koronavirus Azərbaycan qarşısında aciz qalıb”, “dünya ölkələri Azərbaycanın virusla mübarizəsini öyrənirlər” deyənlər, indi vətəndaşı günahlandırırlar. Deyirlər, vətəndaş qaydalara əməl eləmir, virus məsələsinə ciddi yanaşmır və s.
Qaydalar hamı üçün eyni olmalıdır. Millətə ağıl verənlər əvvəla özləri qaydalara riayət etməlidirlər ki, vətəndaş da əməl etsin. Niyə millət icazəsi olmadığı halda rayonlara getməyə cəhd edirlər? Əgər bir çox paytaxt sakini sosial şəbəkələrdə müxtəlif rayonlardan piknik, gəzinti şəkli paylaşırsa hamının ağlına “qadağa olsa da demək ki, postu keçməyin bir yolu var” düşüncəsi gəlir. Rayona sərnişin daşıyan taksilər rahat sərnişin daşıma ilə məşğul ola bilirsə əlbəttə bu müxtəlif suallar, şübhələr doğurur.  
Niyə vətəndaş icazəsi olmadığı halda rayonlara getməyə çalışır? Çünki o vətəndaş görür ki, efirdə ona getmə deyən, Qusarda şəlalədən foto paylaşır. Vətəndaş niyə inansın ki beləsinə?! Vətəndaş 20 ildir Avropa dağılır deyən birini niyə ciddi qəbul eləsin?!
Qurumlar insanlarla ünsiyyəti də bacarmır və ya istəmir. “Qadağandır vəssalam”, deməklə iş bitmir. Baş epidemoloq çıxıb deyir insanlara rayona getməyə şərait yaradılmalıdır, TƏBİB-Qərargah isə deyir olmaz. Niyə olmaz, bunu bir izah edin, insanlara məlumat verin. Ümumiyyətlə virus nədir, necə yayılır, necə qoruna bilərik, yoluxduqda nə etməliyik, necə davranmalıyıq bu kimi suallara cavab verəcək məlumatlar, video-materiallar niyə televiziya efirlərində, metro və avtobuslarda quraşdırılan monitorlarda yayımlanmır? Niyə insanlar sadalanan suallara cavabı yalan-doğru məlumatlarla dolu “Youtube”da axtarmalıdır? Sonra deyirlər insanlar inanmır. İnandırmaq üçün nə etmisiniz?
Bir insanın dəyəri nə qədərdi? Vətəndaşı neçəyə alıb satmaq olar? İnsanın qiymətsiz olduğunu, alınıb satılan mal olmadığını qəbul etdiyimiz an çox problem avtomatik həll olacaq. Vətəndaşa dəyər verilsə, məsələlərə o perspektivdən baxılsa, yaşadığımız tragikomediya bitəcək. Bir problemi həll etmək üçün öncə onun varlığını qəbul etmək lazımdır.
Qadağa tətbiq edib sonra çıxıb “istədiyimiz nəticəni ala bilmədik” deyənlər bir məsuliyyət daşımırmı? Yeni Yasamalda yaşananlar məhz sizin bu yanlış qərarlarınızın nəticəsi deyilmi? Bildiyim bir şey var; bu idarəetmə anlayışı davam etməyəcək. Ya düzələcək, ya dağılacaq, amma davam etməyəcək. Bunu görməmək üçün xüsusi “istedad” olmalıdı.
Çıxış yolu nədir? Çıxış yolu çox sadədir; işi əhlinə vermək, hüququn üstünlüyünü qəbul və tətbiq etmək. Azərbaycanda 100 həkim varsa, səhiyyəni işində ən yaxşı olanlara əmanət etmək lazımdır. Kiminsə qohumuna, kiminsə adamına deyil.
Amma belə baxanda günah elə biz vətəndaşların özündədir. Niyə sənin qarşında izahat, hesabat verməyə belə ehtiyac duymayanları bir ağa kimi qəbul edib rəiyyət olursan ki, sonra da şikayətlənəsən?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top