Cəmil Həsənlinin qızı ətrafında təşkil olunan iyrənc oyunlar hamını düşündürməlidir. Gedişatımız hansı istiqamətədir? Əslində, bu barədə nəsə yazmaq içimdən gəlmirdi. Ancaq mediada çıxan bəzi yazıları, bəzi şərhləri görəndən sonra fikrimi dəyişdim. O yazılara qayıdacağıq. Əvvəla, məsələyə qayıdaq.
Təsəvvür edin bir nəfər adam bir xanmla tanış olmaq üçün aylarla çalışır, onu bahalı restoranlara dəvət edir, zamanını onunla keçirir. Nəticədə, bunlar tanış olurlar. Sonra adam daha da irəli gedir, evlənmək istədiyini, niyyətinin ciddi olduğunu bildirir, övladları ilə görüşür, bahalı üzük alır. Yəni, aylarla həm zaman, həm də maddi vəsait bu istiqamətdə sərf olunur. Nəticədə, o videolar çəkilir.
Bu iyrənc oyunun qurbanı olan Günel Həsənlini kim tanıyır? Düşünürəm ki, yaxın çevrəsi, ailəsindən başqa heç kim tanımaz. Yəni, bu xanımın həyatı ictimai maraq, önəm daşımır. Başqa sual, bir “kişi” həm vaxtını, həm pulunu sərf edib, sonra sevirəm dediyi xanımın görüntülərini niyə çəkib paylaşsın? Yəni, gün kimi aydındır ki, burada hədəf Cəmil Həsənlidir, qızı sadəcə qurban və vasitədir.
Konstitusiya bir ölkənin namusudur, şərəfidir. Hər bir vətəndaşın konstitusiyada təsbit edilmiş haqları, hüquqları var və birbaşa dövlətin təminatındadır. Konsitusiyanın 32-ci maddəsinin 3-cü bəndində deyilir ki, “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”. Yəni, burada vətəndaşın hüquqları dəhşətli dərəcədə pozulub, dövlətin namusu tapdalanıb. Bunu ortaya çıxarmaq, aydınlaşdırmaq birbaşa hakimiyyətin borcudur, vəzifəsidir.
Daha da dəhşətlisi odur ki, burada aylarla sürən bir “əməliyyat” aparılır, bir insanın həyatı məhv edilir. Bu həm maddi, həm də mənəvi terrordur. Güneli bir tərəfə, onun uşaqlarının həyatı necə olacaq? O uşaqlar sabah cəmiyyət içinə necə çıxacaqlar? Bunun məsuliyyəti kimin, hansı qurumun üzərindədi, cavabdeh kimdi?
Mediada çıxan bəzi yazılar isə daha dəhşətlidir. Biri deyir bunu beşinci kolon edib, islahatlara mane olur. Ay qardaş, ay bacım, bu beşinci kolon kimdi? Hökumət mediası, nümayəndələri deyirlər ki, beşinci kolonun rəhbəri Ramiz Mehdiyevdi. Ramiz Mehdiyev indi hardadı? Həbsdədi, xeyr, AMEA-nın başındadı. Yəni, ən önəmli bir qurumun rəhbəridi. Yəni, demək istəyirlər ki, Ramiz Mehdiyev Prezidentə mane olur. Hansı ki, Ramiz Mehdiyevi həmin posta Prezident təyin edib.
Bir başqası deyir ki, burada böyük əxlaqsızlıq var, pul ilə intim münasibətlər var. Tutaq ki, var. Bunun başqalarına nə dəxli var? Əgər Günel Həsənli ictimai maraq kəsb edən bir fiqur olsaydı, o zaman məsələ başqa olardı. Bu xanımın qurban seçilməsinin atasından başqa bir səbəbi yoxdur. Bu da yanlışdı, yolverilməzdi.
Biri də deyir ki, bu görüntülərlə müxalifət hökumətə tələ qurur. Gülək yoxsa ağlayaq?! Yəni, deyir, qadın öz görüntülərini islahatları baltalamaq üçün yayıb. Əxlaqsızlığın, alçaqlığın da bir limiti olmalıdır.
Dövlət hamımızındı, kimlərinsə şəxsi obyekti deyil. Hər bir vətəndaşın, hətta cinayətkarların da hüquqları var, bu hüquqları qorumaq da hökumətin, hakimiyyətin borcudur. Vətəndaşlar da kölə deyil, əksinə, vəzifədəkilər xalqın xidmətçisi olmalıdır. Vergilərimizi bunun üçün veririk. Bunu hər birimiz tələb etməliyik.
ANAR QARAXANÇALLI
Cəmil Həsənlinin qızının məsələsi...