ANAR QARAXANÇALLI

Putin Zelenski qarşıdurması - tək adamlığın sonu

Putin Zelenski qarşıdurması - tək adamlığın sonu

ANAR QARAXANÇALLI

Putin tarixin ən ağlasığmaz addımını atdı. Başqa bir ölkənin xarici siyasətlə əlaqəli verdiyi qərarı tanımayacağını, bu qərarı işğal səbəbi gördüyünü göstərdi. Qonşu, qardaş bir ölkəni istila etməyə başladı. Bu istilanın ən qeyri-adi tərəfi odur ki, dünya işğalı canlı yayımlarla izləyir. Mülki hədəflər vurulur, mülki şəxslərin üzərinə tanklar sürülür.

Putinin NATO-nun şərqə genişləməsinə qarşı söylədikləri, NATO-nun genişləməsini Rusiya üçün təhdid olaraq qəbul etməsi müəyyən mənada anlaşılandır. Amma bu yanaşma bir ölkənin başqa bir ölkəni işğalına əsas ola bilməz. Müasir beynəlxalq sistem bunu heç vaxt qəbul edə bilməz.

Putinin bütöv bir işğal hərəkəti çox gözlənilən addım deyildi. Bu dövrdə, xüsusilə, İngiltərə rəhbərliyi Putini çox təhrik elədilər. Eyni zamanda da, ingilislər Zelenskiyə ən çox yardım edən tərəf oldu. Putin qısa müddət ərzində Kiyevi tutub, hökuməti dəyişib, Qərbi fakt qarşısında qoymağı planlaşdırırdı. Amma Zelenskinin, Ukrayna xalqının cəsarətli müqaviməti onun bu hədəfinə mane oldu.

Putin kimi təcrübəli, bilikli, məlumatlı biri yaşanacaqları niyə görə bilmədi? Çünki tək adam rejimlərinin ən böyük problemi, düşünən, işini bilən kadrlar deyil, kölə psixologiyasında olan kadrlar tələb edir. Bu anlayışın müəyyən zaman içində iflasa məhkum olması labüddür.

Digər tərəfdən, Putin bu addımı ilə bir mənada beynəlxalq sistemi, beynəlxalq oyunçuları oyatdı. Xüsusilə, Qərb ölkələri təhlükənin fərqinə vardılar. Finlandiya, İsveç kimi tərəfsiz ölkələr belə, NATO ilə sıx münasibət quracaqlarını açıqladılar. Avropa Birliyi Ukraynaya silah tədarükü edəcəyini rəsmən bəyan etdi. Avropa Birliyinin lokomotivi olan Almaniya kansleri Şolz, Ukraynaya maksimum hərbi dəstək verəcəklərini bildirdi. Şolz, silahla dünyanı dəyişməyə çalışan Putinə qarşı silah istifadə edəcəyik, dedi.

Təbii ki, Putinin axmaqlığı qədər, Zelenski rəhbərliyində Ukrayna xalqının müqavimət gücü də Qərbin oyanmasında əsas faktor oldu. İlk gündən etibarən xalqın meydanlardan qaçmaması, cəsarətlə işğala qarşı çıxması Qərb ölkələrini utandırdı, onları sürətli şəkildə hərəkətləndirdi. Putinin bu addımı bəlkə də ilk dəfə dünya ölkələrini Rusiya əleyhdarlığında birləşdirdi. Hətta Çin də Putinin bu addımını dəstəkləmədi.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar uzun müddət rus xalqına da zərbə vuracaq. Hava məkanlarının uçuşa qapanması, liderlərin istənməyən adam elan olunması, Rusiya banklarının beynəlxalq sistemdən təcrid olunması və s. Rusiya iqtisadiyyatı çökəcək. Artıq sabah Putin hakimiyyətdən düşsə də, bu sanksiyalar qəbul olunduqları sürətlə ləğv olunmayacaqlar. Beynəlxalq sistem putingillər anlayışını tam çökdürmək üçün çalışacaq. Artıq iki gündür rusiyalı oliqarxlar Putinin əleyhinə səs çıxarmağa başlayıblar. Ölkədaxili müxalifət də getdikcə səslərini qaldıracaq.

Putin Ukrayna hərbçilərinə müraciət etmişdi ki, Zelenskini hakimiyyətdən endirin, mən sizinlə daha asan razılaşaram. Amma bu gedişlə Rusiya Ordusu Putinə qarşı hərəkətə keçə bilər.

Artıq Putinin məğlubiyyəti labüddür. Sadəcə zərərin həcmi qeyri-müəyyəndir. Putingillərin qazanmaq üçün atacağı addımların limiti var, amma məğlubiyyətlərini önləmək üçün hər ağlasızmaz addımı atarlar, gözlərini qırpmadan dünyanı məhvə sürükləyərlər.

Ümid edək ki, dünya Putini öz xalqına və dünyaya daha çox zərər vermədən nəzarətə götürə biləcək.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top