ABİD ÖMƏROĞLU

Köpək

Köpək

ABİD ÖMƏROĞLU
Qonşuluqda bir köpək var. Bu köpək balaca olanda çox şirin bir küçük idi, hürməsi də adama xoş gəlirdi. Amma indi sahibi onu gəzməyə çıxaranda qəfil zəncirdən çıxıb qaçsa, qabağında sağ-salamat bir dənə it, küçük buraxmaz. Yaxud sahibinin zorla tutub saxladığı bu itin qarşısına ac-yalavac gəzən küçə itləri çıxsa, onları tikə-tikə edər. Bu köpəyin növünü, açığı, bilmirəm. Ancaq sahibi bu itə elə baxıb, onu elə bəsləyib, elə böyüdüb ki, axırda belə çox çətin islah olunacaq hala gəlib.
İtlər insana, xüsusən sahiblərinə çox sadiq heyvanlardır. Buna görə də həm tarixən, həm də günümüzdə insan harada varsa, orada itlərə də rast gəlmək olar. Hətta Quranda Əshabı-Kəhf ətrafındakı köpəklər (kəlbuhum) ilə birgə zikr olunurlar.
Biz insanlar itləri əhliləşdirir, təlimlər vasitəsilə onların bir sıra bacarıqlarından istifadə edirik. Bir sənədli filmə baxmışdım. Deməli, sahibsiz küçə itlərini toplayıb onlara elə təlimlər keçirlər ki, ac-yalavac və sahibsiz gəzib insanlara zərər verən bu heyvanlar fəlakət anında, zəlzələ bölgələrində insanların dağıntılar altından tapılıb çıxarılmasında çox mühüm rollar oynayacaq hala gəlirlər. Deməli, təlim-tərbiyənin itlərə, köpəklərə də böyük təsiri var. Bir mənada təlim-tərbiyə vasitəsilə hətta heyvanları belə, potensiallarının ən zirvə nöqtəsinə daşımaq olar.
Əlbəttə, köpəklərin öz instinktləri var. Köpək tərbiyəçiləri onları nə qədər tərbiyə etsə də, onlar öz daxili instinktlərindən tamamilə əl çəkmirlər. Buna görə də itlər instinktləri, fitri vərdişləri nəzərə alınaraq tərbiyə edilir.
Köpək hürər, diş qıcayar, bəzən quyruq bulayar, bəzən bir tikə çörək üçün məsum-məsum sənə baxar. Bütün bunlarla yanaşı mənim diqqətimi daha çox çəkən sahibinə arxalanıb şıltaqlıq edən, başqalarına diş qıcayan, sahibinin qısqırtması ilə başqalarına hücum edən köpəklərdir. Çünki köpəklər bu yazının da əsas məğzi olan tərbiyəyə möhtac insan nəfsini simvolizə edən bir mənaya bürünürlər. Köpəklər bu mənada insan nəfsini simvolizə edirlər.
İnsan öz nəfsinin köləsi olanda, nəfsinin qeyri-məhdud bütün arzu və istəklərini ödəməyə çalışanda nəfs də artıq “külli-ixtiyar” sahibi kimi davranaraq, yuxarıda verdiyim misaldakı kimi, çox çətin islah olunan bir köpək halına gəlir. Bundan sonra nə həqiqi köpəkdə, nə də “nəfs köpəyində” problem axtarmalıyıq. Hər iki halda problem köpəklərin sahiblərindədir.
Bəli, həyətdə zəncirə bağlı köpəyin vəzifəsi elə köpək olmaqdır. Yaxşı bəsləməsən həyətdəki köpək həyət-bacanı, qoyun-quzunu yaxşı qoruya bilməz. Deməli, birinci misalda elə də problem yoxdur. Ancaq insan belə deyil axı. İnsan daha ülvi, daha uca məqsədlər üçün var edilib. Nəfsini qudurdub köpəkləşdirmək, sonra da nəfsinin arxasınca düşüb onun apardığı hər yerə getmək insanın yaradılış qayəsinə ziddir. Bu mənada nəfsi şıltaq bir ata da bənzədirlər. Tərbiyə olunmamış at bir gün sahibini yerə çırpa bilər.
Bu arada, kimsə deyə bilər ki, yuxarıdakı misallar bir az ağır olmadımı? Yəni, elə çıxır ki, biz içimizdə bir köpək gəzdiririk?
Bəli, çox təəssüf ki, bu belədir. Hətta sadəcə köpək də deyil. Bəzilərimiz bir ilan, əqrəb, ayı, çaqqal, qurd, böcək, yerdə gəzən, göydə uçan heyvanları mənən içimizdə daşıyırıq. Başqa bir ifadə ilə nəfsimizin bizə təlqin etdiyi bir sıra əməllər, vərdiş və sözlər var ki, bunların hamısı məna aləmində hansısa bir heyvanı təmsil edir.
Yaşıl rəngdə bir çəyirtkə növünün əks olunduğu kadrlara baxmışdım. Çəyirtkəni suya salıb ona gərgin və stresli anlar yaşadırlar. Bu anda o içində gəzdirdiyi parazit, uzun və qara ilbisi bədənindən çölə çıxarır. İnsan düşünür ki, bu çəyirtkə nə boydadır ki, özü boyda paraziti də içində gəzdirsin. Adam videoya baxanda deyir ki, çəyirtkə qurtuldu. Bəs bizim içimizə girən bir meşə dolusu heyvanlar aləmini necə təmizləməli, necə etməli ki, əsl insani ruha, əsl insani keyfiyyətlərə, tərbiyə edilmiş kamil bir nəfsə sahib olaq?
İslamda nəfslə mübarizə digər bütün mübarizələrdən daha öndə gəlir. Belə qəbul edilir ki, daxili dünyasında özünə qalib gələ bilməyənlər, zahiri dünyada nəyəsə nail ola bilməzlər.
Bir ara Qurandakı Bəqərə (inək) qissəsindən ilhamlanaraq “Ruhumuzdakı inəyi kəsmək” başlıqlı yazı qələmə almışdım. Türkiyəli bir müəllifin kitab başlığı da belə idi: “İçinizdəki öküzə “oha” deyin”. Bəli, içimizdə nə isə heyvani bir duyğu var. Ya da o elə bir şeydir ki, onun eynisi heyvanlarda da var. Biz onu tərbiyə etmədən, cilovlamadan, mütəmadi olaraq nəzarətdə saxlamadan olduğu kimi buraxsaq, günün birində bəlkə də bir ilan, çaqqal, it, köpək və başqa heyvanlar şəklində qarşımıza çıxacaq.
Bir sözlə, nəfs potensial olaraq köpəkləşməyə, yaxud insanın yaradılış məqsədini aşan başqa vadilərə gedib çıxmağa meyillidir.
Allahın (c.c) buyruğu olan Ramazan orucu tutmaq nəfs köpəyini ac buraxmaqla tərbiyə etməkdir. Gündəlik beş vaxt qılınan namazlar, gündəlik 24 saatını bu beş vaxt namaza görə tənzimləmək, gecələri təhəccüdləri qaçırmamaq üçün isti yataqdan qalxmaq, nəfs “köpəyi”nin tərbiyəsidir. Öz zamanını, öz canını, bütün güc və enerjini sərf edərək qazandığın malından zəkat vermək nəfs köpəyinin tərbiyəsi, həmçinin xəsislik və paxıllıq xəstəliyindən qurtulmaqdır.
Unutmayaq ki, kamilliyə gedən yolu nəzəri formada öyrənmək olar. Ancaq bu kamillik nəticə olaraq yalnız əməllə qazanılır. Bir növ kamillik mərtəbələrini və ya nəfsin tərbiyə mərtəbələrini nəzəri olaraq dərindən bilmək olar. Ancaq yenə də bu mərtəbələr əməllə çıxılır və əməllə qət edilir.
Kiməsə köpək demək, yolverilməzdir və bir təhqir ifadəsidir. Ancaq güzgünün qarşısına keçərək öz nəfsinə: “Sən bir köpəksən!” demək təhqir deyil. Hətta əsl dərdə dəva bir ifadədir. Hərçənd, bunu deyə bilmək də bir cəsarətdir. Başqa sözlə, başqalarını köpək bilib, özünü insan saymaq əvəzinə, özünü köpək sayıb başqalarını insan hesab etmək daha uyğundur.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top