ABİD ÖMƏROĞLU

Şəhid evinə sovqat təlaşı...

Şəhid evinə sovqat təlaşı...

ABİD ÖMƏROĞLU
Məsələyə zahirən baxanda insan deyə bilər ki, bu adi bir bazarlıqdan ibarətdir: Getdin, aldın, gəldin. Ancaq o gün dükanda əlimə aldığım hər şeyin yenicə şəhid nəşinin gəldiyi bir evə gedəcəyini düşünəndə görmədiyimiz, getmədiyimiz o evdəki acını sanki biz də burada, bəri tərəfdə hiss edib yaşayırdıq. Məgər o gənc əsgərin, şəhidimizin nəsibində uğruna canını fəda etdiyi üç rəngli bayrağa bürünüb ata ocağına tabutda gəlmək var imiş.
Günün ortasında elə bir vəziyyət yarandı ki, qəflətən işdən ayrılıb tamamilə kənar bir məsələnin dalınca gedəsi olduq. Özü də məsələni mümkün olan ən tez bir vaxtda həll etməli idik. Bu vaxt ərzində qəssab tapıb yas evi üçün bir heyvan kəsdirəcək, sonra da bir ailənin ehtiyaclarını qarşılayacaq qədər bir-iki qutu sovqat hazırlayacaqdıq.
Bütün bunlar 44 günlük II Qarabağ müharibəsində başı əzilib beli qırılsa da, hələ də öz əməllərindən geri durmayan mənfur düşmənin gülləsinə tuş gələn bir şəhidimizin cənazə evinə gedəcəkdi. Şəhidin nəşi ata ocağına gəlmişdimi? Yaxud hələ yolda idimi? Və ya yenicə dəfn olunmuşdumu? Bunu bilmirdik. O gün bir tərəfdən xeyirxah bir iş adamının xeyirxah əməlini yerinə yetirməyə çalışır, bir evə nələr lazım ola bilər düşüncəsi ilə nələr ala biləcəyimizi fikirləşir, digər tərəfdən də yanımdakı iş yoldaşımla dərin düşüncələrə qərq olmaqdan özümüzü saxlaya bilmirdik... İşi adi bir bazarlıqdan ayıran məqam da məhz bu idi...
Məsələyə bir az fərqli aspektdən baxanda da kaş, yas məclisinə, yas evinə baxış həmişə belə olaydı, deməyim gəlirdi. Bir tərəfdən də ölüm qapısının önündə dayanıb oradan keçənlərə mane olmaq, geri göndərmək mümkün olmadığına görə, kaş, heç olmasa, hüzn və kədər sahiblərinin (xüsusən də, şəhid cənazələrinin) yas məclislərini xalq və millət olaraq təşkil edə biləydik, deyə düşünürdüm... Məgər, Allah Rəsulunun (s.ə.s.) buyuruqları da elə bu yöndə deyilmi?! Yas evi təziyəyə gələnlərə yemək verməməli, əksinə, yas evinə gələnlər yemək, ərzaq aparmalıdır...
O gün bir az təlaş içində olsaq da, bəri tərəfdəki acını, kədəri və imtahanı hiss edib həyata o evin, o yuvanın pəncərəsindən baxanda ağıla istər-istəməz bəzi suallar da gəlirdi. O an cavabını almasam da, (həmçinin, vaxtımızın az olmasına baxmayaraq), bir anlıq ayaq saxlayıb yanımdakı iş yoldaşıma həmin o sualı verdim: “Şəhidin bir damla qanı neçə bu market dolusu ərzaq, sovqat və ya qurbanlıq qoç edər?”
Sualın cavabına gəldikdə isə cavabı nə mən verə bildim, nə də iş yoldaşım. Əslində, cavab sadə, açıq və dəqiq idi... “Bir insanın canı dünyada istehsal edilən bütün silah-sursatın ümumi məbləğ və dəyərindən daha üstündür. Şəhidin bir damla qanı dünyadakı bütün maddi nemətlərdən daha dəyərlidir. Elə buna görə də, şəhidin intiqamı bu ölçüdə alınmalı, qanı axan şəhidin hörmət və izzəti, geridə buraxdığı ailəsi, varsa, övladları buna görə həm millət, həm də dövlət olaraq qorunmalıdır.
Bu düşüncələrlə biz alış-veriş edib marketdən çıxdıq. Vaxt da qısalırdı. Hələ qəssabın yanına gedəcək və bir heyvan kəsdirəcəkdik. Mən bir tərəfdən işimi görür, bir tərəfdən də, istər istəməz bir atanın, bir ananın övladının şəhid xəbərini aldığı, bir müddət sonra da üç rəngli bayrağa sarılmış tabutunun çiyinlərdə həyətə daxil olduğu o acı günü ağlıma gətirir və içimdən belə deyirdim:
“Kaş, bu bazarlığı nəşi ata ocağına gələn o əsgərimiz öz evi üçün edəydi”. Ya da: “Kaş, o oğul qollarını açaraq bir gün “Ana, mən gəldim” deyəydi”. Ancaq xeyr, artıq bunlar olmayacaqdı. O gün fərqli idi. Biz də bu duyğularla bizə aid olan işi həll etməyə çalışırdıq. Bəzən qədərin payını, qədərin cilvəsini tam görüb anlaya bilmirik. İşin içində qədərin biçdiyi rol, qədərin biçdiyi möhlət olduğu üçün sorğu-sualları bundan o tərəfə daşıya bilmirsən.
Sözün bu yerində Məhəmməd İqbalın ta illər əvvəl Pakistanın Lahor şəhərində minlərlə insan qarşısında etdiyi çıxışdan bir hissəni vermək istəyirəm...
Pakistanın tanınmış ziyalısı Məhəmməd İqbal o gün kürsüyə gözləri yaşla dolu halda gəldi. O, bir neçə gün əvvəl gördüyü yuxunun hələ də təsiri altında idi. Yaralı bir aslan ədası ilə xalqa xitabən tarixə düşəcək o məşhur sözləri nəzmlə söylədi:
“Dedi Həzrət Muhamməd (s.ə.s.):
- Cahan bağçasından mənə bir qoxu kimi yaxınlaşdın.
Söylə, mənə necə bir hədiyyə gətirdin?
Dedim:
- Ya Muhamməd (s.ə.s.), dünyada yoxdur rahatlıq.
Bütün arzularımdan ümidimi kəsdim artıq.
Varlıq bağçasında minlərcə gül, lalə var.
Ancaq nə rəng, nə qoxu… Hamısı da vəfasızdır.
Yalnız bir şey gətirdim təkbirlərlə anılmış.
Bir şüşə qandır ki, bənzəri yoxdur, namusudur, vicdanıdır,
Buyurun, bu, Çanaqqala şəhidinin qanıdır”.
Bəli, şəhid qanı və şəhidlərin məqamı o qədər yüksək və dəyərlidir ki, İslam millətinin ən çətin dövründə Həzrət Muhammədə (s.ə.s.) təqdim edilən məhz şəhid qanı olmuşdur.
Məhəmməd İqbaldan gətirdiyimiz bu sitat kimi digər bir İslam mütəfəkkiri Mehmet Akifdən də bu misraları elə onun öz ləhcəsi ilə verərək, yazını bitirmək istəyirəm:
“Bastığın yerleri toprak diyerek geçme, tanı,
Düşün altındaki binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme, dünyaları alsan da, bu cennet vatanı”.
Allah bütün şəhidlərimizə rəhmət, bizləri də onların şəfaətinə nail eləsin! Amin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top