Azərbaycanın azadlığı və Qarabağın uğrunda vətən döyüşlərində Mingəçevir 328 şəhid verib. Onların içərisində Vaqif Yaqub oğlu Ağakişiyev Şəhidlər Xiyabanının ilk şəhididir. Yeniavaz.com xəbər verir ki, Vaqif 1992-ci ildə Xocalı faciəsinin acılarına dözməyərək vətən dardadır deyib döyüşə yollanıb. Bu günlərdə şəhidin bacısı Mətanət İsmayılova ilə elə Şəhidlər Xiyabanında Vaqifin məzarı üstündə həmsöhbət olduq. Bir bacı kimi M. İsmayılova hər gün nakam qardaşının qəbri üstə tər çiçəklər düzüb ruhuna dualar oxuyur. Mətanət bizə bildirdi ki, bu xiyabanın ilk şəhidi onun qardaşıdır: ”1992 ci ildə 24 yaşında nişanlı bir gənc idi. Xocalı faciəsi zamanı çox pis olmuşdu. Dedi ki, mən Mingəçevirin Könüllülərdən ibarət batalyonuna qoşulmuşam, biz gedirik erməni alçaqlarına qarşı döyüşməyə. Düzü, biz hamımız razılaşmadıq ki, bəs sən nişanlısan toyun olacaq. Dedi nişanlım məni gözləyər. Mən ona da söz vermişəm ki, ermənilərə həddini bildirməsəm geri dönən deyləm. 1992-ci ilin fevralın 26-dan sonra getdi".
M. İsmayılova qeyd edir ki, qardaşı və bir neçə dostu cəbhəyə gedəndə Mingəçevirdə hələ Şəhidlər Xiyabanı yox idi: "Burada ancaq "20 yanvar" şəhidlərinin abidə kompleksi qurulmuşdu. Qardaşım həmin kompleksin önünə gül dəstələri düzüb və "Burada Şəhidlər Xiyabanının həqiqi şəhidləri biz olacayıq. Vətən yolunda ölmək var, dönmək yoxdur" deyib. Sanki ürəyinə dammışdı. Kompleksin önündə and içib yola düşüblər. Gedəndən bir müddət Ağdamın müxtəlif bölgələrində döyüşüb. Daha sonra Bakının “Qurtuluş “ dəstəsi Goranboyun Marquşavan kəndində mühasirəyə düşür. Mingəçevirli əsgərlər qardaşım başda olmaqla həmin kəndin azad olunması üçün Marquşavana yollanırlar. Qızğın döyüşlər gedən zaman Vaqif başından yaralanır. Bu zaman yoldaşları onu döyüşdən çıxarmaq istəyiblər. Bu zaman bildirilib ki, üstümüzə düşmənin zirehli texnikası və çoxlu sayda canlı qüvvəsi gəlir. O anları bizə danışan komandir deyirdi ki, yaralı olmasına baxmayaraq Vaqif yoldaşları ilə geri gəlmirdi. Deyirdi ki, "mən cəbhəyə gələndə söz vermişəm ki, öldü var, döndü yoxdu". Zorla ayağa qalxaraq uşaqlara deyirdi ki, siz gedin mən sizi qoruyacağam. Əlinə qumbaranı alıb həm qarşıdan gələn zirehli tankı, xeyli erməni əsgərini və özünü partladır. Bu zaman 14 nəfər müsahirədə olan döyüşçü yoldaşları xilas olur. Bu gün də onun döyüşçü yoldaşları xatırlayırlar ki, Vaqifin bu qəhrəmanlığını biz unuda bilmirik, heyif ki, onun bu sücaəti lazımi şəkildə qiymətləndirilmədi. Bu həm bizə təsir edir, həm də onun döyüş yoldaşlarına. Atam elə bu nisgillə dünyadan köçdü. Atamın Vaqif şəhid olandan sonra beli büküldü. Evimiz Şəhidlər Xiyabanının qarşısında olduğundan atam hər an xiyabana baxaraq göz yaşları axıdırdı. Son nəfəsində də uzaqdan oğlunun məzarını ziyarət edib dünyadan əbədi köçdü. Beləliklə, Mingəçevir Şəhidlər Xiyabanının ilk şəhidləri Vaqif və dostu Tahir 1992-ci lin may ayının 11-də dəfn olunublar”.
Mətanət İsmayılova qardaşına Qarabağ müharibəsi zamanı göstərdiyi şücaətə görə "Milli qəhrəman" adının verilməsini istəyir: "Dövlətimizdən xahiş edərdim ki, qardaşım Vaqif Ağakişiyevə "Milli qəhrəman" adı verilsin. Vaqif haqqında dəfələrlə mətbuatda yazılar gedib. Bu barədə müraciətimiz də olub. Lakin bizim bu müraciətimiz cavabsız qalıb".
Esmira Hidayətova, Mingəçevir