"Yeni nəsil şəxsiyyət vəsiqəsi almışam, deyirlər bununla maşınını sığorta edə bilmirik"


Bir müddətdir Azərbaycanda üzərində vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilən "yeni nəsil" şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.

Yeni vəsiqənin üstünlükləri çox olsa da, problemlə üzləşən bəzi vətəndaşlar da var. Bir neçə gün öncə ekspert Osman Gündüz bildirmişdi ki, verilən vəsiqələrdə e-imza aktivləşdirilmir: "Ləngimədən əsas aidiyyəti qurumlar, İqtisadiyyat Nazirliyi, NRYTN, Ədliyyə Nazirliyi DİN və digər qurumların rəhbərləri bir araya gəlib bu məsələni həll etməlidirlər".
Bu gün isə yeni nəsil şəxsiyyət vəsiqəsi alan daha bir vətəndaş - Şaiq Əliyev problemlə üzləşib.
Ş. Əliyev Yeniavaz.com saytına açıqlamasında bildirib ki, şəxsiyyət vəsiqəsini yenicə dəyişdirib: "Avtomobilimin sığortasının vaxtı idi. Yeni nəsil vəsiqə alandan sonra hər il olduğu kimi, bu il də "Atəşgah" sığortaya müraciət etdim. Amma sığorta şirkəti avtomobilimi sığorta edə bilmədi. Bankın əməkdaşı bir neçə dəfə cəhd elədi, amma alınmadı. Baş ofislə əlaqə saxladı, onlar da kömək edə bilmədilər".
Məsələ ilə bağlı Yeniavaz.com saytı "Atəşgah sığorta" ilə əlaqə saxlayıb. Bankın əməkdaşı Leyla Gərəyzadə bildirib ki, həqiqətən belə problem var, ancaq bugünlərdə həll olunacaq: "Bizdə xüsusi bir sistem var, onunla hələki sığorta edə bilirik, ancaq onlaynda hər kəs üçün düzəlişini etməyiblər. Biometrik şəxsiyyət vəsiqələri çıxandan sonra bir ara problem yarandı, heç bir sığorta şirkəti sığorta yaza bilmirdi, amma indi problemi həll edirlər. Məsələ demək olar həll edilib. Lakin ola bilər ki, onlayn sığorta əldə etmədə problem yaransın. Biz buradan xüsusi proqramla sığortanızı yazıb, kodu sizə göndərə bilərik. Ödənişi də həmişəki kimi onlayn edə bilərsiniz".
"Məsələ ən qısa zamanda həll olunacaq, hazırda bu istiqamətdə iş aparılır",-deyə bank əməkdaşı bildirib.
Qeyd edək ki, Şaiq Əliyev avtomobilini artıq başqa bankda - "Paşa bank"da sığorta etdirə bilib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top