Xəstəxanada özünü yandıran Aprel qazisi imiş - TƏFƏRRÜAT


Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının qarşısında özünü yandıraraq ölən keçmiş hərbiçi, Lələtəpə döyüşlərinin iştirakçısı, idmançı, 29 yaşlı İmamverdi İsmayılovun bu gün 3 mərasimidir.
Atası başına gələnlərdən elə sarsılıb ki, sanki yaşananlar hələ ona çatmır, nə baş verdiyini hələ tam dərk eləyə bilmir. Bacılarınsa fəryadı yeri-göyü silkələyir. Çünki 3 bacının bir qardaşı, onların arxa-dayağı bu dünyadan köçmüşdü, həm də 4 yaşlı xəstə övladından nigaran köçmüşdü. Nəhayət mərhumun bacısı Lamiyə İsmayılova özünü ələ alıb baş verənlər haqqında qısa da olsa danışa bildi: “Qardaşım Aprel döyüşlərində 2016-cı ildə kəşfiyyatda manqa komandiri olub. Dinli-imanlı oğlan idi. Anam da onun o ağır döyüşlərdə iştirakı zamanı bilməyib həyatdan köçdü. Biz ümidimizi qardaşımıza bağlamışdıq. Qardaşımın 4 yaşlı balasının sudurğası var, bu hadisədən bir neçə gün öncə xəstəxanaya aparılmışdı. Yenə də uşağa lazımı diqqət göstərilməmişdi və biz onu evə gətirmişdik. Bir neçə gün öncə yenə uşağın qızdırması qalxdı və gecə saat 12 radələrində evə təcili yardım çağırdıq. Təcili yardım briqadası dedi ki, biz uşağı xəstəxanaya apara bilmərik, limitimiz dolub. Uşaq da qızdırmadan sudurğa keçirir. Uşağı dava-dalaş xəstəxananın acil şöbəsinə yerləşdirə bildik. Elə nə baş verdisə ondan sonra başladı. Qızdırma içərisində yanan uşağa yardım edən olmadı. Qardaşım Elxan adlı həkimlə dalaşdı. Həkim, tibb bacıları bizi ağır söyüşlərlə təhqir etdilər. Bu təhqiri qardaşım götürmədi. O, bunu özünə sığışdıra bilmədi. Atam da orda idi. Hamımız uşağın dərdinə yanırdıq. Uşaq əldən gedirdi. Qardaşım elə bildi ki,uşaq keçinib. Özünü atdı çölə, gedib bir butulka benzin alıb başından tökdü. Biz elə bildik ki,əlindəki içmək üçün sudur. Özünü yandırdı. Qışqırdıq ki, bizə adyal verin, heç kim yaxına gəlib qardaşımın alovunu söndürməyə kömək etmədi. Yaşlı atam özünü qardaşımın üstünə atdı. Atam da iki qolundan, üzündən yanıq xəsarətləri aldı. Qardaşımın bədəninin 70% yandı. Hadisəni görən xəstəxana işçiləri tez uşağa da, qardaşıma da yardım etdilər. Amma bir az əvvəl deyirdilər ki, limit qurtarıb. Bəs neçə oldu? Qardaşımız bir gün xəstəxanada qaldıqdan sonra elə ordaca vəfat etdi. O, özünü yandırıb getdi, bizi də yana-yana qoydu, balasından çox nigaran idi. Biz istəmirik ki, qardaşımızın qanı yerdə qalsın. İstəyirik ki, tədbir görülsün. Hal-hazırda qardaşımın uşağı xəstəxanadadır. Aidiyyatı qurumlar səsimizi eşitsinlər. Bu haqsızlığa, bu zülmə son qoyulsun. Canını vətəninə fəda etmiş bir qaziyə qarşı bu cür haqsızlıq baş verirsə, hansı vətənpərvərlikdən danışmaq olar?! Bizim dağımız yıxılıb, qardaşımızın aman-zaman oğlu 4 yaşında yetim qaldı. Çox xahiş edirik ki, bu məsələ obyektiv araşdırılsın və müqəssirlər layiq olduqları cəzanı alsınlar”.
Bacılar bu  işə ədalətlə baxılması üçün Azərbaycan Respublikasının Birinci Virse-Prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirlər.


Mingəçevir, Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top