
Xəbər verdiyimiz kimi, bugünlərdə xarici mətbuatda İspaniyanın İbiza şəhərində Azərbaycanlı turistə məxsus 2,2 milyon manat (1 milyon funt-sterlinq) dəyərində qol saatının oğurlandığı yazılıb.
Daha sonra sosial şəbəkələrdə və ölkə mətbuatında "Richard Mille 50-03 McLaren F1" markalı saatın Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədliyə məxsus olması ilə bağlı iddialar yayılıb.
Yeniavaz.com xəbər verir ki, Sübhan Məmmədlinin adı daha əvvəl İngiltərədə fəaliyyət göstərən "Splento Ltd" şirkətinin şəriklərindən biri kimi hallanıb. Bu barədə ölkə mətbuatında çoxsaylı yazılar yazılıb. Bu gün "BBC-Azərbaycan"da yer alan məlumatda qeyd olunur ki, "Splento Ltd" şirkətilə əlaqə saxlanılıb və şirkətdən bildiriblər ki, Sübhan Məmmədli oğurlana saat barəsində danışmaq istəmir.
"BBC-Azərbaycan"nın yazısında qeyd olunur ki, Sübhan Məmmədli ilə bağlı məlumatlar "Splento Ltd" şirkətinin rəsmi veb-saytına - "splento.com"da mövcuddur. Hətta Sübhan Məmmədli 1997-ci ildə anadan olduğu barədə məlumatı da "splento.com"dan öyrəndikləri yazılıb.
Maraqlı məqamlardan biri isə odur ki, hal-hazırda "Splento Ltd" şirkətinin rəsmi veb-saytında Sübhan Məmmədli ilə bağlı bütün məlumatlar silinib. Şirkətin rəsmi veb-saytında Sübhan Məmmədli ilə bağlı heç bir məlumat olmasa da, "Google" axtarış sistemində axtarış verildiyi zaman göstərilir ki, "splento.com" saytında Sübhan Məmmədli ilə bağlı məlumatlar olub.
"Google"nin üzə çıxartdığı məlumatlardan belə görünür ki, Sübhan Məmmədli "Splento Ltd" şirkətində "Biznesin inkişadı üzrə rəhbər" ("Head Of Business Development") olub.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mətbuata verdiyi açıqlamada oğurlandığı deyilən saatın Sübhan Məmmədliyə məxsus olmadığını və onun heç vaxt İbizada olmadığını deyib.
Saatın Sübhan Məmmədliyə məxsus olmadığı bildirilirsə, o zaman "splento.com" saytındakı məlumatların təcili şəkildə silinməsi hansı məqsədlə həyata keçirilib?



