Qazax sakini Musa Nəsibov "Vətən naminə" medalı ilə təltif olunub.
Bu barədə Yeniavaz.com-a Musa Nəsibovun özü məlumat verdi.
Uzun illərdir "İmpuls" apteki işlədən Qazax sakini bu medala şəhid ailələrinə göstərdiyi qayğıya görə layiq görülüb.
Belə ki, Musa Nəsibov şəhid ailələrindən dərmanlara görə pul almır. O, aptekinə belə bir elan da vurub: "Şəhid övladlarının müalicə pulu ataları tərəfindən ödənmişdir". Onun bu xeyirxah əməli rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən "Vətən naminə" medalı ilə təltif olunmasına münasibət bildirən Musa Nəsibov isə bunları dedi: "Bizim hər birimizin borcudur ki, imkanımız olduğu qədər şəhid ailələrinə dəstək olaq. Bu o demək deyil ki, biz onlara olan borcumuzu qaytarırıq, bu imkansızdır, sadəcə ruhumuzu dincəldirik. Biz, bu vətənə xidmət edən, bu xalqı yaşadan hər bir şəhidin övladına hər zaman borcluyuq".