"Kitabi Dədə Qorqud"un 3-cü nüsxəsi tapılıb - İtirilmiş 13-cü boy ortaya çıxıb - FOTO



"Kitabi Dədə Qorqud"un 3-cü nüsxəsi tapılıb. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, tapıntının müəllifi türkoloq, professor Metin Ekicidir. "Dədə Qorqud" dastanının itirilmiş sayılan 13-cü boyundan bəhs edən 61 səhifəlik əsərin Vatikan və Almaniyadakı digər nüsxələrdən daha qədimi olduğu ehtimal edilir.

Metin Ekici dastanın 3-cü nüsxəsini Türk tarixini araşdırmaq üçün getdiyi Qazaxıstanda əldə etdiyini açıqlayıb: "Orada tanış olduğumuz dostlarımız "Dədə Qorqud" nüsxələrinin əllərində olduğunu söylədilər. 61 səhifəlik kitabı bir qovluq şəklində mənə verdilər. Bu qovluğun içərisində "Kitabi Dədə Qorqud"un 13-cü boyu olan "Salur Qazanın yeddi başlı əjdarhanı öldürməsi" də var".

Professor mətnin 14-16-cı əsrlər arasında yazıya köçürüldüyünü düşünür: Drezden və Vatikandakı nüsxələrin 15-ci əsrdə yazıya köçürüldüyü bilinir. Bu yeni tapılan nüxsə 14-cü əsrə aid olduğu öz sübutunu taparsa ən qədim "Dədə Qorqud" kitabı olacaq.

"Türküstan nüsxəsi" adlandırılan kitab müasir türkcəyə çevriləcək və latın əlifbası ilə nəşr olunacaq.

Qeyd edək ki, bu tapıntıya qədər "Kitabi-Dədə Qorqud"un iki əlyazma nüsxəsi - Drezden və Vatikan nüsxələri məlum idi. Drezden nüsxəsi müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Ehtimal edilir ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülüb.

"Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir.

DİGƏR XƏBƏRLƏR

Top