Nyu Yorkda yaşayan Azərbaycan yəhudisinin Amerikaya köçmək istəyənlərə tövsiyəsi - FOTOLAR


Bir vaxtlar Azərbaycana pənah gətirən yəhudi xalqı bu diyarda gördükləri isti münasibəti, xoş rəftarı heç zaman unutmurlar. Harada yaşasalar da, Azərbaycanı təbliğ edir, soydaşlarımıza sevgi ilə yanaşırlar. Yakov Abramov da miliyyətcə yəhudidir, 24 ildir ki, Nyu Yorkda yaşayır. Amma Azərbaycanla nəfəs alır, necə deyərlər, bütün varlığı ilə bu məmləkətə bağlı insandır. O, 1955-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində dünyaya gəlsə də, 1973-cü ildə Bakıdakı 18 nömrəli orta məktəbi bitirib. 1973-1978-ci illərdə indiki Azərbaycan Texniki Universitetinin nəqliyyat fakültəsində ali təhsil alaraq mühəndis ixtisasına yiyələnib. Bir müddət o vaxtki Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin elmi-tədqiqat laboratoriyasında mühəndis, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. 1983-1986-cı illərdə Moskvada SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin elmi-tədqiqat institutunun aspiranturasında təhsil alıb. 1988-ci ildə geriyə dönərək, 1995-ci ilədək indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin avtomobil yolları kafedrasının laboratoriyasına rəhbərlik edib. 1995-ci ildən ABŞ-da yaşayır. İlk illər burada mühəndisliklə bağlı müxtəlif ixtisasartırma kurslarında oxuyub. 1998-ci ildən "Ammann & Whitney" şirkətinin tikinti üzrə layihələr və təftiş şöbəsində çalışır… …Ömür-gün yoldaşı Həvva xanım ixtisasca fizoterapevtdir. Böyük oğlu Orxanın 34 yaşı var, Amazon online satış şirkətində işləyir. Qızı Dinarə isə marketinq üzrə təhsil alıb və həmin sahədə çalışır... Yakov Abramov deyir ki, - "Biz ABŞ-a gələndə burada azərbaycanlılar çox az idi. Daim axtarırdım, günlərin birində əlimə "Azərbaycan" adlı bir jurnal keçdi. Arxasına baxıb orada qeyd olunan telefona zəng etdim. Bir sıra məlumatları alandan sonra, çox qısa bir zamanda, ötən əsrin 50-ci illərindən fəaliyyətdə olan "Amerika Azərbaycanlıları Asossasiyası"nın prezidenti Tomris Azəri ilə yaxından tanış oldum. Artıq 22 ildir ki, bu təşkilatla əməkdaşlıq edirik. Ümumiyyətlə, Tomris Azərinin Azərbaycanın Amerikada tanıdılmasında böyük xidmətləri var"… ...Yeri gəlmişkən, Amerikada olduğum bu nüçə ildə müşahidələrimin nəticəsini qeyd etməsəm insafsızlıq olar. ABŞ-da vətənimizlə bağlı onlarla təşkilat var. Tomris xanımın rəhbərlik etdiyi asossiasiya bu təşkilatların hamısından əvvəl yaranıb. İndiyədək çox işlər görüb, Azərbaycan naminə xeyli layihələrə imza atıb. Necə deyərlər, bu mükəmməl cəmiyyət soydaşlarımızın ABŞ-da yaratdığı bütün qurumların anasıdır və yerli hakimiyyətlə, etnik təşkilatlarla sıx əlaqəsi var... Yakov Abramov XXI-ci əsrin ilk illərində bir neçə soydaşı ilə birlikdə "Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi"ni yaradır. Və bu mərkəz icma tədbirləri ilə yanaşı, Azərbaycanla bağlı tədbirlər də keçirməyə başlayır. Bir müddət sonra tədbirlərin miqyasını böyüdərək konfranslar, filmlərin nümayişi, Azərbaycan rəssamlarının sərgiləri, bəstəkarlarımıza həsr olunan gecələr və s. mədəni-kütləvi tədbirlər həyata keçirir. Söylədiyinə görə, həmin tədbirlərə ölkəmizin BMT-dəki rəsmiləri həmişə dəstək olublar. 2003-cü ildən işıq üzü görən, Azərbaycan, rus, ingilis dillərində məqalələrlə vətənimizi tərənnüm edən "Yeni Üfüqlər" qəzeti bu gün də oxucuları tərəfindən sevilə-sevilə oxunur. Hər beş ildən bir Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayında iştirak edir... Hazırda Azərbaycan dilinin tədrisi layihəsi üzərində işləyir. İstəyir ki, ABŞ-da yeni gələn nəsillər ana dilimizi unutmasınlar, bu dildə sərbəst danışmağı bacarsınlar. Arzulayır ki, "Qarbağ şikəstəsi" tezliklə Şuşa qalasında səslənsin. Amerikaya köçmək istəyənlərə isə tövsiyəsi belə oldu: "Hər kəs öz seçimində azaddır. Gəlsinlər, amma milli kimliklərini, soyköklərini unutmasınlar"…

Elman Eldaroğlu, ABŞ, Miçiqan


© Yazı götürülərkən müəllifə istinad olunmalıdır

DİGƏR XƏBƏRLƏR

Top