Baş travmatoloq: "Uşaqların çoxu iməkləmədiyindən onurğa xəstəlikləri qaçılmaz olur”

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu Vaqif Verdiyevin müsahibəsi:

- Müasir dövrdə onurğa xəstəliklərinin cavanlaşmasının səbəbi nədir?

- Əhali arasında onurğa xəstəliklərinin cavanlaşması çox az insanda düzgün oturma bacarığının olması ilə bağlıdır. Bu səbəbdən də onların onurğa sütunu deformasiyalara məruz qalır. Əksər hallarda çiyinlərini sallayaraq, ayağını sağrısının altına qoyaraq, çanağın bir tərəfini qaldıraraq, bədənini yana çevirərək və s. düzgün sayılmayan vəziyyətlərdə otururlar. Bütün bunlar onurğa sütununun əyriliyinə gətirib çıxara bilər.

- Bu xəstəliklərin yaranmasında irsi faktor nə dərəcədə rol oynayır?

- Bu xəstəliklərin əksəriyyəti əsasən irsiyyətdən asılıdır. Belə uşaqların genetik kodlarında bu xəstəliyin başlanğıcı saxlanılır və yaş artdıqca özünü göstərir. Əgər irsi meyillilik varsa, daha çox 6-7 yaşlarındakı uşaqlarda xəstəlik müşahidə olunur. Ona görə də valideynlər bu hallarla rastlaşmamaq üçün ehtiyatlı olmalıdırlar. Əgər ailədə bu problem varsa, doğulan uşaqlar daim nəzarət altında olmalıdır.

- Bəs onurğa xəstəlikləri hansı yaş aralığında daha çox müşahidə olunur?

- Bu xəstəliklər əsasən 4-5 yaşından başlamaqla, insanın qocalıq dövründə də yarana bilər. Ancaq daha çox insan orqanizminin inkişaf dövrünün aktivləşdiyi yeniyetməlik dövründə müşahidə olunur.

- Digər xəstəliklər necə bu problemin yaranmasına səbəb ola bilərmi?

- Erkən yaşlarda keçirilmiş raxit xəstəliyi onurğa sütunu əyriliklərinin ən çox təsadüf edilən səbəblərindən biri sayılır. Raxit xəstəliyinin əsas əlamətləri tərləmə, uşaqda olan narahatlıq hissi və sairdir. Bu əlamətlər olduğu təqdirdə müayinə və müalicə təyin edilməsi məqsədilə mütləq həkim-ortopedə müraciət etmək lazımdır. Müayinə zamanı uşağın onurğa sütununda hər hansı bir pataloji əyrilik aşkar edilərsə, onu tezliklə müalicə etmək məsləhət görülür. Raxitin müalicəsi vaxtında başlanarsa, sümük və əzələlərdə struktur dəyişiklikləri baş verməyəcək. Vaxtından əvvəl doğulmuş, tez-tez uzunmüddətli xəstələnən, immuniteti zəif olan uşaqlarda onurğa sütunu asanlıqla əyilə bilər. Təəssüf ki, bu gün yeni doğulan uşaqların çoxu iməkləmir, birbaşa oturaq vəziyyətdən addımlamağa başlayırlar. Nəticədə onurğa xəstəlikləri qaçılmaz olur.

- Ümumiyyətlə, yeniyetmələr arasında ən çox təsadüf olunan skalioz xəstəliyinin müalicəsi hansı yaşlara qədər mümkündür?

- Skolioz ağrılarla çox da müşahidə edilən xəstəlik deyil, sadəcə əyrilikdir. Ancaq əyilmiş hissədə oynaqlara yük çox düşdükdə qığırdaqda, oynaqətrafı toxumalarda qıcıqlanma və iltihab yarandıqda ağrılar baş qaldırır. Məhz həmin yerləri masaj və xüsusi prosedurlardan keçirərək xəstəni müalicə etmək mümkündür. Təbii ki, pasiyent hələ boyatma yaşındadırsa, skoliozun müalicəsi daha asan olur. Ancaq xəstəliyin dərəcəsindən asılı olaraq bütün yaşlarda da müsbət nəticə əldə etmək mümkündür.

- Bəs skaliozdan əziyyət çəkən xəstələrə hansı hallarda əməliyyat tövsiyə olunur?

- Əgər xəstənin onurğa sütunundakı əyilmə çox güclü olarsa, tənəffüs funksiyası pozularsa, belə hallarda əməliyyat lazım olur və biz bunu pasiyentə bildiririk. Bütün digər hallarda isə skaliozu konservativ yolla müalicə etmək mümkündür. Burada konservativ müalicə dedikdə həm korset, həm də müalicəvi gimnastika ilə problemin aradan qaldırılması nəzərdə tutulur.

- Eyni zamanda lordoz və kifoz kimi onurğa əyrilikləri də var. Bu xəstəliklərlə bağlı nə deyə bilərsiniz?

- Lordoz və kifoz az rast gəlinən onurğa əyriliklərindəndir. Bu xəstəliklər əsasən uşaq anadan olandan sonra əmələ gəlir. Yəni irsi xarakter də daşıyır. Lakin bu da lordoz və kifozun yalnız irsi faktordan asılı olduğu demək deyil. Kifoz onurğanın döş nahiyəsinin önə əyilməsi nəticəsində əmələ gəlir. Kifoz əyriliyi qozbelliyə səbəb olur. Əksəriyyət hallarda məşq və düzgün duruşla düzələ bilər. Kifozlu xəstələrin kiçik bir faizində hərəkətsiz bir eybəcərlik var. Skelet inkişafını tamamlamamış pasiyentlərə korset müalicəsi təklif edilə bilər bilər. Lordoz isə anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyidir. Belə ki, bu əyrilik onurğa sütununun bel və oma istiqamətində önə əyilməsi nəticəsində yaranır. Əgər əyrilik çox inkişaf etməyibsə, korset və masajla müalicə olunur. Yüksək dozada inkişaf etdiyi təqdirdə isə əməliyyat təklif edilir.

- Onurğa əyriliyi diaqnozu qoyulan və ya əməliyyat olunan xəstələr yenidən bu problemlə qarşılaşa bilərlərmi?

- Ümumiyyətlə, heç bir şeyə yüz fazilik təminat verilə bilməz. Onurğa xəstəliklərindən əziyyət çəkən və yaxud əməliyyat olunan insanlar daim öz qayğılarına qalmalıdırlar. Yerişlərindən tutmuş, oturuş və duruşlarına qədər hər şeyə xüsusi diqqət etməlidirlər. Bu məsələdə səhlənkarlığa yol vermək olmaz. Hətta onların hər hansı bir ehtiyatsızlığı gələcəkdə valideyn olmalarına da təsir edə bilər.

- Valideynlər məktəb yaşlı uşaqlarını bu xəstəliklərdən qorumaq üçün nə etməlidirlər?

- Məktəb yaşlı uşaqlarda qeyri-düzgün oturma artıq vərdiş halına gəlib. Buna müxtəlif hallar səbəb ola bilər. Uşağın xeyli meyilli şəkildə sağa və yaxud sola qoyulmuş vəziyyətdə yazı yazması, dəftərin düzgün istiqamətdə qoyulmaması səbəblər arasındadır. Bəzən uşağın dərslərini edərkən düzgün oturmamasına səbəb stolun və stulun onun boyuna uyğun gəlməməsi də ola bilər. Əgər stol uşağa görə çox hündürdürsə, stulun üstünə orta sərtlikdə düz bir taxta, ayaqlarının altına isə onu qaldırması üçün taburet qoyulmalıdır. Hətta yazı yazarkən otağın normadan az işıqlanması nəticəsində də uşaq düzgün oturmaya bilər. Çünki uşaq yazını daha yaxşı görməsi üçün önə tərəf əyilməyə məcbur qalacaq. Bu isə onun həm onurğasına, həm də gözlərinə ziyan vura bilər. Ona görə də uşağın oturduğu mebelə və dərs oxuduğu otağın işıqlanmasına diqqət etmək lazımdır. Valideynlər uşaqları passiv hərəkətdən uzaq tutmalıdırlar. Onları təmiz havada gəzdirməlidirlər. Hər bir məktəb yaşlı uşaq səhər idmanını mütləq etməlidir. Bunun nəticəsində uşağın bədəninin müxtəlif istiqamətdə yerləşən əzələ qrupları inkişaf edərək qamətinin düz olmasına yardım göstərəcək.

- Sonda onurğa xəstəliklərinin profilaktikası, bu xəstəliklərdən əziyyət çəkməmək üçün məsləhətlərinizi eşitmək istərdik...

- İlk növbədə insanlara məsləhətim odur ki, öz çəkilərinə nəzarət etsinlər. Həddindən çox əzələ kütləsi sümüklərə ağırlıq edir və onları əyir. Ona görə də çox hərəkət etsinlər, hər hansı bir yerə daha çox piyada getsinlər, daim idmanla məşğul olsunlar. Yataqlar rahat olmalıdır. Bu zaman yatağı çox yumşaq olmamasına, bir qədər bərk olmasına diqqət etmək lazımdır. Hətta ortopedik döşəklərdən istifadə etmələri daha yaxşı olardı. Bu məsləhətlərə riayət etmək insanları onurğa problemlərindən qoruya və ya sığortalaya bilər. Ancaq bununla belə, onurğa xəstəliyindən əziyyət çəkən hər bir şəxs mütləq həkimə müraciət etməlidir. report

DİGƏR XƏBƏRLƏR

Top