Son zamanlar sosial şəbəkələrdə koronavirusla mübarizə aparan həkimlərdən bəziləri əlavə ödəmələrini ya almadıqlarını, ya da gecikmələrin olduğunu bildirirlər. Həmin həkimlərdən biri də Akif Cahangiroğludur. İddialara görə, şimal bölgəsinin həkimləri yanlız yanvar və fevral ayının əlavələrini alıblar. Digər aylar hələ də verilməyib.
Deyilən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini və COVID-19-la mübarizə aparan həkimlərin əlavə maaşlarının gecikmə səbəbini öyrənmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlıq. Sorğumuza cavab olaraq, qurumdan Yeniavaz.com-a bildirdilər ki, iyul, avqust və sentyabr aylarında yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar Nazirlər Kabineti tərəfindən 2020-ci il 18 avqust tarixində verilib:
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyənedilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən oktyabrın 1-dək olan müddət üçün ödənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 58.3 milyon manat məbləğində müddətli əlavə ödənilib. Belə ki, mart ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 24 388 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 13 245 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.1 milyon manat, may ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 11 638 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.3 milyon manat, iyun ayı üzrə isə 14 784 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18.2 milyon manat məbləğində müddətli əlavə ödənilib.
Nəzərinizə çatdıraq ki iyul, avqust və sentyabr aylarında da yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar Nazirlər Kabineti tərəfindən 2020-ci il 18 avqust tarixində verilib. Sözügedən qərara əsasənAgentlik tərəfindən iyul ayı üzrə 15200nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 19.1 milyon manat məbləğində müddətli əlavə ödənilib. Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir. İyul ayı üzrə ödənişlər başa çatdıqdan sonra isə dövlət tibb müəssisələri tərəfindən göndəriləcək siyahılara uyğun olaraq avqust ayı üzrə də ödənişlərə başlanılacaq”.
Qeyd edək ki, dövlət tibb müəssisələri Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə çalışan tibb işçilərinin siyahılarınıAgentliyə təqdim etdikdən sonra Agentlik 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir.
İlahə Hüseynova