"Bizim işğal olunmuş ərazimizdə yayılan 134 FM tezliyini Ramin Quluzadə imza atıb Ermənistan tərəfə verib".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Ümid Partiyasının rəhbəri və sabiq Millət vəkili İqbal Ağazadə “Reaksiya TV”nin qonağı olarkən deyib. O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 10 gün ərzində bu barədə heç bir açıqlama verməzsə, iddianı sübuta yetirən sənədləri yayacaq:
“Ramin Quluzadəyə bir daha müraciət edirəm, növbəti dəfə də sussa, 10 gün ərzində sussa, bütün sənədlərin hamısını ortaya qoyacağam - hanıs tezliklər verilib, necə verilib, niyə verilib? Bizim işğal olunmuş ərazimizdə yayılan 134 FM tezliyini Ramin Quluzadə imza atıb Ermənistan tərəfə verib. Əgər belə deyilsə, çıxsın təkzib etsin”.
Xatırladaq ki, bu il iyun ayının 11-də İ. Ağazadə “facebook” vasitəsilə də bu iddianı gündəmə gətirmiş və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin qarşısına suallar qoymuşdu:
“Ermənistanın Rabitə naziri Akop Arşakyan məlumat verib ki, radiotezliklərlə bağlı Azərbaycan tərəfi ilə uzun müddətdir heç bir razılığa gəlinə bilmirdi. Lakin son üç görüş səmərəli olub və sərhədyanı ərazidəki 134 tezlik artıq tam bizim istifadədədir. Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri cənab Ramin Quluzadəyə müraciət edirəm:
İşğal olunmuş Azərbaycan ərazilərindəki tezliklər kimin nəzarətindədir? Biz hansı tezliklərlə bağlı razılaşma əldə etmişik?”.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.