Məkkədə həyat Kəbə ilə başlayır


Məkkə şəhərinin əsas önəmi, Cənab Allaha (c.c) ibadət etmək məqsədilə tikilmiş ilk məbəd olan Kəbənin burada yerləşməsinə görədir (Ali-İmran, 3/96). Kəbənin burada yerləşməsi Məkkənin şəhər halına gəlməsində, burada şəhər həyatının başlamasında həlledici rolu var. Həzrət İbrahim (ə.s) və ailəsinin buraya gəlmələrindən əvvəlki Məkkə tarixi ilə bağlı ətraflı bilgi yoxdur. Quranda Həzrət İbrahim (ə.s) və oğlu İsmailin Kəbəni inşa edərkən birgə çalışdıqları xəbər verilir: “…İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər” (Bəqərə, 2/127). Kəbəni inşa etdikdən sonra Həzrət İbrahim (ə.s) həcc ibadəti üçün insanları buraya dəvət etmiş, sonra da oğlu İsmaili burada buraxaraq Fələstinə qayıtmışdır.
Yeniavaz.com xəbər verir ki, Məkkə şəhəri İslamdan əvvəl də coğrafi mövqeyinə, həmçinin dini və ticari mərkəz olmasına görə Roma, Bizans, İran və Həbəşistan hökmdarlarının diqqətini çəkirdi. Buna görə də şəhəri öz hakimiyyətləri altına almaq üçün müxtəlif dövrlərdə bu dövlətlər təşəbbüslər edirdilər. Çünki Ərəbistan yarımadasını həm siyasi, həm də iqtisadi cəhətdən idarə edə bilmənin əsas yolu Məkkə şəhərinə hakim olmaqdan keçirdi.
İlk dəfə Kəbənin yerinin müəyyən edilməsi
Ümumiyyətlə müqəddəs olduğu bildirilən yer və yönlər insanlar tərəfindən seçilmir, ilahi bir işarə ilə bildirilir. Necə ki, Kəbənin yeri Həzrət İbrahimə (ə.s) Allah (c.c) tərəfindən göstərilmişdir. Bu haqdakı ayə belədir: “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün təmizlə!” (Həcc, 22/26).
İslam inancına görə Cənab Allah (c.c) məkandan münəzzəhdir. Yəni Allah (c.c) bir maddə olmadığı kimi Onu (c.c) hər hansı bir məkana aid etmək də doğru deyil. İbadətlərin müəyyən bir yönə dönərək icra edilməsi həm ibadət içərisindəki nizam-intizam, həm də ibadət edənin mənəvi bir mərkəzlə bütünləşməsi baxımından lazım bilinmişdir. Bu vəziyyət insanın həm mənən Allaha (c.c) yönəlməsi üçün mühüm amil, həm də eyni mənəvi mərkəzə yönələn insanların ümmət şüurunu qüvvətləndirir.
Bir ayədə: “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) orada Allahın razı olduğu cəhət vardır” (Bəqərə, 2/115) buyurulmuşdur. Hər hansı bir yön öz-özlüyündə qiblə ola bilməz. Cənab Allah (c.c) bəndələri üçün bir yönü qiblə olaraq müəyyən etdiyi üçün o yön qiblə olur.
Kəbənin tarixi
Quran ayələrinə əsaslanaraq deyə bilərik ki, Kəbə binası Həzrət İbrahimdən  (ə.s) əvvəl də var olub. Ancaq uzun zaman ərzində yıxılmış və bilinməz hala gəlmişdir. Həzrət İbrahim (ə.s) Allah-Taalanın (c.c) bildirməsi ilə Kəbənin yerini taparaq binanı yenidən inşa etmişdir. Ancaq Həzrət İbrahimdən (ə.s) əvvəl buranı kimin inşa etdiyi ilə bağlı Quranda hər hansı məlumat verilmir. Bununla yanaşı bəzi mənbələrdə Kəbəni ilk inşa edənin Həzrət Adəm (ə.s), ya da oğlu Həzrət Şit (ə.s) olduğu deyilir.

Kəbənin ziyarət edilməsi Həzrət İbrahimin (ə.s) dövründən bütpərəstliyin yayılmasına qədər tövhid əsaslarına uyğun şəkildə davam etdirilmişdir. Məkkədə bütpərəstliyin başlaması ilə müşriklər Kəbə və ətrafında çox sayda büt qoyaraq buranı bütxana halına gətirmiş və tavafı çıplaq şəkildə icra etməyə başlamışdılar. Bununla yanaşı İslam gəlmədən əvvəl Məkkədə Həzrət İbrahimin (ə.s) dininə bağlı sayları çox az olan Həniflər də var idi. Bu şəxslər isə Kəbəni bütpərəstlərin adətlərindən uzaq bir şəkildə ziyarətə edirdilər. Məkkə müşrikləri Kəbəni və ətrafını bütlərlə doldurmalarına baxmayaraq, heç vaxt Kəbəni bütlərə nisbət etmir, buranı həmişə Beytullah (Allahın evi) olaraq görürdülər. Müşriklər bütlərin onları Allaha (c.c) yaxınlaşdırdığına inanır, bütlərə qurban kəsib dua edirdilər. Bununla yanaşı İslamdan əvvəl müşriklər Kəbəni təmir edir, həccə gələnlərə pulsuz su və yemək paylayırdılar.
Qureyş qəbiləsinin Kəbəni təmir etməsi
Qureyş qəbiləsi 605-ci ildə Kəbəni yenidən təmir və inşa edəndə Həzrət Peyğəmbərimiz (s.ə.s) 35 yaşında, yəni hələ peyğəmbərlikdən 5 il əvvəl əmisi Abbas ilə birlikdə burada daş daşımışdı. Qureyş qəbiləsi Həcərul-Əsvədi yerinə qoymaqla bağlı öz arasında razılığa gələ bilməmiş və aralarında ciddi münaqişələr başlamışdı. Hər qəbilə Həcərul-Əsvədi Kəbə divarındakı yerinə qoymağı özü üçün bir şərəf bilirdi. Həzrət Peyğəmbərimiz (s.ə.s) hələ peyğəmbərlik verilmədən əvvəl bu vəziyyətdən çıxış üçün həll yolu tapmış, möhtəməl bir savaşın və qan tökülməsinin qarşısını almışdı.
İslamdan əvvəl Kəbə ilə bağlı bütün vəzifə və səlahiyyətlər Qureyşin iki əsas qəbiləsinin (Bəni Umeyyə və Haşimi) əlində cəmlənmişdi. Qureyş qəbiləsi bununla da digər ərəb qəbilələri arasında həm etibar və nüfuz qazanır, həm də iqtisadi qazanc əldə edirdi.

Kəbə və fil hadisəsi
Dini mərkəz olan Kəbənin Qureyş qəbiləsinin əlində olması qısqanclıq və düşmənliklərə də səbəb olurdu. Məhz bu səbəbə görə Həbəşistana bağlı olan Yəmən valisi Əbrəhə fil ordusu ilə gələrək Kəbəni yıxmaq, insanların Məkkəyə gəlməsinə əngəl olmaq istəmişdi.
Əbrəhə ərəblərin Kəbəni ziyarət etmələrinin qarşısı almaq üçün Səna şəhərində bir kilsə inşa etmiş, ancaq Kəbəyə olan insan selini Səna şəhərinə yönləndirə bilməmişdi. Bununla yanaşı Əbrəhənin inşa etdirdiyi bu məbədə ərəb qəbilələrindən bir şəxsin gələrək hörmətsizlik etməsi bardağı daşıran son damla olmuşdu. Bundan sonra Əbrəhə Kəbəni yıxmağa qərar vermiş, Məkkə şəhərini ələ keçirərək buranın dini mərkəz olma xüsusiyyətinə son vermək istəmişdi. Əbrəhə beləcə də Səna şəhərini Ərəbistanın mərkəzi halına gətirəcəkdi. Ordusu ilə Məkkə yaxınlığına qədər gələn Əbrəhə bütün cəhdlərinə baxmayaraq şəhərə girə bilməmişdi. Bu hadisə Quranda Fil surəsində xəbər verilmişdir.
Ordusu ilə Məkkə yaxınlığına qədər gələn Əbrəhə əsgərlərini göndərərək ətrafda otlayan bütün dəvələri öz düşərgəsinə gətirtmişdi. Bunlar arasında Həzrət Peyğəmbərimizin babası Abdulmüttəlibin də 200 dəvəsi var idi. Əbrəhə bir elçi ilə Qureyş qəbiləsinin rəisi Abdulmüttəlibə xəbər göndərərək savaşmağa gəlmədiyini, sadəcə Kəbəni yıxmaq istədiyini, əngəl olmazlarsa, onlara toxunmayacağını bildirdi. Abdulmüttəlib isə Əbrəhənin düşərgəsinə gələrək sadəcə dəvələrinin geri qaytarılmasını tələb elədi. Əbrəhə bu istəyə təəccüblənmiş, Abdulmüttəlib kimi xalqın lideri olan bir şəxsin Kəbəni yıxmamaqla bağlı ondan xahiş edəcəyini düşünmüşdü. Ancaq Abdulmüttəlib dəvələrin sahibi olduğunu və Kəbəni fikirləşmədiyini söylədi. Çünki Kəbənin sahibi Uca Allah (c.c) idi və O (c.c) Kəbəni qoruyacaqdı. Daha sonra da dəvələrini alaraq Məkkəyə qayıtdı.
Abdulmüttəlib Kəbəyə gələrək buranın qorunması üçün Cənab Allaha (c.c) dua eləmiş, sonra xalqa səslənərək şəhərin kənarına çıxmalarını, dağlara, vadilərə çəkilmələrini əmr etmişdir. Əbrəhə sonrakı gün orduya hücum əmri verdi. Ancaq qaynaqlara görə ordunun önündəki fil yerindən tərpənməmiş, Məkkə istiqamətinə getməmişdir. Əbrəhə və fil ordusunun başına gələnlər Fil surəsində belə anladılır: “(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?! Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!” (Fil, 105/1-5).

Beləcə planları boşa çıxan və ordusu yerləyeksan olan Əbrəhə, canını zor bəla ilə qurtara bilmiş, sağ qala bilən əsgərləri ilə Yəmənə qayıtmış və qısa müddət sonra da ölmüşdü. Həzrət Peyğəmbərimizin (s.ə.s) həyat yoldaşı və möminlərin anası Həzrət Aişə (r.anha) Əbrəhənin ordusunda ən öndəki böyük filin iki baxıcısının kor və şikəst bir halda dilənərkən Məkkə küçələrində rast gəldiyini rəvayət etmişdir.
Əbrəhənin bu uğursuz cəhdindən sonra Məkkə şəhəri və Kəbənin Ərəbistan yarımadasındakı dəyər və qiyməti daha da artdı. Qureyş qəbiləsi Məkkə və Kəbə üçün əhəmiyyət daşıyan Fil hadisəsini tarixin başlanğıcı qəbul eləmiş və bu il “amul-fil” (fil ili) adı ilə məşhur olmuşdur.
Kəbə ilə bağlı ibadətlər
Kəbə dünyada ilk ibadət yeri olmaqla yanaşı xüsusilə namaz və həcc ibadəti ilə bağlı müəyyən şərtlərin yerinə yetirilməsi baxımından əhəmiyyət daşıyır. Kəbənin olduğu yönə, yəni qibləyə yönəlmək namazın şərtlərindən biridir. Bəzi zəruri hallar istisna olmaqla qibləyə yönəlmədən qılınan namaz səhih olmaz. Başqa ölkələrdə, ümumiyyətlə uzaqda olan şəxslər isə birbaşa Kəbəyə deyil, sadəcə o yönə yönəlməsi yetərlidir. Fəqihlər bu yönəlmədə Kəbənin olduğu nöqtədən 45 dərəcəyə qədər kənara yönəlmənin namazı pozmayacağını demişlər. Dünyadakı bütün məscidlər Kəbə yönündə inşa edilmişdir.
Zahirən üzümüzü Allahın (c.c) evi olan Kəbəyə çevirdiyimiz kimi, mənən də qəlbimizi başqa şeylərdən təmizləyərək yalnız Allaha (c.c) yönəlməli, Allahdan (c.c) başqa hər şeyi qəlbdən çıxarmalıyıq.

Həzrət Peyğəmbərimiz (s.ə.s) həm Məkkə dövründə, həm də Mədinəyə hicrətdən sonra on altı və ya on yeddi ay namazlarını Qüdsə tərəf qılmışdır. “(Ya Rəsulum!) …Üzünü Məscidi-harama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!” (Bəqərə, 2/144) ayəsi nazil olandan sonra Kəbə müsəlmanların qibləsi olmuşdur. Həcc və ümrə ibadətlərinin əsas şərtlərindən biri də tavafdır. Tavaf, Kəbənin ətrafında və saat əqrəbi istiqamətində 7 dəfə dönməyə deyilir. Əzan və ya qamət oxuyarkən müəzzinin Kəbəyə tərəf dönməsi müstəhəb, yəni gözəl əməl sayılır. İslam fiqhində dəstəmaz və təyəmmüm alarkən, Quran oxuyarkən, zəmzəm suyu içərkən, yatarkən, heyvan kəsərkən, dua edərkən qiblə tərəfə dönülür. Həmçinin ölmək üzrə olan şəxsi qibləyə tərəf çevirmək, cənazənin üzü Kəbə yönünə və sağ çiyin üzərində dəfn edilməsi və digər hallarda Kəbəyə tərəf dönmək İslama görə gözəl və edilməsi gərəkən əməllərdir.
Kəbənin ətrafındakı məscid: Məscidi-Haram
Kəbənin də içərisində yerləşdiyi Məscidi-Haram dünyada bilinən ən qədim məsciddir. Ayədə belə deyilir: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali-İmran, 3/96). Həzrət Peyğəmbərimiz (s.ə.s) Məkkə dövründə bəzən Məscidi-Haramda İslamı təbliğ etmişdir. Təzyiqlərə baxmayaraq burada namaz qılmışdır. Həzrət Ömər (r.a) İslamı qəbul etdikdən sonra müsəlmanlar Məscidi-Haramda açıq şəkildə namaz qılmağa başlayıblar. Quranda Məscidi-Harama girməyə mane olmağın və oradakıları kənara çıxarmağın Allah yanında böyük günah olduğu bildirilmişdir (Bəqərə, 2/217). Həzrət Peyğəmbərimiz (s.ə.s) Məkkənin fəthi günü Məscidi-Harama sığınanların əminlikdə olacağını bildirmişdir.
Hazırda bir ildə Məscidi-Haramı təxminən 20 milyon zəvvar ziyarət edir. Buraya gələn müsəlmanların sayının hər il artmasına görə Məscidi-Haramda aparılan yenidənqurma işləri demək olar ki, heç dayanmır. Hal-hazırda Məscidi-Haramda 2 milyon müsəlman eyni anda ibadət edə bilir. Məscidi-Haram heç vaxt bağlanmır və ilin 365 günü, 24 saat açıq qalır. Ümumiyyətlə təmizlik İslamda həyatın hər sahəsində dinin bir şərti olmaqla yanaşı, Məscidi-Haramın təmiz saxlanması ilə bağlı xüsusi ayə var. Ayədə belə buyurulur: “Evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün təmizlə!” (Həcc, 22/26). Məscidi Haramda bir yanda minlərcə insan Kəbəni tavaf edərkən, digər yanda isə gözəl qoxular və gül suyu qatılmış maye ilə gündə 4 dəfə təmizlik işi aparılır. Məscidi-Haramda 1800 təmizlik işçisi işləyir. Məscidi-Haramda 40 ədəd böyük, 60 ədəd də nisbətən kiçik elektrikli təmizləmə maşını işləyir. Məscidin daxilində və xaricində 2000 ədəd böyük zibil qutusu var. Məscidi haramda demək olar ki, təmizlənməyən yer yoxdur.
Məscidi-Haramın qapalı yerlərində müsəlmanların rahat şəkildə ibadət edə bilmələri üçün 40000 (qırx min) xalçadan istifadə edilmişdir. Bu xalçalar bir sıra halında yerə düzülsə, 79 km uzunluğa bərabərdir. Bu qədər xalçanın təmizlik və baxımı, yuyulması, qurulanması, depolanması, ehtiyac halında təkrar məscidə gətirilməsi ilə məşğul olan xüsusi müəssisə var. Gözəl qoxu ilə mənəvi duyğu və hisslər yaşanması arasında sıx əlaqə olduğu üçün Məscidi-Haramda yerlərin, xalçaların təmizliyi və gözəl qoxu ilə qoxulanmasına xüsusi önəm verilir. Əks halda pis qoxulu və kirli bir məkanda səcdə edib namaz qılan insanın mənəvi duyğular yaşaması çətinləşər. Bütün bu məqamlara Quran ayəsində keçən: “Evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün təmizlə!” (Həcc, 22/26) əmrinin icrası olaraq əməl edilir.
Məscidi-Haramda təmizliklə yanaşı hər yer ətirlənir, ətrafdan gözəl qoxuların gəlməsi təmin edilir. Məscidi-Haramda 1300 ayaqyolu var. Əksəriyyəti yer altında olan bu ayaqyolları gündə 4 dəfə təmizlənir. Məscidi-Haramın müxtəlif yerlərində zəvvarların içməsi üçün 25000 ədəd içərisində zəmzəm suyu olan böyük su qabları qoyulub. Bu qablar hər gün təmizlənir və hər gün bu və ya digər 100 qabdan su nümunəsi alınaraq qabların təmizliyi laboratoriya şəraitində yoxlanılır. Məscidi-Haramda Kəbəni tavaf edənlərin içməsi üçün zəmzəm su paylayan könüllülər dəstəsi xidmət göstərir. Bunların vəzifəsi zəvvarlara su təklif etməkdən ibarətdir.

Kəbənin ölçüləri
Kəbə təxminən kub formasında və böyük daşlardan inşa edilmişdir. Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı 11,22 m və hündürlüyü 13,10 m-dir. Kəbənin divarlarında istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə divarlarının xarici səthlərində müxtəlif ölçülü 1614 daşdan istifadə edilmişdir. Bütün bunlarla yanaşı Kəbə müsəlmanlar üçün sadəcə daşlardan ibarət bir bina deyildir.

Kəbənin içərisi dördkünclü bir otaq şəklindədir. Daxili hissəsindəki “rüknüliraqi” adı verilən küncündən dama çıxmaq üçün pilləkən və önündə də “tövbə qapısı” deyilən bir qapı var. Kəbənin içərisində yer səthinə mərmər döşənmiş, divarlar 2 m yüksəkliyə qədər mərmərlə örtülmüşdür.

Kəbə və həcc ibadəti
Müqəddəs zaman və məkan anlayışı hardasa bütün dinlərdə mövcuddur. İslam dinində də müqəddəs məkan və zaman anlayışı, namazda qibləyə yönəlmək və digər əməllərlə yanaşı əsasən həcc ibadətinin içərisində yerləşdirilmişdir.
Həcc kəliməsi “yönəlmək”, “yürüyüş” kimi mənalara gəlir. Həcc ibadətində müqəddəs məkanlara feilən getmək, həmçinin oralarda müəyyən ibadətlər (tavaf, səy, vəqfə) etməklə Allaha (c.c) yönəlmək arasında simvolik bir bağ və əlaqə qurulur.
Həccin keçmiş günləri, inanan bir şəxsin inanc kökləri ilə əlaqəsini təzələməsi baxımından böyük əhəmiyyəti var. Həccə gəlmiş bir müsəlmanın, İslam peyğəmbəri və səhabələrin İslamın yayıldığı ilk illərdə yaşadıqları acı və şirin xatirələr, sanki bir film fraqmenti kimi bu müqəddəs məkanları ziyarət edərkən gözünün önündən keçir. Bu keçmiş günlər və xoş anlar müsəlmana güclü bir dinamizm, daha üst səviyyədə sahiblənmə şüuru verir.
Müxtəlif dil, xalq, irq, bölgə və mədəniyyətlərə, o cümlədən fərqli sosial mövqe və nüfuza, iqtisadi gücə sahib insanların eyni rəng və eyni növ paltarlar içərisində, axın-axın hərəkət etməsi, toplu halda ibadət etməsi, bir növ axirətdə Cənab Allahın (c.c) hüzurunda dirilişi və məhşər meydanında toplanmağı xatırladır. Həcc ibadəti mömini axərətdəki bu diriliş və məhşərdə toplanmağa hazırlayır, bu şüuru qazanmasında ona yardımcı olur.

Həccə gedən mömin, həmişə namaz qılarkən yönəldiyi Allahın (c.c) evinə (Kəbəyə) feilən gələrək, namazda yaşadığı Allahla (c.c) görüşmə şüurunu daha yaxından hiss etməyə başlamış olur.
Həcc vaxtında müsəlmanlar ağappaq və ləkəsiz ehram örtülərinə bürünür, beləcə də hər cür göstərişdən uzaq bir şəkildə, zinət və sərvətlə öyünməməyi, insanlar arasındakı bərabərliyi, ölümü və ölümdən sonrakı həyatı feilən yaşayaraq öyrənirlər. Bununla da pis arzu və vərdişlərdən uzaqlaşaraq tərtəmiz və yeni bir həyata başlamağa söz verirlər. Ehram örtüsü içərisində olan şəxsə heç kimə, hətta həşəratlara belə zərər verməmə kimi qoyulan qadağalar, həmçinin bütün məxluqata şəfqət və mərhəmət göstərmək, çətinliklərə qarşı səbirli olmaq, qısaca insana nizamlı və intizamlı bir həyat yaşama kimi şüur və vərdiş qazandırır. Beləcə həcc ibadətini yerinə yetirən müsəlmanlar Allahın (c.c) razılığını qazandıqları kimi, nəinki ətrafındakı insanlara, hətta bütün canlılara qarşı faydalı olma, heç olmasa zərər verməmə vərdişi qazanırlar. Həzrət Peyğəmbərimiz bu anlayışla həcc edənlər üçün: “Kim Allah (c.c) üçün həcc edər, pis söz və hərəkətlərdən və Allahın (c.c) əmrlərinə qarşı çıxmaqdan uzaq durarsa, (qul haqqı istisna olmaqla) dünyaya gəldiyi gün kimi (günahlarından təmizlənmiş olaraq həccdən) dönər” (Buxari, Həcc, 4) buyurmuşdur.
Kəbə yönünün (qiblənin) müəyyən edilməsi
Namaz qılarkən Kəbəyə yönəlmək fərz olduğu üçün qiblə yönünün müəyyən edilməsi əhəmiyyət daşıyır. Müsəlman astronomlarının əksəriyyəti qiblə yönünün təyin edilməsi ilə bağlı çalışmış, hazırladıqları zic (astronomik cədvəl), usturlab (ulduzların yerini müəyyənləşdirmək üçün istifadə edilən çox məqsədli astronomiya aləti) və rubu taxtalarına (astronomiyada istifadə edilən müşahidə, ölçü və hesab aləti) qiblə cədvəlləri əlavə etmişlər. Qiblənin müəyyən edilməsində həm elmi, həm də praktiki metodlardan istifadə edilir.
Kəbə müsəlmanların qibləsi olduğuna görə müsəlman coğrafiyaçıları IX əsrdən (hicri III əsr) etibarən dünyanı Məkkə şəhərinin mərkəzində yerləşən Kəbəyə görə bölümlərə ayıran xəritələr hazırlamışlar. Bu xəritələrə görə dünya, mərkəzində Kəbənin olduğu bir dairə şəklindədir. Dünyadakı ölkələrin hər biri kub şəklində olan Kəbənin bir yönünə baxır. Buna görə də Kəbənin ətrafında edilən tavaf simvolik olaraq dünyanın öz oxu ətrafında dönməsini ifadə edir. İstahri, İbn Havkal və Əbu Ubeyd əl-Bəkri kimi müsəlman coğrafiya alimləri əsərlərində dünya ölkələrindən bəhs edərkən Quranda “umul-kura” (şəhərlərin anası) olaraq bəhs edilən (Ənam, 6/92; Şura, 42/7) Məkkə şəhərindən başlamışlar.
Kəbənin tavaf edilməsi

Tavaf kəliməsi bir şeyin ətrafında dönmək, dolaşmaq mənasına gəlir. Bu kəlmə fiqh terminologiyasında qaydalarına uyğun olaraq Kəbənin ətrafında dönməkdir. Kəbəni tavaf edən şəxs, hər şeyin başqa bir şeyin ətrafında müəyyən bir qaydada döndüyü kosmik sistemin bir parçası olmasını öz iradəsi ilə qəbul edərək bu feili icra edir.
Zəmzəm quyusu

Zəmzəm quyusu Həcərul-Əsvədin qarşısında və Kəbədən 19 metr aralıda yerləşir. Bol və axıcı olmasına, ya da axarkən çıxardığı səsə görə bu su quyusuna Zəmzəm adının veriliyi söylənir. Digər rəvayətdə isə Həzrət İsmailin (ə.s) anası Həcər, uzun axtarışlardan sonra İsmaili buraxdığı yerdən suyun qaynağından fışqıraraq axdığını görür. Həcər anamız quraq bir ərazidə çox dəyərli olan bu suyun ətrafa yayılmaması üçün ətrafını qumla əhatə edərək “Yavaş-yavaş ax, dayan!” (zəmzəm) deməsinə görə su quyusuna bu ad verilmişdir.
Rəvayətə görə, Həzrət İbrahimin (ə.s) buraxdığı az miqdardakı su və ərzaq artıq bitmişdi. Kimsəsiz Məkkə vadisində oğlu İsmail ilə qalan Həcər, övladının susuzluqdan öləcəyindən bərk qorxmuşdu. Həcər bu zaman Səfa və Mərvə təpələri arasında su axtarmağa başlamış, gediş və gəlişlərinin sayı yeddiyə çatanda Mərvə təpəsində ikən oğlunu buraxdığı yerdə torpaqdan su qaynadığını, İsmailin də su ilə oynadığını görmüşdü. Həcər, Quranın ifadəsi ilə “əkin bitməz bir vadi” (İbrahim, 14/37) olan quraq Məkkə torpaqlarında onlara su yetirdiyi üçün Allaha şükr etmiş, suyu ovucu ilə su qabına doldurmuş, suyun kənara axmaması üçün ətrafını bağlamağa çalışmışdır. Həzrət Peyğəmbərimiz: “Allah İsmailin anasına rəhmət eləsin! Əgər suyun qabağını kəsməsəydi, zəmzəm şırhaşır axıb gedən çay olacaqdı” buyurmuşdur (Buxari, Ənbiya, 9).
Zəmzəm quyusu Məkkədə həyatın başlamasına, digər insanların buraya gəlməsimə səbəb olmuşdu. Yəməndən Suriyaya gedib-gələn karvanlar bu su quyusunun varlığını öyrənmişdilər. Əslən Yəməndən olan Cürhüm qəbiləsinə aid bir kavran Məkkə yaxınlığında dayanıb dincələndə quşların uzaqda bir yerdə dövrə vurduğunu görmüşdülər. Bu, orada suyun olacağına dəlalət edirdi. Beləcə də onlar burada suyun olduğunu öyrənmiş və Məkkədə yerləşməyə qərar vermişdilər. Həcər anamız zəmzəm quyusundan istifadə etməkdən başqa hər hansı haqq iddia etməmələri şərtilə onların Məkkəyə yerləşmələrinə icazə verdi (Buxari, Ənbiya, 9). Məkkədə insanların yaşamasına əsas zəmin hazırlayan səbəb burada suyun, Zəmzəm quyusunun varlığı olmuşdur. Zəmzəm quyusu, Həzrət İbrahim və oğlu İsmail tərəfindən inşa edilən Kəbə ilə bütünləşərək Məscidi-Haramın müqəddəs sayılan məkanlardan biri halına gəlmişdir.
Zəmzəm quyusundan çıxan və ehtiyacdan artıq qalan su xüsusi borularla yer altından 4 km uzaqlıqdakı tamamilə avtomatik işləyən zavoda göndərilir. Burada zəmzəm suyu yenidən zəvvarlara paylanılması üçün insan əli dəymədən qablaşdırılır.
 
Qeyd: Yazının hazırlanmasında aşağıdakı mənbələrdən istifadə edilmişdir:
https://islamansiklopedisi.org.tr/kabe
https://islamansiklopedisi.org.tr/kible
https://islamansiklopedisi.org.tr/mescid-i-haram
https://islamansiklopedisi.org.tr/mekke
https://islamansiklopedisi.org.tr/hac
https://islamansiklopedisi.org.tr/tavaf
https://islamansiklopedisi.org.tr/hacerulesved
https://islamansiklopedisi.org.tr/zemzem
https://islamansiklopedisi.org.tr/fil-vakasi
https://www.youtube.com/watch?v=JY1ECpu72pk&t=1384s

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top